Ana
Təranə Hacıyeva tərəfindən "Hekayə" bolməsinə 10:09 24 iyul 2018 tarixində əlavə olunmuşdur

                                         ANA

 

    Ana özünü əzgin hiss edirdi. Bir neçə gün yataqda olduqdan sonra ayağa durub evdə dolaşmaq, xırım-xırda yıryığış eləmək belə ona çətin gəlirdi. Otağa, mətbəxə yüngülcə əl gəzdirib özünə bir stəkan çay süzdü. Çay dolu stəkanı və albalı mürəbbəsi olan qəndqabını padnosda götürüb eyvana çıxdı. Oturandan bir az sonra tövşüməsi azalmağa başladı. Öz halından gözü su içmirdi, öz-özünə “deyəsən, mənim də vaxtım çatıb” deyə düşünürdü. Əslində, qəlbinin dərinliyində bunu arzulayırdı. Çünki bu dünya artıq ona yad gəlirdi, kimsəsiz evdə xatirələrlə baş-başa qalmaqdan bezmişdi. Əziz ruhlara qovuşmaq üçün tələsirdi. Yenə həyat yoldaşı sağ olanda dərdləşir, bir-birlərinə həyan olurdular. Bir ildən çox idi ki, onu da itirmişdi. Kişi eləcə yorğan-döşəyə düşmədən, bircə günün içində həyatla vidalaşdı. Ürəyi çox ağrıyırdı son vaxtlar, amma heç qulağına almırdı, elə hər gün bazar-dükana gedir, ev işlərində xəstə arvadına kömək edir, həftədə bir dəfə də qəhrəman oğlunun məzarını ziyarət edirdi. Bir cümə axşamı yenə oradan gələndən sonra qəfil halı pisləşdi, təcili tibbi yardım maşını gəldikdən 15 dəqiqə sonra gözlərini bu dünyaya əbədilik yumdu...

    Onların bircə oğulları vardı. Arzuları, ümidləri, xəyalları, hər şeyləri onunla bağlı idi. Çox ağıllı, diribaş oğlan idi. Nə edirsə etsin, ürəkdən edirdi. Oynayanda qan-tərə batanacan, dərs çalışanda tapşırıqlardan əlavə işləri də həll edənəcən, ata-anasına kömək edəndə ən çətin işlərin öhdəsindən özü gələnəcən. Belə bir oğul idi, valideynlərin də, məktəbin də fəxri. Ana oğluna baxıb qürurlanırdı, gizlində onun gözə gələcəyindən qorxaraq paltarına gözmuncuğu taxdığı da olurdu. Amma hər dəfə oğlu onu tapan kimi gülərək çıxarıb atırdı.

Ana oğlunun həkim olmasını arzu edirdi. Onu ağ xalatda görmək ən böyük arzusu idi. Amma bu haqda onun özünə heç nə deməmişdi. Oğlu böyüdükcə o da bu arzusunu ürəyində bəsləyib böyüdürdü. Son siniflərdə oxuyurdu, bir gün dərsdən gəlib eləcə birbaşa dedi “Mən hərbçi olacağam”. Ata da, ana da öncə təəccüblə oğullarına, sonra isə bir-birlərinə baxdılar. Ana elə qaşlarını qaldırıb etiraz etmək istəyirdi ki, atanın səsi onu sözünü udmağa məcbur etdi: “Ol, hərbçi ol. Bircə heç zaman bizim başımızı aşağı eləmə. Vətəninə, xalqına layiqli oğul ol.” Ana içində bütün bunlardan narazı qalsa da, səsini çıxarmadı, oğlum necə istəyirsə, qoy elə olsun, dedi. Oğul məktəbi qurtardı, hərbi məktəbə qəbul olundu. Ananın arzu etdiyi ağ xalatın yerinə hərbçi formasını geyindi. Ana oğlunun hərbçi formasında bir az da qamətli görünən boy-buxununa, yaraşıqlı simasına baxıb fərəh duysa da, qəlbinin dərinliklərində özünün də baş açmadığı bir narahatlıq, təlaş duyurdu. Amma bunu nə ərinə, nə də oğluna hiss etdirmək istəmirdi. Yatanda da, duranda da, bir telefon zəngi gələndə də səksəkədəydi ana. Televizorda cəbhədə bir döyüş, itki xəbəri eşidəndə büsbütün pərişan olur, neçə gün özünə gələ bilmirdi. Nə iş görsə də, fikirli gəzib dolaşır, elə hey Allaha dualar edir, sülh arzulayırdı. İndi oğlu hərbi məktəbi bitirib komandir kimi orduda xidmətə başlayandan, ananın arzuları başqa məcraya yönəlirdi. Ana oğlunun toyunu görmək, nəvə sahibi olmağı arzulayırdı. Qohumda, qonşuda toy olanda, ondan oğlunu nə vaxt evləndirəcəyini soruşanda, subay qızlar ona oğlu ilə bağlı suallar verəndə ananın üzü işıqlanır, gözlərinin içi gülürdü. Ana hamıdan xəlvətcə hazırlığını da görürdü, özünün nişan dəstinin üstünə neçə illər qənaətlə yığdığı pulu da qoyub mərkəzi univermaqdakı zərgərə vermişdi. O da indiki dəbə uyğun brilyant dəst hazırlayıb zərxara içlikli qırmızı qutuda anaya təqdim etmişdi. Ana bu qutunu min arzu, min niyyətlə gətirib oğlu üçün ayırdığı çemodana qoymuşdu. Həmişə xəyal eləyirdi ki, evlilik söhbəti düşən kimi bu qutunu çıxarıb əri ilə oğlunun qarşısında açacaq, onlar da heyrətdən gözləri bərəlmiş halda qutudakı brilyant dəstə baxacaq, bunu nə vaxt düzəltdiridiyini soruşacaqlar. Ana da gülə-gülə, özü ilə fəxr edə-edə bu dəstin başagəlmə hekayəsini uzun-uzadı onlara danışacaqdı. Hər dəfə bunu fikirləşəndə qeyri-ixtiyari gülümsəyirdi..

Bir gün oğlu üç günlük məzuniyyyətə gəldi. Ana bu üç günü oğluna ürəyi istədiyi kimi qulluq edə, sevdiyi yeməkləri bişirə bildi. Çox sevinirdi ana, heç istəmirdi ki, oğlundan ayrıla. Dilinin ucuna gəlsə də deyə bilmirdi ki, ay oğul, axı niyə sən də hamı kimi oxuyub qurtarıb ata-ananın yanında oturmadın? Bax, qonşunun iki oğlu, biri oxuyub indi bankda işləyir, o birisi oxumadı, verdi özünü alverə. Yaxşı da qazanırlar, bu gün sabah evlənəcəklər. Anaları da heç bir narahatlıq keçirmir, övladları hər axşam səhər gözlərinin önündədir. Axı bizim səndən başa kimimiz var ki, sənə də həsrət qalmışıq. Axı niyə hərbçi olurdun ki? Amma ana bunları deyə bilmədi. Axşam yola düşməliydi oğul. Ana çantasını yığdı, təmiz dəsmal, yola çörək-filan qoydu. Bütün bunları eləyə-eləyə elə soruşmaq istəyirdi ki, bir də haçan gələcəksən, oğlu dedi: “Ata, ana, mən ön cəbhəyə gedirəm. Orada son zamanlar düşmən ard-arda təxribat törədir. Mən xüsusi tapşırıqla gedirəm. Bu tapşırıq kifayət qədər ciddi və çətindir. Amma istəmirəm ki, siz narahat olasınız. Sadəcə dualarınızı əksik eləməyin.” Bu sözləri eşidən ananın sanki dizlərinin bağı qopdu, ayaq üstə dayana bilməyib kresloya çökdü. Atanın qaşları düyünləndi. Oğul onların bu halını görərək yaxınlaşıb hər əli ilə birinin çiyinlərini qucaqlayaraq özünə sıxdı: “Niyə belə fikrə getdiniz? Ana, ata, bəyəm sizin oğlunuz qorxaqdır? Mən qorxaq deyiləm, siz də heç nədən qorxmayın. Mən bu tapşırığı necə lazımdırsa yerinə yetirib sağ-salamat sizin yanınıza qayıdacam. Siz də mənimlə fəxr edəcəksiniz.” Bu sözləri deyərək elə gözəl, elə şirin, lap uşaq vaxtlarındakı kimi gülümsədi ki, ananın ürəyi paramparça oldu. Kövrəldi, amma tez də özünü ələ aldı. Uşağın ürəyini üzəsi deyildi ki. O da oğlunun boynunu qucaqlayaraq əli ilə alnına tökülmüş tellərini sığalladı. Bu qıvrım, sözəbaxmayan telləri yay gələn kimi ərinə qırxdırardı ki, istidir, uşağa əziyyət olur. Nə isə, özünü toxtayıb qəhərini udaraq dedi: “Ay oğul, əlbəttə, sağ-salamat geri dönəcəksən. Sən bizə fikir vermə, qocalırıq deyəsən”. Həmin axşam içəridən qəhərlənib üzdə gülərək oğlanlarını deyə-gülə, dualar, alqışlar edə-edə yola saldılar. Ana nə biləydi ki, əziz balasını axırıncı görüşüdür? Qapını örtüb evə qayıdandan sonra heç birinin əli bir işə getmirdi. Ata elə hey balkona çıxıb siqaret çəkirdi. Ana da bilmirdi ki, nəyi qoyub nəyi yığışdırsın. Oğlunun çay içdiyi stəkanı bir stoldan alır, bir də təzədən qoyurdu. Ortalığı, süfrəni yığışdırmağa əli gəlmirdi. Küsülü adamlar kimi olmuşdular, bir-birinin üzünə də baxmırdılar. Birdən-birə ev sanki boşalmışdı, gəlin köçən ev kimi, iraq olsun, adam ölən ev kimi...

O gündən ata ilə ananın işi gücü xəbərləri izləmək idi. Kişi də dükana, siqaret almağa gedib tez evə qayıdırdı, heç yerdə yubanmırdı. Ana mətbəxdə iş görəndə xəbərlər proqaramının başlanmasını bildirən musiqini eşidən kimi otağa gəlirdi. Bir-birlərindən gizlətməyə çalışdıqları nigarançılıqla, gərginliklə hər saatbaşı xəbərlərini sonacan izləyirdilər. Hər proqram bitimində bir az rahatlayırdılar, amma bu rahatlıq cəmi bir saat, növbəti xəbərlər buraxılışına qədər çəkirdi...

Gözləri televizorda, qulaqları səsdə üç gün keçdi. Bu günü də beləcə yola verdik deyib də, axşam yeməklərini yeyib hərə bir sətakan çay alıb yenidən televizorun qarşısında oturmuşdular. Axşam xəbərləri olmalı idi bir azdan. Musiqi verilişi gedirdi, iki üç nəfər ortalığa düşüb şit-şit oxuyub oynayırdılar. Atanın zəhləsi gedirdi belə verilişlərdən, amma bir azdan xəbərlər başlayacaq deyə, kanalı dəyişmirdi. Birdən veriliş yarımçıq kəsildi, ekranda xəbərlərin xüsusi buraxılışı yazısı göründü. Hər ikisi qeyri-ixtiyari bir-birirnə baxdılar, narahatlıqla yerlərində qurcalandılar. Ata stəkan tutan əlinin titrədiyini görüb onu ehtiyatla stolun üstünə qoydu, başını irəli uzadaraq gözlərini ekrana zillədi. Ana dodağının altında tələsə-tələsə dua oxumağa başladı. Bir neçə həddindən artıq gərgin dəqiqənin ardından arıq, əsəbi simalı aparıcı oğlan ekranda göründü. “Müdafiə Nazirliyinin Mətbuat Xidməti.. xəbər verir... leytenant” bu yerində oğlunun adını, soyadını eşidən ana əlindəki çay dolu stəkanı harasa tullayaraq televizorun üstünə şığıdı, gözləri hədəqəsindən çıxacaqmış kimi ekrana zillədi “qəhrəmancasına həlak olub”.

Ana özünə gələndə özünü yorğan-döşəkdə uzanmış vəziyyətdə gördü. Başının üstündə ağ xalatlı həkim, qohumlar, qonşular, hər tərəfdə insanlar, yaşlı, kədərli gözlər, otaqlarda, həyətdə işıqlar.. Bir müddət heç nə anlamadı, yavaş-yavaş şüuru özünə qayıtmağa başladıqca hər şeyi xatırladı. Bərkdən qışqırmaq istədi, gördü ki, səsi çıxmır. Nə illah elədisə, bacarmadı, eləcə boğula-boğula, gözlərindən sel kimi yaş axa-axa “oğlum” deyə pıçıldaya bildi..

Sonra böyük adamlar gəldi, sonra bayrağa bükülmüş cənazə, hərbçilər, insanlar, güllər...

Böyük qəhrəmanlıq eləmişdi oğlu, təkbaşına çoxlu sayda düşməni məhv edərək, görünməmiş şücaət göstərmişdi. Bütün ölkə, mətbuat, tanınmış, böyük insanlar, uşaq, gənc, yaşlı yalnız bundan danışırdı. Xüsusi törənlə dəfn elədilər oğlunu. Ölkənin ən böyük səlahiyyətliləri gəlmişdi. Televiziyalar canlı yayınlayırdı bütün bunları. Ana sanki donmuşdu, sanki daşlaşmışdı. Robot kimi bütün bu mərasimlərdə iştirak edir, müxbirlərin suallarına eləcə gözlərini qaldırmayaraq “Vətən sağ olsun” sözlərini deyə bilirdi. Bu dəhşətli günlərdə indi onun üçün yeganə yaxın adam olan ərini də doyunca görə bilmirdi, bu bir neçə gündə saçı tamam ağarıb belinin şaxlığı getmiş atanı da elə hey maşınlarla harasa aparır, evlərində daim kimlərsə olurdu. Axın-axın insanlar gəlirdi, dəfn çadırları qurulur, ehsanlar verilirdi. Dünənə qədər varlığından çox az adamın xəbərinin olduğu bu balaca ev indi bütün ölkədə ən məşhur ev olmuşdu.

Nəhayət, qırx gün keçdi. Yavaş-yavaş ara sakitləşməyə, gələnlərin sayı azalmağa başladı. Bu qədər müddətdən sonra ata ilə ana baş-başa qalmağa vaxt tapdılar. Amma heç biri danışmağa söz tapmırdı. Heç biri bu haqda ağzını açıb ilk sözü deyə bilmirdi. Nə qədər ki, yad insanlar var idi, olanları qəbul etmiş kimi idilər, təklikdə isə hər şey daha az inandırıcı gəlirdi. Bu qırx gün bir yuxu idi sanki, oğlu harasa uzaqlara getmişdi, qapını açıb gələcəkdi. Zaman durmadan keçirdi, artıq xəbərlərdə də bu hadisədən getdikcə daha az-az danışmağa başladılar. Bir ay da keçdi, ata ilə ananı paytaxta dəvət etdilər. Oğlanlarına verilən qəhrəman adının kitabçasını, ən yüksək hərbi ordeni ölkənin rəhbərliyi təqdim edəcəkdi onlara.

Getdilər, yüksək mükafatı aldılar, gətirib evin ən gözəl otağına qoydular. Həmin gündən sonra əsas işləri bu otağı, oğullarının otağını bəzəmək oldu. Onun bütün fəxri fərmanlarını, diplomunu, sənədlərini, yüksək mükafatlarını, hərbi formasını, şəxsi əşyalarını düzdülər, böyük portretini asdılar. Hər gün buranı təmizləmək, əşyaların tozunu almaq sanki bir ibadət idi günü gündən qocalan ata ilə anaya...

Bir gün ana oğlu üçün yığdığı çemodanı açdı. Zərxara qutunu açıb tamaşa etdi və onu da göz yaşlarını içinə axıda-axıda gətirib oğlunun otağına, şəxsi əşyaları düzülən rəfə qoydu. Axşam ata adəti üzrə otağa girib hər tərəfə nəzər salanda bu qutunu görüb arvadını çağırdı. Bu nədir, burda nə işi var? Ana “aç, bax”, dedi. Ata bir anlıq duruxdu, amma nə qutunu açdı, nə də baxdı. Eləcə yerinə qoyub, otaqdan çıxdı.

Onları yenə tez-tez yad edirdilər, televiziyalardan gəlirdirlər, şairlər, yazıçılar gəlirdi, adi adamlar gəlirdi, müxbirlər gəlib müsahibə götürürdü. Ana nə qədər üzdə oğlunun şücaəti ilə fəxr etdiyini desə də, ürəyində, beynində bircə fikir dolaşırdı. Mən istəmirəm mənim oğlum qəhrəman filan olsun, sizin hamınızın gəlməyinizi, oğlum haqqında yazmağınızı, danışmağənızı da istəmirəm. Mən bircə onun da sizlər kimi sağ olmasını, yaşamağını, gəlib bu qapını açmağını istəyirəm..

Beləcə, illər bir-birini əvəz elədi. Kədər dolu, həsrət dolu illər, özü ilə heç nə gətirməyən illər. Artıq hər kəs sülhdən, düşmən tərəflə razılığa gəlməkdən danışır, qəhrəmanlar yavaş-yavaş unudulurdu. Əlbəttə, hamı kimi ana da sülh istəyirdi, İstəmirdi ki, başqa analar övladlarını itirsin. Amma oğlu, bircə balası yadına düşür, ürəyinin içi sızıldayırdı..

Bir il öncə, oğlunun növbəti ölüm ildönümündən sonra əri qəfil ürək ağrısından keçindi. Üç gün əvvəl yenə böyük mərasim olmuşdu. Ana artıq bu mərasimlərə getmirdi, ata tək, onsuz gedirdi. Mərasim bitəndən sonra özü təkcə qəbir üstünə gedib oğlu ilə dərdləşirdi. Qəbir üstündə ucaldılan möhtəşəm heykələ tamaşa edir, onunla söhbət edir və qayıdıb gəlirdi.

Bu il əri olmadığı üçün o, özü gedəcəkdi. Buna görə neçə vaxt idi ki, xəstə yatsa da, bu gün ayağa durub özünü düzəltmək qərarına gəldi. Eyvanda oturub bütün bunları düşünə düşünə bir də baxdı ki, çayı soyuyub. Otağa keçib padnosu stolun üstünə qoydu. Daha ürəyi çay filan istəmirdi. Şkafı açıb qara məxmər donunu, qara örpəyini çıxarıb divanın üstünə qoydu. Ütüləmək lazım deyildi. Sonra lak çəkmələrini, corablarını da çıxarıb hazır qoydu. Neçə vaxt idi ki, xəstə olduğundan oğlunun otağına da keçə bilməmişdi. Əski və su dolu vedrə alıb otağın qapısını açdı. Payız günəşinin solğun şəfəqləri otağın divarlarına, döşəməsinə düşmüşdü. Başını qaldırıb divardan asılmış portretə baxdı. Oğlu ilə göz-gözə gəldi,  tez də başını döndərib tozları təmizləməyə girişdi.

Səhər saat 10-da geyinib evdən çıxdı. Məzarlığa tərəf  getməyə başladı. Bazar günü olduğu üçün tək-tük adam gözə dəyirdi. Hər il şəhər rəhbərliyi onlara zəng eləyib mərasimin saatını deyirdilər. Nə əcəb bu il heç kim zəng etməyib, deyə düşündü. Tez yorulduğundan aradabir dayanb nəfəsini almalı olurdu. Məzarlığın çırıldayan dəmir qapısını açıb içəri girdi. Adəti üzrə bütün məzarlıqdakılara rəhmət oxuyub oğlunun qəbri üzərində ucaldılmış xatirə kompleksinə tərəf getməyə başladı. Hər il burada mərasim düzənlənir, şəhər rəhbərliyi çıxış edir, əllərində bayraqlar olan məktəblilər oğluna yazılmış şeirləri söyləyirdilər. Bütün bunları ona əri danışırdı. Bu il isə bütün bunları o, seyr edəcəkdi. Abidəyə çatıb kənarda qoyulmuş skamyada oturdu. Əməlli başlı yorulmuşdu, nəfəsini güclə alıb verirdi. Bir az özünə gəlib dua oxumağa başladı. Duanı bitirdikdən sonra ayağa qalxıb məzara yaxınlaşdı. Əlini soyuq mərmərə sürtərək, ürəyində oğlu ilə danışmağa başladı, dedi ki, ay oğul, artıq mən də sənə, atana qovuşmağa səbirsizlənirəm. İndi yad insanlar gələcək, qoy onlar gələnəcən sənə deyim. Hiss edirəm ki, daha heyim qalmayıb, ayaqlarımı güclə sürüyürəm. Sənin həsrətinlə bu neçə ili necə yaşaya bilmişəm, özümə də təəccüblü gəlir. Amma artıq az qalıb, həsrət sona çatır. Gəlirəm, gözlə məni, ay bala.

Ürəyini boşaldıb yenidən skamyada oturdu. Saata baxdı, artıq 12-nin yarısı idi. Bəs niyə heç kim gəlib çıxmadı? Mərasim həmişə 11-in yarısında başlayırdı axı. Təəccüb və çaşqınlıq içində ətrafa boylandı. Gəlib gedən yox idi, hər tərəfə sükut çökmüşdü. Ana beləcə saat üçə kimi gözlədi. Artıq acmış və susamışdı. Ayaqları oturmaqdan keyləşmişdi. Deməli, heç kəs gəlmədi. Unutdular onun oğlunu. Unutdular onun bircə balasını. Hamıya sülh lazımdır, qəhrəmanlar daha heç kimi maraqlandırmır. Ananı qəhər boğdu, mərasimə gələnlərin görməməsi, mərasimdə özünü toxtaq tutması üçün səhərdən boğduğu göz yaşları sel kimi yanaqlarından süzülməyə başladı..

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+9=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0323 saniye