Beşiyim üstündə layla deyənim,
Gözümün işığı, dirəyim, Ana!
Dünyalar durduqca, yaşayasan sən,
Düşünən beyinim, ürəyim, Ana!
Dünya yaranışdan Həvva anamız,
Anadır, bacıdır qol-qanadımız,
Özün demişdin ki, deyil babımız,
Gör, nəyin dərdini çəkirsən, Ana!
Heç fikir eləmə oğul sarıdan,
Oğlunu bəxş etdi ulu Yaradan,
Mərdlərə təsəlli olmaz nigardan,
Vətənçün böyütdün oğlunu, Ana!
Vaxt olar; baharda, açanda güllər,
Yaxud da qocalar dadanda nübar,
Sənin də üzünə təbəssüm qonar,
Qayıdacaq oğlun, cəbhədən, Ana!!!
22.04.1995 / Marağa