Allahsızlar və ümidsizlər
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 17:17 01 may 2015 tarixində əlavə olunmuşdur

Allahsızlar və ümidsizlər

 

Bir dəstə kişi hasar dibinə qısılmış, sürətlə şütüyən maşınları seyr edirdilər. Yola daha yaxın dayanan yoldaşları isə burdan onlara  əl edir, dayandırmağa çalışır, dayanmadıqda yorğun və ümidsiz baxışlarla növbəti maşını gözləyirdilər. Biri dayanan kimi, güclü səs-küy qopurdu. Hamısı dayanan maşına birinci çatmaq üçün amansızcasına itələşirdi. Üzlərində yarımcan təbəssüm və saxta əminliklə işçi axataran insanı inandırmağa çalışırdılar ki, ona lazım olan bütün ağır işləri görə bilərlər.

    “Qul bazarının” yazılmamış qanunları vardı. Xozeyin ilk söhbətə başladığı fəhlə ilə razılaşmayana kimi, kənardakılar gözləməliydi. Daha ucuz qiymət təklif etmək olmazdı. Əgər razılaşmasalar o, zaman sən həmin işə daha ucuza gedə bilərdin. Ancaq iş yerinə çatanacan qiymətdə razılaşmaq olmazdı. Yoxsa bazarlıq edə bilməzsan.

   Burada cürbəcür insan vardı. Yüngül işi baha qiymətə  görən dostuna paxıllıq edənlər, bir yerdə işlədiyi yoldaşını cəmi bir neçə manata görə aldadanlar, işə gedib sonra isə bacarmaram deyərək geri qayıtmaq adı ilə aldıqları 2 manatı arağa verib divar küncündə gecələyənlər, Bakıda iş tapmaq  ümidi ilə evlərini tərk etmiş sərbəstlik sevdalısı olan kənd uşaqları, əli hər yerdən üzülmüş böyük ailəsi olan atalar, keçmişi bilinən və bilinməyən hər cür insan.

İlqar isə bura necə gəlib düşdüyünü hələ də anlamırdı. Axı bir neçə ay bundan  əvvələ kimi rayonlarında neft - qazma işləri aparan şirkətdə yaxşı işi vardı. Niyə hər şey bir günün içində alt-üst oldu? Çətinliklə tapdığı işini itirdi.  Onsuz da rayonda iş tapmaq müşkül idi. Hansı qapını döydüsə böhrandır deyib onu sonunacan dinləmədilər belə. Bir insanın daxili böhranından böyük böhran ola bilməzdi. Düşdüyü imkansızlıqdan yaxa qurtarmaq, yenicə universitetə qəbul olmuş qızı Leylanın təhsil haqqını və xərclərini ödəyə bilməsi üçün işləməli idi. Dərslər başlayan kimi, ailəsini də götürüb Bakıya köçməli oldu. Şəhər kənarında ucuz qiymətə kirayə ev tapsa da iş sarıdan bəxti gətirmirdi. Tanıdığı bir neçə nəfərə iş üçün ağız açdı.  Ancaq “Qardaş narahat olma, mütləq maraqlanacam. Sənə uyğun nəsə bir iş olsa xəbər edərəm” kimi saxta vədlərdən başqa bir şey eşitmədi. Vaxt az idi. Qış imtahanlarına kimi hər nə olursa olsun  pulu düzəltməli idi. Əks halda nə baş verəcəyini düşünməkdən belə qorxurdu.

  “Qul bazarı” işsiz insanların sonuncu ümid yeri idi. İşləmək üçün sizdən sənəd-sünəd, iş təcrübəsi, xarici dil, kompüter bacarığı tələb edilmirdi. Təklif etdiyiniz işi nə qədər yaxşı bacardığınızı da yoxlamırdılar. Bazara çıxanların çoxu zəhmətlərini, yalanlarını və həqiqətlərini satırdı.

    Səhərlər bu yoldan elə də çox maşın keçməzdi. Sübh tezdən gələnlər “daş bazar”ından çıxan iri yük maşınlarının onları götürəcəyini gözləyirdilər. Erkən gələnlər bəxtləri gətirsə gün ərzində iki dəfə iş tapa bilərdi. Əgər səhər daş boşaltmağa gedib günortayacan işini qurtarsan, sonra qayıdıb daha yüngül başqa işə gedə bilərdin. Burda heç bir iş bacarmayan və ancaq ağır fiziki işlərə gedənlər fəhlə, tikintidə azca iş təcrübəsi və ya hansısa aləti, avadanlığı olanlara isə usta deyirdilər.

  Noyabrın əvvəli çox soyuq keçirdi. Dayandıqları yerdən bir neçə metr aralıda əllərini cibinə salmış, hündür boylu cavan bir oğlan dayanmışdı. Üst-başından səliqəli adama oxşayırdı. Ancaq  belə soyuqda idman gödəkçəsi geydiyi üçün bərk üşüyürdü. Kənardakılara soyuqdan əsdiyini  hiss etdirməməyə çalışır, özünü tox tuturdu. Sanki kimisə gözləyirdi və bir an olsun belə gözünü yoldan çəkmirdi.

  “Qaradş deyən təzəsən? Burda birinci dəfədir görürəm. Amma əynini yaman nazik eləmisən. Özünü soyuğa verəcəksən. Keç dayan uşaqların yanında” deyib əli ilə hasar dibində daldalanan fəhlələri göstərdi.

  Cavan oğlan İlqara təəccüblə baxıb “Hər şey yaxşıdır, üşümürəm.” deyəndə belə səsi soyuqdan titrəyirdi.

     İlqar bir addım da yaxınlaşdı. "Əvvəllər nə iş görürdün? Niyə çəkilib kənarda durmusan? Özünü sıxma heç kəs bura kefindən gəlməyib. Hamımız evimizə üç-beş manat aparmaq üçün burdayıq. Amma bu vaxt buralarda iş az olur. Daş atmağa getmək istəsən bir yerdə gedə bilərik.

    Cavan oğlan gözünü yoldan çəkib İlqara sarı çevrildi. Mülayim bir səslə “Yox əmi, maşın gözləyirəm”.

-        Hə bildim. Qabaqcadan danışıbsan? İlqar düşündü ki, yəqin ustadır xozeyini gözləyir. "Nə işi görürsən ki, sənə fəhlə lazım deyil?"

-        Yox, iş üçün dayanmamışam. Burdan bir az irəlidə maşınım xarab oldu. Taksi gözləyirəm.

-       Bu vaxt buralarda taksi olmaz. Ay oğul sətəlcəm olacaqsan Vallah. Gör necə titrədirsən, özün də göm-göy göyərmisən. Gəl maşın tapana kimi bunu at çiyninə. Bu havada evdən belə geyimdə çıxmazlar.

-       Yox, yox əziyyət çəkməyin. Yaxşıdır. İndi bir taksi tapıb gedərəm.

İlqar onun sözlərinə məhəl qoymadan əynindəki sırıqlını çıxarıb oğlanın çiyinlərinə atdı. Özü isə hasar dibinə qoyduğu sellofan paketin içindən iş üçün götürdüyü köhnə əsgər gödəkçəsini geydi.

- Termosda çay var. İstəyirsən sənə çay süzüm?

- “İçmirəm çox sağ olun. Mən sizə lap əziyyət verdim” deyə cavan oğlan gözləri ilə təşəkkürünü bildirdi.

- Heç bir əziyyəti yoxdur. Neynədim ki, guya?

Bundan sonra hər ikisi bir müddət sussa da. Cavan oğlanın sualı sükutu pozdu.

- Əmi çoxdan çıxırsız bura? Barı əziyyətinizə görə bir şey qazana bilirsiz?

   Sözün düzü 2 ay olar gəlirəm. Özümüz rayon adamıyıq. Balalarından görəsən böyük qızım bu il universitetə girib. Əvvəllər rayonda “GT Oil” şirkətində mühəndis-elektrik işləmişəm. Allah böhran çıxardanın belini qırsın. Adam kimi evimizin içində oturub dolanırdıq. Bir günün içində Bakıdan bir siyahı göndərdilər ki, adlarının üstündən xətt çəkilmiş adamları çıxardın getsin. Bizimlə bağlanmış müqavilələri də cırıb atdılar. Biz də düşdük çöllərə. Uşağın universiteti olmasaydı gəlməzdim. Qapımızda yarı ac, yarı tox dolanardıq. Elə ona görə, səhərlər gəlirəm ki, qışa kimi pulu düzəldə bilim.

   -Bəs niyə gedib adınızın üstündən xətt çəkənlərdən bunun səbəbini soruşmadınız, haqqınızı tələb etmədiniz? Niyə belə tez barışdınız ədalətsizliklə?

- Kim deyir ki, getmədik? Getdik. Elə səhərisi gün gəldik Bakıdakı baş ofisə. Tələb elədik ki, şirkət rəhbəri bizi qəbul etsin. Bir az hay - küy salandan sonra dedilər ki, keçin gözləyin gəlir. Şəxsən sizi qəbul edəcək. Bizi apardılar dəbdəbəli bir kabinetə. Xeyli vaxt gözlədik, amma gəlib çıxmadı. Yalandan - doğrudan dedilər ki, təcili işi çıxıb xaricdədir. Sonra şirkətin başqa vəzifəli adamları bizimlə görüşüb dedilər ki, gedin hara şikayət edirsiz-edin. O, qədər işçi saxlamağa pulumuz yoxdur. Bala heç kim başqasının ağrısını hiss etməyənə kimi, onun nələr çəkdiyini anlaya bilməz. İndi Allahsızlar,  vecsizlər, şərəfsizlər çoxalıb. Kasıbın, yetimin haqqını yeyənlərin qorxacağı heç nə yoxdur. Əşi nə isə, nə başını ağrıdım əl-qərəz gəldik çıxdıq buralara.

- Düz deyirsən əmi vecsizdilər, Allahdan qorxuları yoxdur elə imansızların. Amma nə qədər ki, biz haqsızın qarşısında susacıq belə şərəfsizlər bizə daha çox güc gələcək. Siz belə tez təslim olmamamlıydız. Gərək ki, sonuna kimi haqqınızı tələb edərdiniz. Cavan oğlan bir qədər nəfəsini dərib "Ehh nə isə. Keçənə də güzəşt deyərlər. Ürəyini sıxma heç nəyə görə. Hər işdə bir xeyir var. Ruhdan düşəndə fikirləş ki, bundan da pis ola bilərdi".

-Bundan da pis? Bundan pis daha nə olasıdı ki? Nə yediyimiz, nə içdiyimiz bilinir. Uşağın məktəbi bir tərəfdən, evin kirayəsi bir tərəfdən. Birimiz yıxılıb ölsək meyitimiz ortalıqda qalasıdır.

- Bu qədər ümidsiz olma əmi. Bax varlı-hallı adamlar tanıyıram ki, gözünün ağı-qarası bir oğlunun sağalması üçün hər şeyindən keçməyə hazırdır, amma biçarədir. Varı-dövləti, pul-parası gözünün qabağında saralıb-solan körpəsini xilas eləməyə yetmir. O, qədər dərdi olan varlı - hallı insanlar var. Adlarının üstündən elə bir qalın qara xətt çəkilib ki,  gözlərinə nə var görünür, nə hal. Bir də ki, insanın başqa birisinin adının üstündən xətt çəkməsi o, qədər də qorxulu deyil. Əsas odur Tanrı adımızın üstündən xətt çəkməsin. Fikirləşmə ki, sənə quru-boş təsəlli verirəm. Bax gör, sənin üçün əziz olan insanlar Allaha çox şükür sağ - salamatdılar. Həyata tutuna bilməniz üçün görün nə qədər səbəbləriniz var.     

    Onlara doğru gələn taksiyə əl elədi.

Gödəkçəni  çıxardı və gülümsünərək bir az yüksək səslə “Qızının təhsilini isə çox dərd eləmə. Mənim anam heç 8-ci sinfi də bitirməyib. Amma 5 uşaq böyüdüb. Guya universitet oxuyub bu dünyanı düzəldəsi deyildi ki. Qız uşağıdır. Allah bəxtini gözəl eləsin. Sağlıqla qalın!” deyib gödəkçəni İlqara sarı uzadıb, əlini sıxdı.

   Bir müddət sonra yolun toz-torpağını bir-birinə qatan daş aparan yük maşınları gəlməyə başladı. Fəhlələr evlərindən götürdükləri yemək qablarını və paltarlarını götürüb hərəsi bir maşına tərəf qaçışırdı.

   Dekabrın son günləri idi. Havalar soyuyandan bayır işləri lap azalmışdı. Həm də gündüzlər qısa idi. Bəzən iki gündən bir iş olardı, ya olmazdı. Kirayə qaldıqları 2 otağın ancaq birini isidə bilirdilər. Köhnə qaz sobasının üstündəki çaydanın  lüləsindən düşən su damcısı anidən buxarlanıb yox olurdu. Buna kənardan tamaşa edən Leylanın su damcısına yazığı gəlir, buxaralandığı üçün məyus olurdu. Axı niyə su damcısı öz qabını tərk edəndən sonra təkbaşına öz varlığını davam etdirə bilmirdi? Bəlkə də buxarlanmaqla yox olmurdu, başqa yerdə və başqa bir formada mövcud olacaqdı. Gözəgörünməz olması hələ yox olması demək deyildi. Görəsən insandamı su damcısı kimidir? Atasının anası  ilə söhbəti fikirlərini dağıtdı.    

"Xədicə bu gün bir-iki banka getdim.  Hamısı şəhər qeydiyyatı və iş yerindən arayış istəyir. Hələ bir nəfər zamin və onun üçün də iş  yerindən arayış. Belə görürəm ki, bankdan pul götürə bilməyəcik. Axırı sən deyəni eləməyə məcburuq. Başqa yolumuz yoxdur.

Xədicə "Balama qurban olsun. Guya neynirəm ki, onları büküb atmışam bir tərəfə. Elə yaxşı oldu bir-gün ya it-bat olacaq, ya da oğurlanacaq" deyib İlqara təskinlik verdi.

- O zaman sabah işə getmərəm. Elə bir yerdə gedərik. Yəqin ki, bizə lazım olandan az verməzlər. Birinci gün də aparıb keçirdərik.

Univermağın aşağı mərtəbəsində sıra ilə düzülmüş qızıl satılan şüşə örtüklü piştaxtalar bərq vururdu. Xədicənin nişan üzüyü, anasından qalmış boyunbağısı və İlqarın ona aldığı xırda-para bir-iki qızıl əşyası vardı. Yaxınlaşdıqları birinci piştaxtanın arxasında dayanmış orta yaşlarında rəngli-boyalı xanım süni bir təbəssümlə dedi: "Buyurn. Sizə necə kömək edə bilərəm?

-İlqar çəkinə-çəkinə: "Siz əldən qızıl alırsız?"

-Bəli alırıq. Baxa bilərəm onlara?

Xədicə içərisində qızıllar olan əl yaylığını açıb şüşənin üstünə qoydu. Satıcı xanım isə bir az aralıda başqa bir nəfərlə söhbət edən ağ saçlı, bəstəboy kişini səslədi -"Etibar müəllim. Bir dəqiqə zəhmət çəkin." Kişi yaxınlaşanda qızılları göstərib: " Bu yoldaşlar bunları satır". Kişi qızılları könülsüzcə götürüb cibindən çıxardığı kiçik lupa ilə tək - tək hamısına baxdıqdan sora soruşdu: "Hamısını şatırsız?"

- Bəli.

- Bilirsiniz də qızıl da ucuzlaşıb. Lom kimi alırıq. Yəni qoyuruq tərəziyə neçə qram gəlsə qramına görə pulunu veririk. Allah eləsin ki, bundan sonra həmişə alasınız. Satsanız da xeyir iş üçün satasız.

- Çox sağ olun. Siz nə qədər verirsiz?

Qızıl alverçisi əlindəki qızılları kiçik elektron tərəziyə qoyub şüşənin üstündəki kalkulyatorla hesablayandan sonra:

- Hamısına 1500 verərəm.

- Bizə 2 min lazımdır. 1500 bizim yaramızı sağaltmır.

- "Bax qardaş son qiyməti deyəcəm. 1700-dən bir qəpik artıq verəsi deyiləm. O da bir şərtlə ki, indi alasaz.  Yox əgər burdan ayrılıb başqa mağazalara göstərsəniz, istədiyiniz pulu verən olmasa bura qayıdanda 1600-dən artıq verməyəcəm" deyib  kənardan ona baxan başqa satıcılara gözü ilə işarə vurdu.

Qızılları bir neçə dükana göstərsələr də hamısı daha az qiymət təklif elədiyi üçün əvvəlki yerə qayıtmalı oldular. Satıcı xanım onları növbəti dəfə öz çirkin təbəssümü ilə qarşıladı. Bəstəboy kişi isə özündən əmin səslə: "Mən insafsız adam deyiləm. Sizə ən yaxşı qiyməti dedim mənə inanmadız. Amma daha ağzımdan söz çıxıb. Kəsmirəm pulunuzu istəyirsinizsə 1700-dən götürərəm"

İlqar dillənmədi. Sadəcə başını tərpətməklə razılığını bildirdi.

- O, zaman sənədinizin surətini çıxarıb bu xanıma verəndən sonra pulunuzu alın. Xeyrini görəsiz!

Bazar ertəsi  günorta Leylanı da götürüb təhsil haqqını ödəyəcəkləri bank filialına getdilər. Mindikləri avtobusda az qala hamı bir-birinin üstünə çıxırdı. Bir əli ilə qızından tutmuşdu. O, birisi əlini isə, gödəkcəsinin iç cibinin üstündən çəkmirdi.

Şüşələri yeni ilə aid rəngbərəng şəkillərlə bəzədilmişdi bank filialında nahar fasiləsi başa çatmışdı. Hər kəs oturub növbəsini gözləyirdi. İlqarla Leyla növbələri çatan kimi yerlərindən qalxıb əməliyyatçının qarşısındakı stullarda oturdular.

 - Buyurun eşidirəm sizi.

 -Təhsil haqqını ödəyəcik.

 - Hesab nömrəsini və şəxsiyyətinizi təsdiq edən sənədinizi təqdim edin  zəhmət olmasa.

Atası Leylaya sarı çevriləndə qızı hesab nömrəsi olan kağızı və sənədini ona doğru uzatdı.

- Buyurun.

- Əməliyyatçı hesab nömrəsini yoxladı. Bir anlıq üzünün ifadəsi dəyişdi və təkrar yoxlayandan sonra. Axı bu hesaba.... Bir dəqiqə gözləyin gəlirəm deyib çıxdı. Arxasındakı qapıdan dəhlizə keçdi və bir neçə dəqiqə sonra 45-50 yaşlarında bir kişi ilə qayıtdı. Həmin adam heç nə demədən əməliyyatçı xanımın yerində əyləşib qarşısındakı kompüterdə hesab nömrəsini təkrar yoxladıqdan sonra:

-Bu hesab üzrə təhsil haqqı ödənilib.

-İlqar təəccüblü baxışları ilə "Diqqətlə baxın. Səhv edirsiz."

Filial müdiri: "Kazımova Leyla İlqar qızı?"

- Bəli.

- Bakı Dövlət Universiteti. Birinci kurs?

- Bəli.

- Sizin hesabınıza özəl banklarının birinə aid hesabdan qabaqcadan və birdəfəlik olmaqla 4 illik təhsil haqqı ödənilib.

- İlqar titrək bir səslə.  Axı kim ödəyib? Hansı bank? Niyə?

- Təəssüf ki, kommersiya sirri olduğu üçün sizə bundan  başqa məlumat verə bilmərəm. Başqa sualınız yoxdursa icazə verin xanım digər müştərilərlə maraqlansın.

Onlar bankdan çıxandan sonra əməliyyatçı xanım filial müdirinə qəribə nəzərlərlə baxıb:  "Mən heç nə anlamadım. Nə baş verir?". Soruşdu.

Müdir isə əməliyyatçı xanıma çevrilib təbəssümlə çox bilsən tez qocalarsan deyib otağına qayıtdı.

 Ata və qızı yaxınlıqdakı parkda oturdular. Leyla yarım saata yaxındır ki, bir kəlmə belə kəsməyən və onun suallarını cavabsız qoyan atasının susqunluğundan qorxmağa başlamışdı. Soyuq və qorxu dolu gözləri bir nöqtəyə zillənmiş atası sanki onun yanında deyildi.

İlqarın xəyalı 5 ay əvvəl onları gözlədib gəlməyən bir vecsizin dəbdəbəli kabinetində, iş masasının üzərində çərçivəyə salınmış kiçik oğlan uşağının rəsminə tamaşa edirdi. Sanki həmin kabinetdə zaman dayanmışdı. Onu hərəkətə gətirmək üçün sadəcə bir söz söyləmək lazım idi O, isə bu susqunluğu pozmağa, gözlərinin içinə baxan qızının yanında ağlamağa qorxurdu.

 

Əli Məhərrəmli

01.05.2015


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0209 saniye