Andropova məktub yazan məktəbli qız
Elnur Əzizov tərəfindən "Məşhurlar" bolməsinə 16:36 13 dekabr 2014 tarixində əlavə olunmuşdur

Samanta Rid Smit 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-ın Men ştatından olan məktəbli qız.

1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi. Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi.

Samanta Smit 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur.

Yuri Andropov 1982-ci ilin noyabrında Sov.İKP-nin birinci katibi vəzifəsində Leonid Brejnevi əvəz etdikdən sonra, müxtəlif Qərb jurnal və qəzetlərində ondan bəhs edən məqalələr nəşr edilməyə başladı. Rəylərin əksəriyyəti mənfi idi və Qərb dünyasına qarşı yeni təhlükənin meydana çıxmasından bəhs edirdi. 1956-cı ildə SSRİ-nin Macarıstana hərbi müdaxiləsi zamanı Andropov bu ölkədə SSRİ-nin səfiri idi. O, SSRİ-nin rəhbəri kimi fəaliyyətinə DTK-nın səlahiyyətlərini genişləndirməklə və dissidentlərin təqib olunmasını artırmaqla başladı. Andropov demişdi:

"İnsan hüquqları uğrunda mübarizə Sovet dövlətinin təməllərini sarsıtmaq niyyəti güdən imperialist planın bir hissəsidir".
— "The Mitrokhin Archive: The KGB in Europe and the West".

SSRİ və ABŞ arasında yerətrafı orbitə peyklər buraxılmasını nəzərdə tutan yeni silahlanma layihəsi ilə bağlı ciddi narahatlıq doğuran məqamlar var idi. ABŞ prezidenti Ronald Reyqan alimlərin və ekspertlərin təzyiqinə məruz qaldı, SSRİ rəhbərliyi isə, demişdi ki,

"Kosmosun hərbiləşdirilməsinin qarşısını almaq bəşəriyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir".

Bu dövrdə Avropa və Amerikada nüvə silahı əleyhinə nümayişlər gedirdi. 1983-cü ilin 20 noyabrında ABC kanalında efirə çıxmış və nüvə müharibəsinin fəlakətindən bəhs edən Ertəsi gün filmi KİV tərəfindən onilliyin ən mühüm hadisəsi elan edilmişdi.

Bu dövrdə hər iki supergüc silahsızlaşdırmaya dair planlarından vaz keçmişdilər. Belə ki, SSRİ-nin SS-20 raketlərini yerləşdirməsinə cavab olaraq ABŞ "Pershing II" raketlərinin Avropada yerləşdirilməsinə başlamışdı. Beynəlxalq vəziyyəti gərginləşdirən məsələlərdən biri olan SSRİ-nin Əfqanıstana müdaxiləsinin başlanmasından üç il keçirdi. Bu vəziyyətdə "Time" jurnalının 22 noyabr 1982-ci il tarixli Andropovu "ilin adamı" elan edən nömrəsi çapdan çıxdı. Bu jurnalı oxuyan Samanta anasından soruşmuşdu: "Əgər insanlar ondan belə qorxurlarsa, onun müharibə etmək fikrində olub-olmaması haqqında kiminsə məktub yazması düzgün olmazmı?" Anası ona belə demişdi: "Onda özün o məktubu yaz"

Samantanın yazdığı məktubun mətni

Hörmətli cənab Andropov,

Mənim adım Samanta Smitdir. Mənim 10 yaşım var. Sizi yeni işiniz münasibətilə təbrik edirəm. Mən Rusiya və Birləşmiş Ştatlar arasında nüvə müharibəsinin başlamasından çox narahatam. Siz müharibənin başlamasına səs vermək istəyirsiniz, ya yox? Əgər istəmirsinizsə, onda xahiş edirəm deyəsiniz ki, müharibənin qarşısını almağa necə yardım etməyi düşünürsünüz. Siz bu sualıma cavab vermək məcburiyyətində deyilsiniz, amma mən bilmək istərdim ki, nə üçün siz dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz. Tanrı dünyanı yaradıb ki, biz hamımız sülh şəraitində yaşayaq və müharibə etməyək.

Hörmətlə,

Samanta Smit

Samantanın məktubu "Pravda" qəzetində dərc olundu.

Samanta bu xəbəri eşidəndə çox sevinir, lakin o hələ məktubuna cavab almamışdı. Onda o, ABŞ-dakı sovet səfirinə məktub yazaraq Andropovun ona cavab verib-verməyəcəyi ilə maraqlanır. 26 aprel 1983-cü ildə o Yuri Andropovun cavab məktubunu aldı.

Andropovun cavab məktubu

Əziz Samanta!

Bu günlərdə sənin ölkəndən və digər ölkələrdən mənə daxil olan başqa məktublar kimi, sənin məktubunu da aldım.

Mən məktuba əsasən mülahizə yürüdürəm və mənə elə gəlir ki, sən də həmyerlin Mark Tvenin məşhur əsərindəki Tom Soyerin rəfiqəsi Bekki kimi cəsarətli və dürüst qızsan. Bizim ölkəmizdə bütün oğlan və qızlar bu kitabı tanıyırlar və çox sevirlər.

Sən yazırsan ki, bizim ölkələrimiz arasında nüvə müharibəsinin baş verəcəyindən çox narahatsan. Və soruşursan ki, biz müharibənin başlamaması üçün nəsə edirikmi.

Sənin sualın — düşünən hər bir insanın verə biləcəyi ən vacib sualdır. Sənin bu sualına ciddi və dürüst cavab verəcəyəm.

Bəli, Samanta, biz Sovet İttifaqında çalışırıq hər şeyi edək ki, bizim ölkələrimiz arasında müharibə olmasın və ümumiyyətlə dünyada müharibə olmasın. Bunu hər bir sovet insanı istəyir. Bunu bizə ölkəmizin böyük qurucusu Vladimir Lenin öyrədib.

Sovet insanları müharibənin necə dəhşətli və dağıdıcı bir şey olduğunu yaxşı bilirlər. 42 il əvvəl dünya üzərində hökmranlığa can atan nasist Almaniyası ölkəmizə hücum etdi, bizim minlərlə şəhər və kəndimizi yandırıb viran qoydu, milyonlarla sovet kişi, qadın və uşaqlarını öldürdü.

Bizim qələbəmizlə başa çatan o müharibədə biz Birləşmiş Ştatlarla müttəfiq idik, bir çox xalqların nasist istilaçılarından azad edilməsi üçün birlikdə mübarizə aparırdıq. Mən ümid edirəm ki, sən bunları məktəbdəki tarix dərslərindən bilirsən. Bu gün də biz sülh şəraitində yaşamağı, Yer kürəsindəki yaxın-uzaq bütün qonşularımızla ticarət aparmağı və əməkdaşlıq etməyi çox istəyirik. Və əlbəttə ki, Amerika Birləşmiş Ştatları kimi böyük dövlətlə də.

Həm Amerikanın, həm də bizim atom silahımız var – bir anda milyonlarla insanı öldürə bilən qorxunc silah. Ancaq biz istəmirik ki, o nə vaxtsa istifadə olunsun. Məhz buna görə Sovet İttifaqı təntənəli şəkildə bütün dünyaya bəyan edib ki, atom silahını heç vaxt – heç bir zaman ilk olaraq heç kimə qarşı tətbiq etməyəcək. Ümumiyyətlə, biz onun istehsalını dayandırmağı və dünyadakı bütün ehtiyatlarını məhv etməyi təklif edirik.

Mənə elə gəlir ki, bu sənin ikinci: "Siz nə üçün dünyanı və ya ən azından bizim ölkəmizi fəth etmək istəyirsiniz?" – sualına layiqli cavabdır. Biz belə bir şey istəmirik. Bizim ölkəmizdəki heç kim – nə fəhlə və kəndlilər, nə yazıçılar və həkimlər, nə böyüklər və uşaqlar, nə də hökumət üzvləri, nə böyük, nə də "kiçik" müharibə istəyirlər.

Biz sülh istəyirik – bizim görüləsi işlərimiz çoxdur: taxıl yetişdirmək, tikmək və ixtira etmək, kitab yazmaq və kosmosa uçmaq. Biz özümüz və planetin bütün xalqları üçün sülh istəyirik. Öz uşaqlarımız və sənin üçün, Samanta.

Əgər valideynlərin icazə versələr, səni bizə gəlməyə dəvət edirəm, yaxşı olar ki, yayda. Ölkəmizi tanıyarsan, həmyaşıdlarınla görüşərsən, uşaqların beynəlmiləl düşərgəsi – Artekdə olarsan. Və özün əmin olarsan ki, Sovet İttifaqında hamı – xalqlar arasında sülh və dostluq tərəfdarıdır.

Təbrikinə görə çox sağ ol. Sənə yenicə başlayan həyatında hər şeyin ən yaxşısını arzu edirəm.

Y. Andropov

Sovet İttifaqına səyahət

Samanta öz valideynləri ilə birlikdə 7 iyul 1983-cü ildə SSRİ-yə yola düşür. Hava limanında onu siyasət və hadisələrə biganə olmayan çoxlu adam qarşılayır. Smit ailəsinin Sovet İttifaqında keçirdiyi iki həftə ərzində xoşməramlı səfir Samanta Moskva, Leninqrad və Krımdakı əsas pioner düşərgəsi olan Arteki ziyarət etdi. Artek düşərgəsində rəhbərlik Samantanı qarşılamağa hazırlaşırdı: yeməkxana təmir edilir, ən yaxşı otaq onun üçün hazırlanır. Ona hətta bədən ölçülərini bilmədən pioner forması tikirlər. Nəticədə forma onun çox xoşuna gəlir və onu özü ilə aparır. Düşərgədə o, digər sovet uşaqları kimi gündəlik rejimə riayət edirdi. Sonda ağır xəstə olan Andropov Samanta ilə görüşməsə də onlar telefon vasitəsilə danışırlar.

SSRİ, ABŞ və digər ölkələrin KİV-ləri onun hər bir addımını izləyir, hər fazaya diqqət edirdilər. 22 iyulda evə yola düşərkən, Samanta telekameralara gülümsəyərək rusca: "Будем жить!" (azərb. "Yaşayacağıq!") qışqırır. Özünün "Sovet İttifaqına səyahət" kitabında Samanta "onlar bizim kimidirlər" sözlərini yazır.

Cavab görüşü olaraq 1986-cı ildə ABŞ-ı sovet məktəblisi Katya Lıçova ziyarət edir.

Samantanın vəfatı

Samanta Smit 25 avqust 1985-ci ildə baş vermiş aviaqəzada həyatını itirmişdir (en:Bar Harbor Airlines Flight 1808). Həmin gün Samanta atası ilə birlikdə İngiltərədə iştirak etdiyi Robert Vaqnerin teleşousundan qayıdırdı. Təyyarə Oqast şəhərinin aeroportuna enməli olduğu halda, buradan cənub-qərbdə yerləşən Obern-Lüiston bələdiyyə aeroportuna yönləndirildi. Görmə məsafəsinin az olması səbəbindən iki mühərrikli kiçik "Beechcraft 99" təyyarəsi uçuş-enmə zolağına çatmadan, onun kənarına 200 metr qalmış yerə çırpıldı. Təyyarədəki 6 sərnişin və 2 heyət üzvü hadisə yerində həlak oldular. Samanta və atası Houlton şəhəri yaxınlığında dəfn olundular.

ABŞ-da bu qəzada DTK-nın, SSRİ-də isə əksinə MKİ-nin əli olduğuna dair söz-söhbətlər gəzsə də, qəzanın araşdırılması göstərdi ki, qəzaya pilotun yol verdiyi səhvlər səbəb olub.

1985-ci ildə Samantanın xatirəsinə Sovet İttifaqında poçt markaları buraxıldı. 1986-cı ildə 3147 nömrəli asteroid Samantanın şərəfinə adlandırıldı. 1985-ci ildə Danimarka bəstəkarı Per Nörgard Samantanın xatirəsinə "Uşağı xatırlayaraq" adlı skripka üçün konsert bəstələdi. Samantanın adı ilə zanbaq və georgina növü, Sibirdə tapılmış almaz, okean gəmisi adlandırılmışdır.

Hər il iyun ayının ilk bazar ertəsi Men ştatında Samanta Smit günü kimi qeyd edilir. Auqusta şəhərindəki Men Dövlət Muzeyinin yanında əlindəki göyərçini havaya buraxan və yanında balaca ayı balası oturmuş Samanta Smitin heykəli qoyulmuşdur. Ayı balası Men ştatını və SSRİ-ni simvolizə edir.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+27=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0274 saniye