Anam
Gülzarə Hüseynova tərəfindən "Digər yazılar" bolməsinə 22:30 07 aprel 2015 tarixində əlavə olunmuşdur

Ağlayıram.  Fikrimdəsən. Heç fikrimdən çıxara bilmirəm, unutmuram. Necə unuda bilərəm ki? Məni böyüdən, xəstələnəndə  baş ucumda məni gözdən qoymayan, dərdlərimi, problemlərimi həll edən mələyimi - canım anamı necə unuda bilərəm ki? Mənim gözəl anam, hardasan sən ? 

Sənə çox ehtiyacım var, yanımda olmağına ehtiyacım var, gözəl anam . Hardasan sən ? 

Hər ana övladının yanında olar, ona kömək edər, onu müdafiə edər, bəs sən ? Sən niyə mənimlə deyilsən ana? Sən niyə mənə kömək etmirsən ? Başqa analar kimi, sən məni qorumalısan , gözəl anam, hardasan sən ? 

Həyatım qaralıb, dostlarım məni tək qoyub.  Sən gedəndən qohumlar da mənimlə maraqlanmır, bu böyük evdə təkəm, sənsizəm ana, hardasan sən ? 

Yaşıdlarım evə qayıdanda anaları onları öpüb-qoxlayır, qucaqlayır, qapıda qarsılayır. Amma mən evə girəndə qapını açanım da olmur, ana. Boş evə girirəm, səssiz və soyuq evimizə. Tənhalıqdan dəli oluram, gözəl anam . Hardasan sən ? 

Yaşıdlarım analarının üzündən öpürlər, bayramlarda əllərini öpürlər, mən isə hər gün soyuq məzarının başında dikilib sənə günümün necə keçdiyini danışıram. Soyuq məzarını qoxlayıram. Dostlar analarına çiçəklər hədiyyə edəndə, mən sənin məzarına güllər gətirirəm. 

Hər kəs məndən soruşur: niyə belə qəmlisən ? Universitetdəki tanışlar mənim sirrimi bilmirlər. "Səni tanıyandan bəri bizimlə heç nəyi paylaşmırsan, bizimlə danışmırsan" deyirlər. Mən bu ağrılarımı onlarla necə bölüşüm, ana? Üzgünlüyümün səbəbini onlara deyə bilmirəm. Mən söz vermişəm, ana, sənin yoxluğunu heç kimə bildirməyəcəm, dərdimi heç kimə danışmayacam. 

Istəmirəm kimsə yetim olduğumu bilsin, istəmirəm kimsə mənə yan gözlə baxsın . 

Dərslərim çox yaxşıdır , ana. Hər şey yolundadır. Dərsdən sonra işləyirəm, universitet xərclərini bir yolla toparlamağa çalışıram. Heç kimə möhtac olmadım, ana, heç kimə boyun əymədim. Sən məni bu cür böyütmüsən. Sən mənə boyun əyməməyi öyrətmisən, ana . 

Hərdən yuxularıma gəlirsən . Yanıma gəlirsən, başımı sığallayırsan, məni öpüb , məni necə sevməyindən danışırsan . Mənim üçün necə darıxmağından danışırsan mənə. Deyirsən ki : məndən nigaran qalma, bura çox gözəldir, vaxtı çatanda sən də burda- mənim yanımda olacaqsan . 

O vaxt nə vaxt gələcək , ana ?  

Ürəyim darıxanda köhnə şəkillərə baxıram, gözlərim yol çəkir sanki. Atamı, səni xatırlayıb ağlayıram. Sən həmişə deyirdin: sən heç vaxt ağlama, gözünün yaşını görəndə dözə bilmirəm. Amma mən özümü saxlaya bilmirəm, ağlamasam dayana bilmirəm , ana. 

Mənim gözəl anam, mən nə vaxt sənin yanına gələcəm ? Allahım, məni anama apar, darıxıram, dözə bilmirəm. Məni də al . Tezliklə yanında olmaq istəyirəm, anam . 

Həsrətdəyəm, ana. Səndən uzaqdayam, əlim də çatmaz. Insanın anasını itirməsi nə qədər də ağrılı imiş. Kinolarda anaları ölən uşaqları görəndə deyərdim ki, mənim anam məni qoyub getməz, qaçıb qucaqlayardım səni. Indi qucaqlaya bilmirəm, qoxlaya bilmirəm səni. 

Mənim gözəl anam, axı hardasan sən ? 


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+10=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0295 saniye