“The Star”
Müəllif: Arthur C. Clarke
İngilis dilindən tərcümə edən: Aykan Məmmədzadə
Vatikandan üç min işıq ili uzaqda.
Əvvəllər kainatda inancdan qüdrətli heç bir qüvvənin olmadığını düşünər, göy üzünün Tanrının şah əsəri olduğuna inanardım. Hazırda isə inancım sarsılıb...
Kompüterin qarşısında dayanıb divardan asılmış xaça baxıram. İlk dəfə bu simvolun mənasız olub-olmadığı haqda fikirləşirəm.
Hələ ki, bu haqda heç kimə danışmamışam. Amma həqiqət gizli qalmır. Dünyadan çox uzaqda maqnit cihazları vasitəsilə faktlar – fotoşəkillər əldə etmişik. Hər kəs bu məlumatlardan bir çox nəticə çıxara bilər. Mən təhrif edilmiş həqiqəti doğru göstərməyə çalışanlardan deyiləm.
Bunun dünyada necə qarşılanacağı haqda fikir yürüdə bilmirəm. Artıq ekipaj üzvləri mənən sarsılıblar. Yola çıxdığımızdan bəri yezuit olduğum üçün mənə lağ edirdilər. Onlardan az hissəsi dindardır, lakin əldə edilən faktlara baxnayaraq, mənə qarşı təxribata başlamadılar.
Görəsən, niyə professorların hamısı Dr. Çandler kimi Yaradana inanmırlar? Hərdən, mənə müşahidə göyərtəsində yoldaşlıq edirdi. Burada işıq zəif olduğu üçün ulduzlar yaxşı görünürdü. Dr. Çandler yanımda dayanıb gəminin sabit istiqamətini dəyişərdi. Bu vaxt oval pəncərədən görünən ulduzlar ətrafımızda dönərdi. Dr. Çandler, “Bəli, cənab”, - deyə sözə başlardı, “Gördüyümüz kimi, kainat sonsuzdur. Ola bilsin ki, onu kimsə yaradıb. Həmin o yaradanın bizə və bizim acınacaqlı dünyamıza maraq göstərdiyinə necə inana bilirsiniz?”. Beləliklə, uzun bir mübahisənin əsası qoyulardı.
Fikrimcə, ekipaj üzvlərinin mənə bu cür münasibətinə səbəb düşüncələrimin onlara əks mövqedə dayanması idi. Onların diqqətini “Astrophisical Journal”dakı üç və “Monthly Notices of the Royal Astronomical Society” jurnalındakı beş yazıma çəkməyə çalışmaq faydasız olardı. Mən onlara xatırlatmaq istərdim ki, yezuitlər uzun illər öz elmi işləri ilə məşhur olublar. Artıq sayımız azalıb, lakin astronomiya və geofizika elminə çoxlu töhfə vermişik.
Feniks dumanlığı ilə əlaqədar yazdığım yazı tariximizin son min ilini dəyişdirə bilərmi? Qorxuram, çox şeyin sonu çatacaq.
Mən bilmirəm, bu dumanlığa pis adı kim verib? Yəqin, bu, sadəcə, öncəgörmədir. Lakin bu öncəgörmənin, yalnız bir neçə milyard il sonra gerçəkləşməsi mümkündür. Çünki burada söhbət süd yolundakı ulduzların ətrafında toplanmış buludlardan getmir. Feniks dumanlığı adi bir ulduzun ətrafındakı qaz təbəqəsindən başqa bir şey deyil. Ola bilsin, bu, bir ulduzun qalıqlarıdır...
Loyolanın spektrofotometr üzərində asdığı mis oyması, sanki, mənə istehza ilə baxırdı. Loyola, dünyadan bu qədər uzaqlarda öyrəndiklərimi bilsəydin, görəsən nə edərdin? İnancın məni özünə təslim edən həqiqətə qarşı dura bilərdimi?
Sən gələcək barədə fikir yürüdürdün. Amma mən min illər bundan əvvəl təriqətimizi yaratdığın vaxt təsəvvürünə gətirə bilməyəcəyin qədər uzaqdayam. İndiyə kimi heç bir tədqiqat gəmisi yerdən bu qədər uzaqlaşmamışdı. Biz kainatın kəşfedilə biləcək ən ucqar nöqtəsində idik. Feniks dumanlığına çatmaq istəyirdik. İstəyimizə nail olduq... İndi isə topladığımız məlumatlarla Yer kürəsinə qayıdırıq. Bu yükü üzərimdən atmaq istəyərdim, əslində, ata bilərdim. Amma mən aramızdakı minlərlə işıq ilinin ardından sənə boşuna səslənirəm.
Əlindəki kitabın adını asanlıqla oxumaq mümkündür: “Ad moirem Dei gloriam” (“Tanrının uca şöhrətinə”). Bu elə bir mesajdır ki, mən buna artıq inana bilmərəm. Görəsən, topladığımız məlumatları biləndən sonra sən də inamağa davam edəcəksən?
Təbii ki, Feniks dumanlığı haqda bəzi fərziyyələrimiz var idi. Hər il qalaktikamızda yüzlərlə ulduz partlayır, bir qədər parladıqdan sonra boşluqda yox olub gedirlər. Bunlar kainatda tez-tez təsadüf olunan novalardır. Ay müşahidə evində işlədiyim vaxtdan bəri bu cür çoxlu sayda işıq əyrilikləri və spektroqramlar qeydə almışam.
Bir ulduz supernovaya çevrilsə, onun parlaqlığı bir müddət yaxınlıqdakı digər ulduzların işığını itirər. 1054-cü ildə Çin astronomları nə olduğunu başa düşmədikləri belə bir hadisə ilə üzləşdilər. 500 il sonra, 1572-ci ildə Kassiopey ulduz topasında, hətta gündüzlər də görünən supernova müşahidə edildi. O vaxtdan bəri keçən min ildə buna oxşar daha üç hadisə baş verdi. Bizim vəzifəmiz isə, baş verənləri dərindən incələmək və səbəbini ortaya çıxarmaq idi.
Altı min il bundan əvvəl meydana gələn və hələ böyüməyə davam edən qaz təbəqəsini astaca keçdik. Dəhşətli dərəcədə isti idi və təbəqə ətrafa bənövşəyi rəngdə işıqlar saçırdı. İşıqlar seyrək olduğu üçün gəmimizə zərər verə bilmədi. Ulduz partladığı vaxt üst təbəqə sürətlə ətrafa yayılmış və ulduzun cazibə qüvvəsindən uzaqlaşmışdı. İndi mərkəzi Yer kürəsindən kiçik, ağırlığı isə ondan qat-qat çox olan ağ cırtdan ulduz meydana gəlib. Qaynar qaz təbəqəsi ətrafımızdakı boşluğu işıqlandırırdı. Min illər bundan əvvəl partlayan, lakin parçaları hələ də ətrafa yayılmaqda davam edən universal bombanın mərkəzinə tərəf uçurduq. Dəhşətli partlayışdan heç nə qalmamışdı... Bu fırlanan qaz buludu uzun illərdir müşahidə edilsə də, məsafənin uzaqlığı nəticə əldə etməyə mane olmuşdu.
Gəminin motorlarını söndürdük. Kiçik və isti günəşə yaxınlaşmağa başladıq. Bu da bir vaxtlar bizimki kimi Günəş olmuşdu. İndi isə, cavanlığında hər şeyini itirən və sərvətinin son qalıqları ilə dolanmağa çalışan, əldən düşmüş bir qocanı xatırladırdı...
Heç kim ağlına belə gətirmirdi ki, burada hansısa planeti aşkarlayacağıq. Partlayışdan əvvəl bəzi planetlərin olduğu güman edilsə də, belə bir istilikdə onların toz halına düşüb ulduzun ətrafındakı qaz təbəqəsinə qarışdığına inanırdıq. Amma naməlum günəşə yaxınlaşarkən davam edən axtarışlarımız nəticəsində kiçik bir planetə rast gəldik. Bəlkə də, bu, bizim Günəş sistemindəki Plutona bənzər göy cismi idi. Planet yaşayışın mümkün olmayacağı qədər uzaqda idi. Bu uzaqlıq onu yox olmaqdan xilas etmişdi...
Planetin səthinə endik və bir qala tapdıq. Görünür, qalanı tikənlər onun asan nəzərə çarpması üçün xeyli vaxt sərf etmişdilər. Qalanın girişindəki monolit, artıq əriyib kötüyə dönmüşdü. Teleobyektivlərlə çəkdiyim fotoşəkillər tikilinin ağıllı insanlar tərəfindən yaradıldığını sübut edirdi. Qısa bir müddət sonra isə böyük radioaktiv sahə ilə qarşılaşdıq.
Qala inşa edilərkən, təxminən, iki kilometr hündürlüyə malik olub. İndi isə əriyən şama bənzəyirdi.
Ərimiş daşın qalıqlarını oymaq üçün bir həftə vaxt sərf etdik. Çünki bu iş üçün lazım olan alətlərimiz yox idi. Təbii ki, biz arxeoloq yox, astronomuq. Amma hər işin öhdəsindən gələ bilərik. Əvvəlcədən hazırlamış olduğumuz planımızı dəyişməyə məcbur idik. Bu qalanı belə çətinliklə inşa edəcək varlıqların bir məqsədi ola bilərdi: yox olacağını bilən bir tayfa ya da sivilizasiya özündən sonra iz qoymaq niyyəti...
Qalanın altında qalmış hər bir şeyi dərindən tədqiq etmək üçün çox vaxta ehtiyacımız var idi. Amma, belə görünür ki, qalanı inşa edənlərin onu sona çatdırmaq üçün lazımi qədər vaxtı olub. Yəqin ki, günəşləri partlayışdan öncə onları xəbərdar edibmiş. Bacarıqlarını sərgiləyərək ərsəyə gətirdikləri vacib əşyaları da qorumaq üçün burada gizlətmişdilər. Onlar qoyub getdiklərinin başqa sivilizasiya tərəfindən tapılacağını ümid edirmişlər...
Kaş ki, daha çox vaxtları olsaydı. Bəlkə, onda planetlərarası uçuşu öyrəndikləri kimi ulduzlararası uçuşu da öyrənərdilər. Onlara ən yaxın ulduz yüz işıq ili məsafədə idi...
Heykəllərdən görünürdü ki, onlar insana bənzəmirlər. Lakin onların kədərli sonu bizi məyus etdi. Özlərindən sonra buraya gələnlərin onların düzəltdiklərini asan başa düşmələri üçün diaqramlar da hazırlamışdılar.
Bəzi məqamlarda bizdən daha üstün olan sivilizasiyanı dərindən araşdırdıq. Altı min il sonra məhv olan sivilizasiyanın acı təəssüratlarını qəlbimizdə hiss etdik. Bəlkə də, onlar, yalnız cəmiyyətlərinin yaxşı tərəflərini əks etdirməyə çalışıblar. Lakin buna görə də onları qınamağa haqqımız yoxdur. Dünyaları çox gözəldir, şəhərləri isə bizimkilərdən geri qalmır. Rəsmlərdə onları işləyərkən gördük; Musiqilərinə qulaq asdıq; Adətləri ilə tanış olduq.
Xüsusilə, bir mənzərə gözlərimin qarşısından getmir. Sahildəki bir neçə uşaq... Yer kürəsindəki həmyaşıdları kimi üzərlərinə gələn dalğalarla oynayır və gülüşürlər. Qamçıyabənzər ağaclar sahilə tərəf uzanıb, bir neçə heyvan palçığa bata-bata suyun dayaz yerlərində gəzişirlər. Arxada isə bu bədbəxt canlılara bir az sonra xainlik edəcək Günəş ətrafa dostcasına işıq saçır...
Ekipaj üzvlərindən çoxu indiyədək bir çox sivilizasiya ilə tanış olublar. Lakin heç biri belə təsirli olmamışdı... Bəlkə də, dünyadan çox uzaqda və tənha olmasaydıq, bu şəkil bizə belə təsir etməzdi.
Bu, faciədir. Tanrının mərhəməti ilə heç də uyğun gəlmir.
Ətrafdakılar da mənə bununla bağlı bəzi suallar verdilər. Bildiyim hər şeydən istifadə edərək verdikləri suallara cavab tapmağa çalışdım. Bəlkə də, sən daha yaxşı cavablar verə bilərdin, Loyola, amma mən verə bilmədim. “Exercitia Spiritualia” da (“Ruhun Yüksəlişi”) mənə kömək etmədi.
Onlar, heç də, pis insanlar deyildilər: hansı Tanrılara inandıqlarını, daha doğrusu, Tanrıya inanıb-inanmadıqlarını belə bilmirəm. Dönüb geriyə baxıram və onların öz büzüşmüş günəşlərinin işığını qorumaq üçün necə güc sərf etdiklərini görürəm. Onlar düşünə bilərdilər, “biz niyə məhv oluruq?”
Yoldaşlarımın Dünyaya qayıdanda nələr deyəcəklərini təxmin edirəm. Kainatın heç bir mənasının olmadığını, sadəcə, fəzada il ərzində yüzlərlə ulduz partlayışına görə (bəlkə də, elə indicə haradasa ulduz partlayır) hər hansı bir sivilizasiyanın yox olduğunu deyəcəklər. Bu sivilizasiyanın yaxşı, ya da pis olması heç nəyi dəyişmir. İlahi ədalət deyə bir şey yoxdur, çünki Tanrı yoxdur.
Bunun əksini fikirləşənlər isə hadisələrə məntiqlə yox, hisləri ilə yanaşıblar. Tanrının insanlara öz hərəkətlərini göstərməyə ehtiyacı yoxdur. Kainatı yaradan Tanrı, lazım bilsə, onu məhv də edə bilər.
İnsanların məhv olmağı məni çox narahat etsə də, əlimdən heç nə gəlmir. Amma hərdən elə şeylər olur ki, insanın inancı tamamilə sarsılır. Elə indicə məndə olduğu kimi. Dumanlığa çatmamışdan əvvəl partlayışın nə vaxt olduğunu bilmirdik. İndi isə əldə etdiyimiz məlumatlar əsasında bunun nə vaxt olduğunu dəqiq hesablamaq mümkündür.
Partlayışın şüalarının dünyaya nə vaxt çatacağını, artıq arxada qalan və getdikcə gözdən itən bu supernovanın səmanı necə işıqlandırdığını, günəş çıxmamışdan əvvəl üfüqdə, şərqdə necə bir işıq parladığını bilirəm...
Heç bir şübhə yoxdur. Artıq sirrin üstü açılıb...
Ey Tanrı, partladılacaq o qədər ulduz var idi ki... Məhvlərinin simvolu Qüds üzərində parlasın deyə, bu canlıları yandırmaq lazım idi?