Akasiya ağacı
Azər Əliyev tərəfindən "Hekayə" bolməsinə 22:05 26 iyun 2014 tarixində əlavə olunmuşdur

Şəhərin kənarında həşəmətli, yüksək bir bina vardı. Şəhərə girəcəkdə elə o andaca gözünüzə sataşan bu bina uşaq xəstəxanasıdır. Xəstəxanada bir neçə uşaq yatırdı. Balaca Friss də qışın ortasında xəstələnən zaman bu xəstəxanaya gətirilmişdi. Burada onun üçün bir çarpayı ayrılmışdı. Balaca Friss`ə gülərüz, sarışın saçlı bir tibb bacısı baxırdı.

Aylar keçdi... Bir gün Friss tibb bacısından canı sıxılırmış kimi soruşdu:

-  Berta xanım, neçə aydan bəridir ki, burda yatıram. Bəs nə vaxt yaxşı olacağam?

Tibb bacısı yarpaqları tökülən, çılpaq və quru budaqları bağın hasarına doğru uzanan bir akasiya ağacını göstərərək:

-  Əziz, sevimli Friss, bax bu akasiya ağacı təzədən yaşıl yarpaqladığı zaman sən də yaxşı olacaqsan.

O gündən sonra Friss elə hey akasiya ağacına baxır, ağacın yarpaqlayacağı günü həsrətlə gözləyirdi.

Qış keçdi... Tibb bacısı Berta başqa bir xəstəxanaya təyin olundu. Friss`ə də Berta`nın yerinə gələn başqa bir tibb bacısı baxmalı oldu.

İlk bahar gəldi, həm də bütün gözəlliyi ilə gəldi... Hər yan gül-çiçəklə bəzəndi. Tək bir akasiya ağacı çiçəkləmədən və yarpaqlamadan, eləcə qupquru qalmışdı.

Friss dərindən bir nəfəs alaraq inildədi:

-  Ah... Əziz tibb bacısı Mariya... Akasiya ağacı açmayacaqmı?

Mariya`nın gözləri akasiya ağacına sataşdı. Akasiyanın hər il başqa ağaclardan sonra, qışa yaxın çiçək açacağını bilmirdi. Buna görə də kədər dolu bir səslə cavab verdi:

-  Akasiya, bəlkə də, quruyubdur... Heç, yəqin ki, çiçək də açmayacaq...

Balaca Friss`in canını qorxu sarıdı:

-  Elə olsa, heç mən də yaxşı olmayacağam. Öləcəyəm, bəlkə də...

Zavallı uşağın gözləri yaşla doldu. Özünü saxlaya bilmədi. Yatağında bir xeyli ağladı... Kürəyini pəncərəyə çevirdi. İndi artıq ağaca heç baxmaq istəmirdi. Deməli, öləcəkdi...

Tibb bacısı Mariya isə Friss`in bu hərəkətindən heç bir məna çıxara bilməmişdi. Xəstəxananın həkiminə olanları danışandan sonra:

-  Friss`in gözlərində nəsə var... Pəncərədən üz çevirir və çölə baxmaq istəmir.

Həkim belə bir məsləhət verdi:

-  Yaxşı, elə isə gün işığı onu narahat eləməsin deyə pəncərənin qabağına bir pərdə tutaq.

Beləcə, Friss`lə pəncərə arasına pərdəyə bənzər bir örtük çəkdilər. İndi artıq Friss nə bağ-bağçanı, nə akasiya ağacını, nə də pəncərəni görürdü.

Bu minvalla həftələr gəldi-keçdi... Qışda xəstə olduqlarından xəstəxanaya gətirilən uşaqların, demək olar ki, hamısı yaxşılaşıb çıxmışdı. Friss`sə hələ də yatırdı.

Gecələr də için-için ağlayırdı.

Bir gün tibb bacısı Friss`dən soruşdu:

-  Ayağa qalxıb, heç olmasa, bir az gəzib dolaşmaq istəyirsənmi?

-  Xeyir, xeyir, - deyə Friss qorxu içində cavab verdi. Buna gücüm çatmaz, ölməkdən qorxuram.

Həkim günlərin bir günü səhər tibb bacısına dedi:

-  Friss`in yaxşılaşmamağının səbəbini heç cür başa düşə bilmirəm. Uşağı pəncərənin qabağına gətir. Onu bir də diqqətlə müayinə edəcəyəm.

Friss isə pəncərənin qabağına yaxınlaşmaq istəmir, qurumuş ağacı görməkdən qorxurdu. Tibb bacısı güc bəla ilə onu qolları arasına aldı, onu pəncərənin qabağına gətirdi. Friss gözlərini möhkəm-möhkəm yummuşdu.

Həkim:

-  Aç, aç gözlərini, - deyə israr edəndən sonra Friss məcbur olub gözlərini açdı. Qorxu dolu baxışları akasiya ağacına doğru yönəldi. Akasiya çiçəklərin içində itmiş, yamyaşıl yarpaqlar açmışdı. Gün işığında xəfif-xəfif sağa-sola əyilir, onun qol-budaqları arasından mavi göy üzü görsənirdi.

Friss sevinclə bağırdı:

-  Akasiya çiçək açıbdır! Mən də artıq yaxşılaşdım. Tibb bacısı Berta mənə belə söyləmişdi.

Tibb bacısı ilə həkim çaşqın çaşqın bir-birilərinə baxırdılar. Uşağın dediklərindən və coşğun sevinc içində olmağından bir şey başa düşməmişdilər. Friss isə pəncərədən ayrıla bilmir, sanki, akasiya ağacına tamaşa etməkdən doymurdu.

Bu hadisədən cəmi bir-iki gün keçmişdi. Friss də əməlli-başlı sağalmışdı. İndi o, artıq dostları ilə akasiya ağacının altında deyə-gülə oynayırdı. 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
8+19=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0334 saniye