Aksessuarlarını satan gənc qadın
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:49 01 yanvar 2016 tarixində əlavə olunmuşdur

Çoxdan oyanmışdı. Nəmli gözlərini tavana zilləyərək sanki nəyisə gözləyirdi. Dodaqlarını sıxıb artıq-əskik söz deməməkdən ötrü özünü tuturdu. Anidən yorğanını başına çəkərək içində saxladıqlarını buraxmağa başladı.

Ovuclarına su doldurub üzünə çırpdıqdan sonra aynaya baxdı. Çox arıqlamışdı. Halbuki buna layiq deyildi. Bu qədər dəyişilmək ona yaraşmırdı. Gözlərindəki həyat eşqi sönmüşdü.

Soyuducunu açdı və dərhal da örtdü. Yumruqlarını sıxaraq özünə nəzarəti təmin etməyə çalışdı, amma cəhdləri puça çıxdı. Bütün varlığı titrəməkdə idi. Gücü tükənməkdə idi. Və gözlənilən baş verdi: Çökdü. Əlləri ilə üzünü örtdü. Səssizcə ağlayırdı. Çiyinləri qalxıb düşürdü.

Divanda əyləşib isti çayından qurtumlayırdı. Gözləri tez-tez jurnal masasına kilidlənirdi. Növbəti qızılını satacaqdı. Həyat yoldaşı xəstələndiyindən bəri yavaş-yavaş qiymətli aksessuarlarını satmağa başlamışdı. Gəlirli işi vardı, amma ərə getməklə işindən vaz keçmək məcburiyyətində qaldı.

5 il boyunca ər-arvadı rahat buraxmadılar. Tez-tez “uşaq” barədə söz açırdılar. Onsuz da dörd divar gənc qadını yetərincə sıxırdı, üstəgəl bu söz-söhbət onu az qala havalandırırdı. Amma hər şeyi içinə atıb susurdu. Əri onu sevirdi, tez-tez bahalı hədiyyələr alırdı.

Anası nəvə görmədən dünyadan köçdü...

Ailəyə “göz dəydi.”

Nadir hallarda xəstələnən həyat yoldaşı günlərlə xəstəxanada yatmağa məcbur oldu. Bəla gəlincə bir-birinin ardınca gələr. Gənc qadın ərinin olan-qalan pullarını xərclədi, xərçəngin müalicəsi üçün xaricə göndərilməsi lazım gəldiyində artıq utana-utana, sıxıla-sıxıla maliyyə yardımı edə biləcək kəslərlə əlaqə qurmağa başladı. Yuxusuz gecələri, iştahsız günləri onu çökdürməyə qərarlı idi.

Və son qərarı 5 il müddətində ərinin ona almış olduğu hədiyyələri satışa çıxarması oldu. Artıq 15-ə yaxını satılmışdı...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+30=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.028 saniye