İncil`də bəhs edilən və qiyamətdən əvvəl (Armageddon`dan qabaq) meydana çıxacaqları söylənilən bu atlılar özlərində simvolik mənalar daşıyırlar. İncil`in Vəhy bölməsində bunun İoanna`nın Patmos adasında qarşısına çıxdığı qeyd olunur.
İnanclara görə, Apokalipsis`in dörd atlısı ortaya çıxdığı vaxt artıq dünyanın sonuna az qaldığı mənasına gəlir. Bu, müxtəlif mənbələrdə müxtəlif cür yozulsa da, nəticə etibarilə, dörd atlı qiyamət öncəsi fəlakətləri simvolizə edir:
Ağ atlı – Atı müqəddəsliyi simvolizə edir, atlı əlində yay və tac daşıyır. Güman edilir ki, o görünəndə İsa Kral kimi hazır olacaq;
Qırmızı atlı – Atı tökülən qanların rəngini simvolizə edir, atlı əlində qılınc daşıyır. Müharibələr və qarşıdurmalara səbəb olacağı güman edilir;
Qara atlı – Ölümə yaxınlığı simvolizə edir, atlı əlində tərəzi daşıyır. Qıtlıq, aclıq və yoxsulluğun səbəbkarı kimi təqdim olunur;
Solğun atlı – Ölümü simvolizə edir. Xəstəliklərə səbəb olacağı, insanların vaxtsız ölümünə gətirib çıxaracağı güman edilir.
İncil`də qeyd olunan Apokalipsis`in dörd atlısı haqqında müxtəlif rəvayətlər var. O cümlədən, bu atlıların artıq görünməyə başladığı haqda müxtəlif vaxtlarda da söz-söhbətlər dolaşıb. Xüsusilə, 2011-ci ilin fevral ayında Misirdəki ixtişaşlar zamanı kameralarda əks olunan yaşıl atlı silüeti geniş müzakirə mövzusu olub. İncil`də yaşıl atlıdan bəhs edilməsə də, müzakirələrdə bu atlının məhz Apokalipsis`in atlısı olduğu qeyd edilirdi. Həmin vaxt İslam alimləri görünən silüetin qiyamət öncəsi peyda olacaq Xızır Peyğəmbərin olduğunu bildirmişdilər.