Aleksandra Kavelius-Leyla
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 21:47 29 yanvar 2016 tarixində əlavə olunmuşdur

Bu kitabın qapağını açmadan öncə cəhənnəmə açılan bir qapının astanasında dayandığınızı bilməlisiniz.

Müharibə və qadın...

Müharibə ərəfəsində kim kimlərdəndir, kimlər kimlərlə müharibə aparır, müharibənin hansı mərhələsindədirlər..? Çünki əsərdə xorvatlar serblərlə, xorvatlar bosniyalı müsəlmanlarla, serblər bosniyalı müsəlmanlarla müharibə aparır. Serb əsgərləri var, serb polisləri var, bosniyalı müsəlman olub xorvatlara qatılanlar var, bosniyalı müsəlman olub serb əsgərlərə və ya polislərə qatılanlar var. Hər kəs hər kəsə qarşı müharibə şəraitindədir.

“Leyla” 16 yaşında ikən müharibənin içinə düşmüş bosniyalı gənc qızın kabuslarla dolu həyatından bəhs edir. Gəncliyinin baharında Leylanın gördüyü işgəncələr, uğradığı təcavüzlər yaxın tarixdə Balkan yarımadasında nələrin olub bitdiyini çılpaqcasına nümayiş etdirən əsərdir.

Leyla müharibənin ən utancverici insanlıq dramını yaşamışdı. Çox acılar çəkmişdi və bu acılar onun insanlıqdan çıxmasına səbəb olmuşdu, fiziki və ruhi şiddətə məruz qalmışdı. Amma bunları yaşayarkən həyatdan əlini üzməmiş, həyat uğrunda mübarizə aparmışdı.

Oxucu kimi, daha doğrusu, səhifələr arasındakı müharibə şahidi kimi insanlığın necə vəhşiləşməsini izlədim. Qarşındakının insan olduğunu unutmaq əslində bütün müharibələrdə “normal” sayılır...

1992-1995-ci illər arasında Balkan müharibəsi gedişatında 16 mini uşaq olmaqla 250 min adam öldü, öldürüldü. 20 ilə 60 min arasındakı qadın və gənc kişi cinsi istismara və sistematik təcavüzlərə məruz qaldı.

Qadınlar işğalın gerçəkləşdiyi anda təcavüzə uğramağa başladılar. Sırf bu məqsədlə qurulmuş düşərgələrdə və ya təşkil edilmiş evlərdə həftələrlə, aylarla, bəzən illərlə davam edən toplu təcavüzlə ölümün astanasında idilər. Əlavə olaraq, xalqa açıq meydanlarda, xüsusilə şahidlər önündə həyata keçirilən təcavüzlər də vardı. Bəzi hallarda videoya alınaraq pornoqrafiya bazarına təqdim edilirdi.

Təcavüzləri dünya ictimaiyyətinə ilk dəfə Robert Fisk təqdim etdi. 8 fevral 1993-cü ildə “The Independent” qəzetində “Bosnia war crimes: 'The rapes went on day and night'” (Bosniya müharibə cinayətləri: Təcavüzlər gecə və gündüz davam etdi) başlıqlı məqaləsində Kalinovik düşərgəsində qalmış qadınların bir-birindən sarsıdıcı reportajları yer almışdı. Deyilənlərə baxıldıqda düşərgələrdə ağlasığmaz vəhşiliklər sərgilənmişdi. Bu qadınlardan bəziləri təcavüzə dirəndiyi üçün öldürülmüş, bəziləri döşləri və ya cinsi orqanları kəsilərək şikəst qalmış, bəzilərinin uşaqlarına və ya yaxınlarına zərər verilərək cəzalandırılmışdılar. Amma hər biri ailələri ilə birgə ömür boyu sürəcək utanca, əzaba məhkum edilmişdilər.

Təcavüzlərin bu qədər yayğın olmasını Yuqoslaviyada digər Avropa və Şərq Bloku ölkələrinə görə yayğın və köklü pornoqrafiya alışqanlığı ilə açıqlayanlar olmuşdu, amma təcavüz ən həfifindən”o biri”, ən ağırından “düşmən” olaraq kodlanan qrupun soyunu qurutmaq üçün davamlı istifadə edilmiş silahdır. Bosniya timsalında çetniklər bosniyalı və xorvat qadınlara təcavüz edərkən onları serb sperması ilə hamilə buraxmağı hədəfləyərək “serb” uşaqlarını dünyaya gətirmələri üçün onları məcbur edərək bu cinayətə “soyqırım” ölçüsü əlavə etdilər...

Kitaba qayıdaq...

“Leyla” 16 yaşlı gənc məsum qızın müharibə ərəfəsində başına gələn qandondurucu həyat hekayəsidir.

Leyla ailəsi ilə birlikdə kiçik qəsəbədə yaşayır. Hər gənc qız kimi xəyalları var. Oxumaq arzusundadır. Bundan ötrü ailəsindən ayrılaraq nənə-babasının yaşadığı şəhərə köçür. Bu şəhərdə gözəl günlər keçirərkən anasından, bacı-qardaşından, onlara doğma atadan daha yaxşı davranan xorvat ögey atasından ötrü darıxır.

Başqa şəhərdə yaşayan xalasının yanına 2 günlük gedişi, orada ikən müharibənin başlanması, yolların bağlanması, ailəsinə geri qayıda bilməməsi ilə Leylanın qeyri-insani məcarəsi başlanır. Gözlənilmədən xəyanətə uğrayır və serblərin əlinə düşür. Bu andan etibarən dəhşət dolu həyat- düşərgə, təcavüzlər, əziyyətlər, fahişəxana, siqaret qarşılığında satılması Leylanı təqib edir...

Oxuyarkən müharibə vaxtı Azərbaycanın əsir düşmüş, müxtəlif işgəncələr görmüş qız-gəlinlər haqqında düşünürdüm. Leylanın timsalında gözümün qabağına onlar gəlirdi.

Müharibəni əksər hallarda kişilər anladıb: filmlər çəkilib, əsərlər yazılıb. Amma qadınları daha çox dinləmək lazımdır.

Əsər tələsik, başdansovdu yazılıb. Amma yazılanların gerçək olması bu qüsuru azaldır.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+10=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0245 saniye