Anlat mənə dinlədiyin mahnını, duyduğun notları, kim duyur səndən başqa onları?
Anlat mənə insan kimi dünyaya gəlməyi hər xırda şeyə gülməyi, sevinməyi.
Anlat mənə ana qucağını, ata nə vazişini,səninlə sevinən kimsələri.
Anlat mənə uşaqlığını ən böyük qorxun olan qarışıq yuxularını.
Anlat dərslərini, həvəslərini, ilk məhəbbətini,
dərd saydığın qayğıları, təmiz dünyanı, hamını özün kimi saymağı
Anlat mənə həyatı, arzularını, onlarla qurduğun xəyalları
Anlat mənə məktəb illərini, müəllim töhmətini, yeganə qayğın olan imtahan qiymətini
Anlat mənə gördüyün ilk haqsızlığı, sevmədiyin insanları
Anlat mənə tanımağa başladığın cəmiyyəti, qırılan ümüdləri
Anlat mənə böyüməyi, gəncliyi, dərs aldığın səhvləri
Anlat mənə ailəni, o xoşbəxtliyi, övladının ilk ata deməyini, ana səsləməyini, sənin ona məhəbbətini
Eşitmək istəyirəm, anlat mənə o həyatı, bəlkə gözlərimdə canlandı
Dadmaq istəyirəm o duyğuları, anlamaq istəyirəm mənasını
Anlat mənə qız köçürməyi, oğul evləndirməyi, anlat mənə sevdiyinlə bir ömür keçirməyi, hər çətin günüzdə, biraz da artan sevginizi
Anlat mənə qocalığı, nəvə ləzzətini, ahıl yaşın gözəlliyini, öpülən əllərini, sənə edilən hörməti
Anlat mənə son nəfəsini, o an hiss etdiklərini, qızlarının sənin üçün göz yaşı tökməyini
Anlat mənə buraya gəlməyini, səni danışdıran mələkləri, yazılan günahları, savab işlərini
Anlat mənə yaşamağı, həyatı bir ömürdən geri qalanları
Sən anlat mənə dünyanı, mən sənə burdakıları
Sən anlat faniliyi, həyat sevincini, cənnəti, dörd ilin bir gecə olan cəhənnəmi
Axı mən nakamam dünyadan
Anlat mənə dünyanı, günəşin doğmağını, sübh azanını
Bunları dünyada dinləməyi, kəvakibi oradan izləməyi
Qurban ver göz yaşlarıma keçən zamanı, anlat mənə dünyada olmağı, ölmək üçün doğulmağı
Həsrətlə dinləyirəm, anlat mənə bunları...