Altıncı mərtəbə
meyxoş abdullah tərəfindən "Hekayə" bolməsinə 17:38 12 noyabr 2018 tarixində əlavə olunmuşdur

                                        Altıncı mərtəbə...  

                

       ... İki il olardı həyat yoldaşım dünyasını dəyişmişdi. O rəhmətə gedən ili oglumuz Səlim yeddi yaşındaydı, birinci sinifdə oxuyurdu. Anasının ölümü uşağa pis təsir etmişdi, bu yoxluğa heç cür öyrəşə bilmirdi. Hər gün gecəyarısı yuxudan ayılar, ağlaya-ağlaya anasını çağıraraq bagrımı qana döndərərdi.

         Belə vaxtlarda oğlumu qucagıma alıb, sübhün gözü acılana qədər onu otağın içində ora-bura gəzdirərək, ovutmağa çalışardım. Əslinə qalsa, ürəkdən yuxayam, uşağı belə vəziyyətdə görəndə özümü heç cür ələ ala bilməyib hönkür-hönkür ağlardım.

           Həyat yoldaşımın ilindən sonra, qohum-əqraba, dost-tanış üstümə düşdü ki, bəs, ev-eşiyi yiyəsiz qoymayım: - “Qadınsız ev, suyu qurumuş dəyirman kimidir”, gərək evlənəsən - dedilər. Həm də, balaca Səlimə ana qayğısı lazımdır, necə olsa körpədir, yemək-icməyi, geyim-kecimi var, - deyə məni başa salmaga calışırdılar.

           Nədənsə, yaxınlarımın məsləhətləri beynimə batmırdı. Rəhmətlik, həyat yoldaşım Sonadan sonra evimdə özgə bir qadının olmasını ağlıma belə sığışdıra bilmirdim. Çünki ev-eşikdə hara baxırdımsa, hansı əşyaya əl vururdumsa, rəhmətliyin əllərinin izini görürdüm, nəfəsini hiss edirdim. Bir dəfə, lap, qorxan kimi də oldum... Günorta vaxtıydı, bərk yağış yağırdı. Oğlum Səlim hələ dərsdən dönməmişdi. Fikirləşdim ki, o gəlincə divanda uzanıb, bir az gözlərimin acısını alaram. Tənbəllik etdiyimdən üstümə heç nə örtməyib elə beləcə uzandım.

           Nə qədər yatdığımı özüm də bilmirəm, yağışlı havada yatmağı elə xoşlayıram ki... Yuxuda həyat yoldaşımı gördüm, üstümü örtə-örtə deyirdi: - “Həzi, sənə neçə dəfə demişəm ki, yatanda üstünə bir şey sal, naxoşlayarsan axı...”

         Yuxudan hövlank ayıldım. Gördüm ki, üstümdə yorğan var. Uzandıgım yerdəcə donub qaldım. Axı, yatanda üstümə bir şey salmamışdım, bu yorğan hardan gəlib çıxdı? – düşündüm. Əlimi yorğana sürtdüm, qabaqlar işdən qayıdıb, şam yeməyi yeyəndən sonra, divanda uzanıb, azacıq mürgü vurduğum zaman, rəhmətliyin üstümə örtdüyü güllüyorğan idı.

         Möhkəmcə qorxduğumdan, başımın tükləri biz-biz olmuşdu. Ayağa qalxıb, otaqları dolaşdım. Mətbəxə kecəndə gördüm ki, oğlum dərsdən qayıdıb çörəyini yeyir...

         Oğlum Səlimə gəlincə o, məndən də həssas idi. Bir dəfə məktəbdə sinif yoldaşlarından hansısa ona deyib ki, bəs, atan təzə arvad alacaq.

         Uşaq məktəbdən qayıdıb həyətə girən kimi çantasını bir yana tullayıb, gəlib durdu bir addımlığımda və gözlərini zillədi dik gözlərimin içinə:    

         - Ata! - dedi, - uşaqlar danışırlar ki, guya sən təzə arvad gətirəcəksən evimizə. - Bax, sənə deyirəm, əgər belə etsən mən də gedib qəbristanlıqda anamın yanında yataçağam.- Sənə də heç vaxt ata deməyəcəyəm, özün bilərsən onda...

         Bir tikə uşagın belə danışmağı, məni qorxutdu. Düşündüm ki, əgər belə bir iş tutası olsam, onda uşaq özünə xətər-zad toxundurub, elər. Ona görə də, qohum-əqrabaya dönə-dönə tapşırdım ki, məbadə mənim evlənmək məsələmdən söz açasınız. Mən əziyyət çəkib Sonamın bircə yadigarını özüm böyüdüb, boya-başa çatdıraram.

           O vaxtdan hec kəs ürək eləyib, bir də bu barədə mənə söz demədi.

             Uzun qış gecələrində ata-bala oturub söhbət edər, ona maraqlı nağıllar danışardım. Bir də görərdin, nağılın şirin yerində oğlum qayıdıb deyirdi:

         - Ata, hər tərəf qardı, bəs, anam torpağın altında üşümür?!

           Onun bu sözlərindən sonra çarəsiz qalırdım. Necə onu başa salaydım ki, bu qarın, sazagın ölüyə nə dəxli var, axı? Amma qəlbini sındırmamaq üçün bir şey uydurub deyərdim. Deyərdim:

        - Yox, ağıllı balam, anana orda soyuq deyil. Ona görə ki, onun ruhu indi bizim evdə, yanımızdadır. - İnsan ki, o dünyaya getdi, ruhu bədənindən çıxaraq evinə dönür. Amma biz onu görmürük, ruh gözə görünmür axı, oğul bala.

           Mənim bu sözlərimdən sonra, oğlum ayaga qalxar və sobanın ağzını acıb ora bir-iki odun atardı. Niyə belə etdiyini soruşanda isə deyərdi:

         - Atacan, qoy evimiz imisti olsun, anamın ruhu çöldən gəlib, ona soyuq olar, axı...

             Oğlumun bu sözlərindən sonra özümü heç çür ələ ala bilməyib, onu bağrıma basar və xısın-xısın ağlardım.

             Bir müddət beləcə yaşadıq. Oğlum, artıq, böyümüşdü. Bayram günlərdə onunla birlikdə anasının məzarını ziyarətə gedərdik. Belə vaxtlarda o, özünü böyüklər kimi aparardı. Əyilib anasının qəbrindən öpər, sonra da əllərini qoynuna qoyub, dalğın halda gözlərini bir nöqtəyə zilləyərək, susub qalardı. Onun bu halı məni nə qədər kövrəltsə də, bir o qədər də ruhlandırardı.

         ... Günlərin bir günü, iş yerimi dəyişdiyimə görə, rayondan Bakıya köçməli olduq. Bakıya köçmək xəbərini oğlum sevinclə qarşilasa da, sonradan nə fikirləşdisə:

         - Ata, həmişəlik gedirik, bəs, anam nə olacaq?! – soruşdu.

           Dedim, darıxma oğlum, arada gəlib anamıza baş çəkəcəyik...

           Mənim bu sözlərim oğlumun eynini açmadı, başını aşağı salıb fikrə getdi. Hıss elədim ki, o darıxır. Odur ki, onun könlünü almaq üçün dedim:

            - Oğlum, sənə demişəm axı, ananın ruhu həmişə bizimlədir. Hara getsək, o da bizimlə gedəcəkdir.

            Bu sözlərimdən sonra oğlumun qırışığı açıldı, yaxın gəlib boynuma sarıldı. Mən də onun saçlarını qarışdırıb, söylədiklərimdən özüm də razı qalırmış kimi:

           - Hə də, harada olsaq ruhu gəlib bizi tapacaq da...

         Oğlum axşam Bakıdakı təzə mənzilimizin ünvanını soruşdu. Mən də ünvanı dəqiqlıklə ona söylədim. Səhərisi gün nahardan sonra oğlumla birlikdə qəbristanlığa, anamızın qəbrını ziyarətə getdik. Ata-bala qəbrin dördbiryanına əl gəzdirdik, ot-ələfini yolub təmizlədik, sonra dualar oxuduq.

             Qəbirdən bir qədər aralanandan sonra, gördüm ki, oğlum cibindən əlboyda bir kağız parçası çıxarıb başdaşının ön tərəfindəki, bayramlarda şam yandırdığımız balaca oyuğa qoydu. Maraqlanıb baxmaq istəyəndə, o, mənə:

         - Gedək, ata, baxma, lazım deyil!.. – deyib, əlimdən tutaraq məni kənara çəkdi.

            Evə qayıdandan sonra maraq mənə güc gəldi. Oğlumun anasının qəbrinə qoyduğu o kağız parçası nə idisə bir anlıq da olsun mənə rahatlıq vermirdi. Maraq o qədər güclü idi ki, axırda oğluma tapşırdım ki, sən hazırlaş mən də dostlarımla xudahafizləşib gəlirəm. Məqsədim kağızdakı yazını oxumaq idi.        

           Bir maşına oturub qəbristsnlığa gəldim. Oğlumun qoyduğu kağızı götürüb açdım, məktub idi anasına yazmışdı. Yazmışdı ki; - “ Əziz anam, biz Bakıya köçürük, təzə ev almışıq. Bilirəm, dözməyib dalımızcan gələcəksən. Ora böyük şəhərdir, qorxuram bizi tapa bilməyib, azasan. Ona görə də, təzə mənzilimizin ünvanini yaziram. “Bakı şəhəri, M. Müşfiq küçəsi, bina -30, mənzil – 49”. Ana, qurban olum, bax, bu ünvana gələrsən, ha...”

            ... Oğlumun anasına yazdığı məktubu oxuyandan sonra yerimdəcə donub qaldım. Bir xeyli beləcə səssiz-səmirsiz dayandım. Sonra nə fikirləşdimsə əlimi cibimə salıb qələm çıxartdım və özümdən ixtiyarsız olaraq oğlumun yazdığı ünvanın altından köçəcəyimiz binanın mərtəbəsini qeyd etdim: - “ 6- cı mərtəbə...”

       Kağızı qatlayıb yerinə qoydum və gözləri yaşarmış halda oradan uzaqlaşdım...

      


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
3+13=
Hesaba giriş
Müəllif

meyxoş abdullah
Haqqında
Meyxoş Abdullah- Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü, "Doktor Qəzənfər", "Didərgin ruhlar", "Şeytan gülüşü", "Anakonda ovu", "Əsir qadın" və "Qapısı gecə döyülən qadın" kitablarının müəllifi. Evlidir 4 övladı, 8 nəvəsi var.
Əlaqə
Tel.:
0506420309
E-mail:
meyxos.abdullah@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0239 saniye