Ana və oğul
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 20:26 02 avqust 2015 tarixində əlavə olunmuşdur

Neçə gündən bəri ana oğlunu yola gətirmək üçün yalvarırdı.Köməyi, gücü yalnız bircə balasında alırdı. Onsuz nə edəcəkdi axı? Yenə bir-birlərinə söykənib günlərini birtəhər ötüşdürürdülər. Ancaq bu il məktəbi bitirən oğul sənədlərini hazırlayıb şəhərə yola düşmək istəyirdi.

-Ay oğul, tutaq ki, getdin, verdin imtahanını, girdin universitetə, lap pulsuzuna. Bəs sonra? Harada qalacaqsan? Necə yaşayacaqsan? Nə yeyib içəcəksən? Görmürsən ki, güclə dolanırıq? Əl çək bu boş xəyallardan, bala. Bizə görə deyil.

Dolu gözlərini anasından gizlədərdi. Ancaq dəfələrlə anasının bu sözlərdən sonra cavan vaxtı itirdiyi ərinin şəkli önündə necə ağladığını görmüşdü. Oğlunu başqaları kimi böyüdə, oxuda bilmədiyi üçün vicdan əzabı çəkirdi. Qadın süpürgəçiliklə, satıcılıqla, qulluqçuluqla oğlunu min bir əzab-əziyyətlə böyütmüşdü.

“Qoy qəbul olum, oxuyum qurtarm, anamı necə sevindirəcəm!” düşüncəsi ilə kimsəsiz anasını qoyub şəhərə yollandı. İmtahan verəndə hiss etdi ki, mütləq istədiyi yerə qəbul olunacaq. Son illərini havayı yerə xərcləmədiyinə bir daha əmin oldu.

Anasının ona xeyir-dua verməkdən başqa illlərdən bəri qırıq-qırıq yığıdığı pulları gətirdi, evi ələ-vələk edib corab-dəsmaldan nə var idisə, hamısını idman çantasına topladı. Hazırladığı turşu və mürəbbə bankasını zənbilə qoyaraq oğlunun əlinə vermək istəyəndə razı olmadığını görcək gözləri ağır ilə doldu. Tez peşman olaraq anasını qucaqladı. “Sonra gəlib apararam” pıçıldadı.

Qatara minərkən anasının sualı bir daha qulaqlarında cingildəndi: “Harada gecələyəksən?” O zaman da, indi də gözləri susqunluğunu qoruyub saxlayırdı.Özünə boş-boş təsəlli verməyinin də nəticəsi yox idi. Şəhərə gələsi vağzalda gecələməklə, dərs sonrasında vağzalda bir neçə saat yük daşımaqla , qazandığı pulla yavan çörək və dərs ləvazimatı almaqla özünü həyatda tutmağa çalışırdı. Təqaüdünü isə gec verəcəkdilər.

Qrupdakı varlı uşaqların geyim-keçimi, danışıq-rəftarları fərqləndiyinə görə özünü narahat hiss edir, sıxılırdı. Qrupun əlamətdar günlərində, gəzintilərdə iştirak edə bilmirdi. Valideyn cibi hesabına gündə bir geyim dəyişən bu uşaqların müəllimlərə zərrəcə hörmətləri yox idi.

Ehtiyac, yuxusuzluq onu tamam haldan salmışdı. Hələ qarşıda illərə tab gətirmək var idi. Bunları düşündükcə anası və kiçik daxması gözləri önündə canlanırdı. Gecələr vağzalda gözünün acısını alarkən soyuq, yarıqaranlıq otaqda anasını həsrətlə xatırlayırdı. Getmək, baş götürüb bu mühitdən uzaqlaşmaq istəyi hər keçən gün daha da artırdı.

Qarşıdan qış imtahan sessiyası gəlirdi. Amma o, anasının qolları arasında kövrəlib ağlayaraq üəryini boşaldırdı. Geri qayıtmışdı. Hər şeyi arxasında buraxaraq gecə ilə uzaqlaşmışdı. Uzaqgörən anasının sözündən bir daha çıxmayacaqdı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+19=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0408 saniye