Hissin ən alisi
ən güclü anında belə
təmənnasız sevə bilməkdir özgəni
Sevginin ən alisi
tənhalığın iki nəfərlik halıdır
Məqamın ən alisi
iki sükut arasına sığa biləcək andır
iki tənhanın sükutda susqun baxışlarıyla
bir-birinə zillənməsidir ən dərin duyğu
Lakin... Yenə də,
hüzündür dünyanın insana ilk yaşatdığı,
çünki, öz ağlama səsidir körpənin ilk duyduğu...
* * *
Duyğu və hisslərinin müharibəsidir şair...
Şairin ən dayanıqlısı
xoşbəxtlik axtarışında hissə qapılmayanı,
xoşbəxtliyinsə əsli heç vaxt tapılmayanıdır...
Axtarış deyil, olmayanı tapmamağa dirənməkdir mənimki
Bütün “vacib” şeyləri
gözardı etdiyimə və hərdəmxəyallığıma görə
danlayardın məni yəqin ki...
Bir xeyri varmı ki görəsən bunun?!
İçimdəki şair oyanandan
Hər şey mənim üçün təsirsiz olub,
səndən danlaq almaq da məni incitmir inan
Bilirəm ki, uzaqbaşı,
sən məyus olacaqsan,
mənsə şeir yazacağam...
Könlünü almağın da bir yolunu tapacağam..
Yetər ki,
ali qalsın bu hisslər,
ali qalsın duyğular...