Artıq 8 yaşımdan etibarən ağlamağı unutmuşdum
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 18:40 01 may 2015 tarixində əlavə olunmuşdur

- 12.000 uşaq idik. Ən kiçiyimiz 4 yaşında, ən böyüyümüz 12 yaşında idi. Mənim 7 yaşım təzəcə tamam olmuşdu. Bizi ölkənin bütün yetimxanalarından yığıb üç böyük gəmiyə yerləşdirmişdilər. Bizə “əyləncə” sözü vermişdilər. Necə də sevinmişdik. Amma verdikləri sözü tutmadılar. Gəmi sahilə yan alan zaman kabuslarımız başlandı. Belimiz daş parçaları daşımağa başladı. Qızlarla süpürgə, əsgi verib təmizlətdirməyə məcbur etdilər. Ağlayırdıq, kimisə köməyə çağırırdıq, amma heyhat! Günlərlə ac-susuz olurduq, dodaqlarımız çatlayırdı. Soyuq və qaranlıq künclərdə, döşəmələrdə bir-birimizi qucaqlayaraq yuxuya getməyə çalışardıq, bəzən alınmırdı. Aya, ulduzlara baxıb nəmli yanaqlarımızı qurulayırdıq. Çoxları həyatlarını dəyişdilər. Heç ölülərə hörmət göstərilmirdi orada. Cansız bədənləri torbaya qoyub kollu çuxura atırdılar. Xəstələnənləri ölüncəyə qədər döyürdülər. Onların zərbələrindən, baxışlarından qorxdurduq. Səhv etməmək üçün bütün həyatımızla çalışırdıq. Çünki...çünki...çünki...

Titrəyirdi. Gözlərində dəhşət ifadə olunurdu. Tələm-tələsik nəfəsini alıb-verməyə başladı. Dirsəklənib başını əlləri arası aldı.

-İnanmazsınız onsuz da. Heç kim inanmaz.

Psixoloq qadın onun sakitləşməsini gözlədi. Eşitdiklərindən gözləri dolmuşdu. İxtiyarı olsaydı, elə indicə hönkürəcəkdi. Amma gözləməli idi. Eynəyini çıxardıb barmaqlarının arasında titrətdi. Dodaqlarını bir-birinə elə bərk sıxdı ki, qansızlıqdan ağappaq oldu.

-Axı niyə inanmayım?

-Çünki...bizə...bütün uşaqlara...t-t-t-ə-ə-ə-c-c-c-a-a-a-v-v-v-ü-ü-ü-z-z-z e-e-e-t-t-t-d-d-d-i-i-i-l-l-l-ə-ə-ə-r-r-r...

Qadın ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Göz yaşlarını sərbəst buraxdı. Səsini çıxartmamaqdan ötrü yumruğunu dişlədi.

-Hə, təcavüz etdilər. Hər nə qədər ağlasaq da,yalvarsaq da əl çəkmirdilər. Hətta 7 yaşlı qızlardan biri 4-cü, ya da 5-ci təcavüzdən dərhal sonra ölmüşdü. Bir neçəsi də hamilə qalmışdı, öz həkimləri ilə abort elətdirdilər. Gecə ilə qaçanlar olurdu təbii ki, amma heç yarım saat keçməmiş tapırdılar onları və cəzalandırmamış bizə buraxmırdılar. Bütün bədənləri qan içində idi. Biz də daha çox qorxurduq...Artıq hər gecə yatma vaxt gələndə onların ayaq səslərini eşidərdik. Məni aralarından biri xüsusilə seçmişdi. Onun toxunuşlarına zorla dözürdüm, ağlamamaq üçün dilimi dişləyirdim, işini bitirənə qədər gözlərimi nöqtədən ayırmırdım. Artıq 8 yaşımdan etibarən ağlamağı unutmuşdum.

Qadın psixoloq qayıdıb yerində əyləşdi.

-Nə vaxta qədər?

-10 ilə yaxın. Soyuq-isti, fərq etməzdi, dayanmaq bilmədən işlədirdilər. Bizə neçə-neçə müəssisə tikdirdilər, yollar saldırdılar, yaşıllıqlar düzəltdirdilər. O xarabalıqdan bir cənnət yaratdılar sayəmizdə. Dünyanın hər yerindən axın oldu. Bizi isə istədikləri kimi dağıtdılar. Başqa qitələrə, başqa ölkələrə, başqa şəhərlərə ki, bir-birimizi tapmayaq. Onsuz da susqunluğumuzu yaxşı bilirdilər. Bəlkə də ömür boyu belə davam edərdi, amma 5 il əvvəl oranı dünyanın ən gəlirli turizm mərkəzi elan etdikdən sonra beynimizdəki vulkan oyandı. Bir şəbəkə altında bir-birimizi taparaq birləşməyə qərar verdik. Uzun vaxt aldı. Ayrı din, ayrı dil, ayrı ölkə. Həm də illər, yaşadıqlarımız ağırlığı bizi dəyişdirmişdi. Ailəli olanlarımız az idi, eynən mənim kimi. Axı necə, hansı ağılla ailə quraq? Hər dəfə uşaqlarımıza baxarkən onları parçalamamaq üçün “xarakiri” (19-cu əsrə qədər Yaponiyada geniş yayılmış özünəqəsd ritualı) edək? Həyat yoldaşlarımız bizə toxunarkən o iyrənc toxunuşları necə yadımıza salmayaq? Beynimizdə onların yaratdıqları canavarlarla mübarizə aparmaqdan yorulmuşuq. Kabuslar, travmalar-bunlar heç vaxt bitməyəcək. Onların bəziləri hələ həyatdadır.

Kürəyini stulun söykənəcəyinə dayayıb gözlərini qapatdı. Üz əzələlərinin gərginliyi bütün çılpaqlığı ilə özünü büruzə verməkdə idi.

-Düzdür, artıq yaşımız 40-ı ötüb, amma heç nə üçün gec deyil, hə? Bizə inanmayacaqlar, iftira atacaqlar, hədələyəcəklər. Amma dünya gec-tez araşdırıb bizdən üzr də istəyəcək...

Qadın psixoloq saçları bütünü ilə ağarmış əks-cinsin nümayəndəsinin qəti əminliklə deyilmiş sözlərindən sarsıldı.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+7=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.024 saniye