...Ana qoxusunu bilirdi təkcə, bir də ata qayğısını
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 02:32 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bir qadın bətninə körpəsi düşən andan etibarən müqəddəs adın- ana adının daşıyıcısına çevrilir. Xəyallar qurar, hələ bətnində olan körpəsini əzizləyər, onunla danışar, işıqlı dünyaya gələcək olan balasına dair planlar düşünər...

Günay da, ana olacağını bildiyi andan bu hissləri keçirmişdi, balasını qucağına alacağı, qoxusunu içinə çəkəcəyi günü gözləmişdi doqquz ay... Həyat yoldaşı Elnur ilə birlikdə yaşamışdılar bu həyəcanı. Balalarının dünyaya gəlişinin sevincini birlikdə qarşılayıb, birlikdə böyüdəcəkdilər. Nəhayət, Günay və Elnurun körpəsi dünyaya göz açır, ailəsinə səadət gətirən bu mələk, sözün əsl mənasında mələk olur. İnsana verilən ad ondan gözlənilən bəkləntinin məzmununu daşıyır. Bu mələyə Fərəh adını verirlər, valideynlərinin Fərəhi olacaqdı...

Fərəh, həyata yeni qədəm qoymuş, açılmamış qönçə, körpəcik fidan idi. Hələ həyatın anlaşılan tərəfini yaşamamışdı, duymamışdı. Ana qoxusunu bilirdi təkcə, bir də ata qayğısını... İstiliyi təkcə yay fəslində qızmar günəşlə hiss etmişdi, bədənini saran o vəhşi alovların qucağına düşmədən öncə... Rənglərdən qırmızını yalnız ad günü tortunun üstündəki şamlarda görmüşdü, balaca vücudunu yandıran acımasız yanğını hiss etmədən öncə... Alovu fişənglərdən çıxıb göylərə atılan şəkildə tanımışdı, qarşılaya bildiyi cəmi iki yeni il şənliklərində... Və ana döşündən süd əmdiyi zaman yalnız, boğazına sıçrayan süd qurtumunda hiss etmişdi öskürməsinə səbəb olan qıcıqlanmanı, ta ki, acımasız yanğında boğazına dolub nəfəsini kəsən tüstünü tanıyana qədər...

Fərəh, cəmi iki il bayram keçirə bildi, fəsillərin dadını iki il qədərində bildi. Soyuq və şaxtalı qışın növbəti qarını, isti yayın səhrayandırıcı günəşini daha hiss edə bilmədi. Yazda özünə bənzəyən fidanları, qönçə gülləri daha qoxulamayacaq, payızın sarı xəzanı Fərəhin qaçan ayaqları altında xışıldamayacaq... Bu gün Fərəhin ana qoynundan uzaq qaldığı ikinci qaranlıq gecədir, o gecə ki, bir daha işığı olmayan, sabahı açılmayan...

Ana-atasının Fərəhi artıq bu dünyada yoxdur, mələk olub cənnətinə endi. Dillər acizdir bu mələyi vəsf etməyə, gözlər utanır rəsimlərinə baxıb yaş tökməyə... İsti alovlar gözəlliyindən heç nə ala bilmədi, qızım, mələklərin gözəlliyi əbədidir, sən cənnətə enən mələk oldun... Qaranlıqdan qorxma, mələyim, bütün qadınların sənin üçün ağlayan gözü sənə işıq, nur olacaq. Hər kəs övladının yerinə qoydu səni, ana olmayanların belə, içi sızıldadı, qəlbi parçalandı. Qızım, sən tez mələk oldun, qızım... Anan sənsizliyə necə dözsün?! Sənin üçün qurduğu xəyalları alt-üst oldu, axı, sən məktəbə gedəcəkdin, universitetə qəbul olacaqdın, yetişkin bir gənc qız olub bəyaz gəlinlik geyəcəkdin, vağzalı sədalarında atanın xeyir-duasını eşidəcəkdin...

Anan qoxunu heç vaxt unutmayacaq, əlbisələrinə sarılıb səni onlardan içinə çəkəcək, ananın döşündə körpə izi, qollarında boşluq qoyub getdin, qızım... Yerin cənnətdir, mələk qızım, ruhun şad olsun!

Fərəhlə bərabər başqa mələk olan körpələrimiz də var. Fərəhin timsalında, göz yaşlarımla qələmə aldıqlarımı digər mələklərə- Ayxan, Ayan, Ömərə, eləcə də, bu faciədə bütün dünyasını dəyişənlərə də şamil edirəm. Allahdan rəhmət, ailələrinə dözüm, bütün sevənlərinə səbr və onları unutmamağı diləyirəm!

19.05.2015 Faciə/Yanğın/Bakı...
Aysel Abdullazadə

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+13=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0248 saniye