Yadigar atasından eşitdiyi xəbərin ardınca daha bir şok yaşadı. Anası xərçəngin son mərhələsini yaşayırdı, atası isə qızından ona baxıcılıq etməsini xahiş edirdi.
-Ata, sən axı necə susdun? O, mənim anamdır, anam!-titrək səsi ilə əlini masaya çırpdı
-Qızım...-qəhərdən sözünü bitirə bilmədi.-Gəlirsən, hə?
-Bilmirəm,-qeyri-müəyyən bildirdi.
-Necə yəni: Bilmirəm?!
-Ata, axı mən nə edə bilərəm?
-Baxa bilərsən!
-Tibb bacısı anama məndən də yaxşı baxar.
-Sən suçiçəyi çıxardanda anan tibb bacısını yanına göndərməmişdi.
-Ata, bəs mənim işim? Onsuz da redaktordan reportajı özüm hazırlamaq üçün az qala dalaşmışam onunla,-dərindən nəfəs aldı.-Bəs Kamran?
-Qardaşının universiteti var,-atası qəzəblə bildirdi.-Gəlirsən, bu qədər!
Zəngi sonlandıraraq qollarını masaya, bəaşını isə qollarının üstünə qoydu. Nə edəcək? Necə edəcək? Reportajı zibilə atsın? Anasına qulluq üçün bu şəhərlə əlaqələrini kəssin? Musiqiçi atası niyə belə davranır axı? İşə zorla qəbul olunmuşdu, hər gün redaktorla söz davası etməkdən bezmişdi, hələ bir işçiləri onların arasında sevgi məcarəsi haqqında əsassız-əsassız danışmaları az deyil. Uşaqlıq illərindən bir parçanı xatirində canlandırdı. Maşının arxa oturacağında qardaşı ilə dalaşması, öndə əyləşən ana-atanın onları güc-bəla ilə sakitləşdirmələri, atanın tez-tez maşın radiosundan səslənən bu və ya digər mahnı haqqında öz rəyini bildirməsi, anasının əlində ilmənin əskik olmaması. Xatirələr onu elə o masada yuxuya qərq etdi.
Növbəti gün redaktorla danışdığına peşman oldu. Gənc redaktor dişlərini nümayişə çıxardıb özünəəmin tərzdə qələbəyanə gülümsədi. Rahatlıqla yayxanıb kinayəli şəkildə sözünü bildirdi.
-Yadigar, olmaz, əzizim, reportajı özünlə apara bilməzsən.
Yadigarın gözləri az qala hədəqəsindən çıxacaqmış kimi əlini qəzəblə masaya çırpdı.
-Vüqar, əsəblərimlə oynama. Öz kefimə getmirəm, anama görə gedirəm. Və nə sən, nə də digərləri bu reportajı məndən qoparda bilməzsiniz. Çünki bu-mənim hekayəmdir, mənim!
Vüqar özünü yığışdırıb ayağa qalxaraq Yadigarın qarşısında dikəldi.
-Yaxşı, amma bir həftən var, əgər bitirə bilməsən, işdən qovulursan.
Yadigar ona öldürəcəkmiş kimi baxdıqdan sonra söz demədən kabineti tərk etdi. Qarşısına çıxanları istəmədən kobudluqla itələyib redaksiya binasından çıxdı. Özünü yaxınlıqdakı kafeyə yetirərək stula sərildi. Meyvə şirəsi sifariş etdi. İçə-içə anasını göz önünə gətirməyə çalışdı. Anası dadlı yeməklər hazırlamağı sevirdi. Tez-tez qonşularını evə dəvət edərək onlarla qeybət qırmağı, onların əl işləri barədə maraqlamağı, övladları barədə soruşmağı, daha sonra Yadigarla Kamranın dərslərinə kömək etməyi, onların dünyasını öyrənməyi, həyat yoldaşının ilham pərisi olmağı, ondakı ruh düşkünlüyünü aradan qaldırması...Bütün bunların içində anasının xərçəng olması və bundan son anda xəbər tutması, atasının ondan xahişi, işini itirmək təhlükəsi...
Yol boyunca həyatını gözlər önündə sərib heç bir pazlın itkin düşməməsinə çalışdı. Özünü nə vaxt ikimərtəbəli evin bağçasında tapdısa, bir anlığa ilanvuran kimi oldu. Nəfəsini tutub saxlayaraq əlindəki çemodanı bərk sıxa-sıxa addımlarını ağır şəkildə irəliyə atmağa başladı. Alçaq pilləkanları çıxıb qapı önündə dayanıb döydü. Addım səsləri eşitcək ürək döyüntülərinin sədasıı qulaqlarına eşitməyə başladı. Qapını açan atası idi. Saqqal basmışdı. Gözləri çuxura düşmüşdü. Yadigar atası ilə olan telefon söhbətindən utanaraq ondan üzrxahlıq edirdi ki, atası onu sinəsinə basıb möhkəm-möhkəm qucaqladı. Yadigar axan göz yaşlarına əngəl ola bilmədi. Qollarını atasına sarıdı. Atası onu zala gətirdi. Anası əlil arabasında idi. Başını yaylıqla örtmüşdü, üzü ağarmışdı. Amma qızını görcək gözlərinə işıq gəldi. Qollarını yana açanda Yadigar cəld özünü o qollara atdı. Anasını doyunca öpdükdən sonra bardaş qurub qarşısında əyləşdi.
-Niyə, ana? Niyə axı? Niyə sən? Niyə mənim xəbərim yox idi? Niyə mənə gec verildi?-suallarını yağdırarkən göz yaşları yanaqlarını isladırdı.
-Mənim gözəlim, şirin balam, mən istəmədim, belə lazım idi,-əllərini qızının yanaqlarında gəzdirib göz yaşlarını qurudurdu.
Yadigarın mətbəxlə arası o qədər də yaxşı deyildi. Nəyi necə edəcəyi haqqında həmişə anası bilgiləndirirdi. 2-3 gün anasının tapşırıqları altında işləyərkən bəzən əsəbindən boşqab-stəkanı qırırdı. Onu əsəbiləşdirən nə idi, özünə də tam aydın deyildi: Anası yoxsa reportaj? Bəlkə atası? Evdə tapılmırdı ümumiyyətlə. Səhər yeməyindən sonra 25 illik həyat yoldaşını öpərək işinə gedirdi, bir də axşamın gec saatlarında evə qayıdarkən günahkar gözlərini gizlətməyə çalışırdı. Yadigar atasını anlaya bilmirdi, onunla söhbət etməyə çalışsa da, atası həmişə suallarını cavablamaqdan imtina edirdi. Əsəbini zorla cilovlayırdı Yadigar. İş bu qədərmi önəmlidir yəni atası üçün? O zaman niyə qızından işini buraxaraq anasına baxmasını istəyirdi? Lənət! Beyninə heç nə girmirdi atasının davranışlarından. Anasına həmişə özü, ancaq və ancaq özü qulluq edirdi. Nə atası, nə də onu yoluxmağa gələn qonşular. Qardaşı Kamran isə hər gün telefonla əlaqə saxlayıb hal-əhval, durum öyrənərək duzlu lətifələri ilə anasını doyunca güldürürdü. Hələ Yadigarın reportajı var axı. Axşam özünə vaxt taparaq məşğul olmağa çalışsa da, yorulduğundan irəliləyiş görünmürdü. Anasını vanna otağına aparan da, təmizləyən də, çimizdirən də, geyindirən də Yadigar idi yenə. Onu öz əlləri yedizdirərkən, su içirdərkən, yatağa uzandırarkən anasının təşəkkürdən doğan sevgi və səmimi gözləri ilə rastlaşdığı an özündən utanırdı hətta.
Onu itirdi...
Reportajı onsuz da tamamlaya bilməyəcəyini anlasa da, redaktorun qarşısında məğlub olmaq istəmədiyindən ona bildiriş göndərməmişdi. Redaksiyadan gələn zəng və mesajları cavablamadan silirdi. Heç nə istəmirdi. Anasını itirmişdi. Onu basdırarkən özünü zorla tutub saxlayırdı. Atası yanında idi.
-Mən sənin qədər güclü ola bilmədim, qızım,-ağrı və qəhərdən boğulurcasına astadan bildirdi.
Anlayırdı artıq atasının hərəkətlərini. O, həyat yoldaşını, ilham pərisini belə görmək istəmirdi, onun addım-addım ölümə yaxınlaşmasını seyr etmək istəmirdi, buna dözümü çatmazdı, onsuz da yetərincə xərçəngin sonuncu mərhələsinə qədər davam gətirə bilmişdi. Qardaşı gələ bilməmişdi, imtahanları vardı. Atasının qoluna girib səssizcə maşına irəliləyərkən uzaqdan redaktorunun siluetini gördü. Vüqar yaxınlaşıb onlara başsağlığı verdikdən sonra Yadigarla ayrılıqda söhbət etmək istədiyini bildirdi.
-Vüqar, bilirəm, reportajı uduzmuşam, işdən də qovulmuşam, rahatlaya bilərsən,-qızarmış gözləri redaktora zilləyib getməyə hazırlaşdı.
-Dur, Yadigar, dur,-üzrxahlıq edirmiş kimi səsləndi.-Qovulmamısan, reportaj isə necə istəyirsəndə, elə də olsun.
Yadigarla atası evə girincə həsrət dolu qoxu dəydi burunlarına. Atasının ağır-ağır piano arxasına keçdiyini, barmaqlarını dilimlərə vurduğunu, ağrı dolu bir səsin getdikcə gücləndiyini görən Yadigar cəld onun yanına qaçaraq göz yaşları içində boynunu qucaqladı.Qapı döyülməsinə ikisi də təəccübləndilər. Amma bu adamın Kamran olması sual dolu işarələri daha da artırdı.
-İmtahanları yarımçıq qoydum...