Armud ağacı
AğaPaşa tərəfindən "Hekayə" bolməsinə 11:45 27 oktyabr 2019 tarixində əlavə olunmuşdur

#Armud ağacı
Uşaqlıqdan , indiyə qədər ,yaddaşımdan çıxmayan tək bir insan var.-Babam.Hər kəsin, övladlarının belə , sevgidən daha çox,qorxudan hörmət bəslədikləri adam.Hətta nənəmin belə. Heybətli və ucaboy olan bu kişinin elə zəhmli sifəti vardı ki, heç kim onunla mübahisəyə girişməzdi. Yanında kimsə danışanda sözləri elə seçərdi ki, babam o sözlərdən səhv tutmasın.Babama olan bu hörmət və qorxu hisslərindən uşaq ağlımla heyrətə düşərdim.Babam həmişə mənim ağlımda, o vaxtdan indiyə kimi, kişilik timsalı olaraq qalmaqdadır.Onun dürüstlüyü, sadiqliyi,mərhəməti ətrafına çox dost toplamışdı. Ətrafında bu qədər dost,tanış, sahib olduğu var dövlət, canı qanı olan on övladı, hətta yoldaşı belə onu tamamlaya bilmirdi.Hər şeyi vardı. Amma içində bir boşluq yatırdı.Həmişə özünü yarım,tənha hiss edirdi.Uşaq olsam da, bunu duyurdum.Bəs altı oğlu, dörd qızı və həyat yoldaşı -bu adamın içindəki boşluğu hiss edə bilirdi mi?

Kəndimizdəki həyətin aşağısında,quyunun yanında bir armud ağacı var idi.Babam hər səhər, külfətə işlərini tapşırandan sonra,gedib o ağacın altında oturardı.Ağacın dibinə qoyulmuş döşəyi heç vaxt onun qorxusundan ordan götürməyə cəsarət etməzdilər.Babam da o ağacın meyvələrindən yeməyimizi istəməzdi .Bibim oğlu və mən həmişə uzaqdan ağaca daş atıb,dibinə düşən armudları, gedib yığıb yeyərdik.Bunu elə edərdik ki, babamın xəbəri olmasın.Amma babam bizi həmişə görür, və hirsini cilovlamağa çalışırdı.

-Bu ağaca daş atmayın!

Babamdan heç vaxt qorxmamışam. Çünki, bircə dəfə də olsa, nə məni acılayıb,nə də bir çırtma vurub. Bəlkə də mən onun ilk oğul nəvəsiyəm deyə, hərzaman məni əziz tutub, digər nəvələrindən fərqləndirib. Əmilərimin, bibilərimin uşaqlarına babamın münasibəti fərqli idi.Bu ayrıseçkiliyin səbəbini hərkəs məndə görürdü. Amma ən azından mən ərköyün olsam da, babamın bir sözünü iki eləmirdim. Həmişə quyunun kənarında qoyun otaranda, babama baxırdım.Öz-özüylə danışırdı.Yəni mən belə zənn eliyirdim.

Amma babamın bu qədər var dövləti, xoşbəxt ailəsi olduğu halda,o qədər insanı qoyub,bir ağacla dərdləşməyini sonralar anladım. Babama onu dinləyəcək biri lazım idi,ya da bir şey. Babam bezmişdi, özünü ağıllı sayıb, məsləhətlər,təsəllilər verən adamlardan. Elə bu səbəbdən bu ağacı özünə sirdaş seçmişdi. Bu ağac insanlar kimi,babam danışanda onun sözünü kəsmir,ona məsləhətlər vermirdi.Sadəcə dinləyirdi.Bir insan ağacla dost olar mı? Sən demə olurmuş. İnsan danışmağa ,içini boşaltmağa birini tapmayanda,daşla, divarla da, dost ola bilərmiş…

Universitetə qebul olduğum il babamı itirdik. Çox isdəyərdim ki,universitetə məni görməyə gəlsin. Hər kəs o dağ kimi babamı görsün.Gəlmirdi.Gələ bilməzdi.

Kirayə qaldığım yataqxanada, hər kəs yatandan sonra,gözlərim dolur, içim sızıldayırdı. Amma bu babamı geri qaytarmırdı. Babamdan sonra ,məndə də içini heç vaxt doldura bilməyəcəyim bir boşluq yarandı və o boşluğu heç kim doldura bilmədi.Bir gün kəndə gedəndə gözləmədiyim bir şeylə qarşılaşdım.Armud ağacı qurumuşdu.Bəlkədə, babama ən sadiq dost o oldu bu həyatda.Babamdan sonra yaşamağı , meyvə verməyi,özünə ar bildi,o da solub getdi. Mən isə o gün, babamın sayəsində ,ağacların da hislərinin olduğunu öyrəndim.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+27=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
aga.ismailoff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0246 saniye