Astrofizik Cəfər Quluzadə-nin müsahibəsi haqqında fikirlər…
Ağaəhməd Göyüşov tərəfindən "Elmi məqalə" bolməsinə 11:28 20 iyul 2016 tarixində əlavə olunmuşdur

Əvvəla yazıya başlamamışdan əvvəl onu xüsusi ilə qeyd etmək istərdim ki, son zamanlar nədənsə müsəlman təbəqənin, dini inanclı şəxslərin əleyhinə bir sıra yazılar artır və sürətlə yayılmağa başlayır. Amma bu yazıların cavabları və ya başqa, dini inancın əsaslarına həsr olunmuş yazılar, elmi araşdırmalar bir o qədər yayılmır, populyarlaşmır. Bəlkə də subyektiv və obyektiv səbəblər var, nə isə bununla işim yoxdur. Bu müsahibədən əvvəl bu tip yazılar və müsahibələr olmuşdur, amma bu müsahibəni çox adamın paylaşmasına və verilən primitiv cavabların çox insan tərəfindən yüksəkdəyərli fikir kimi qəbul olunmasına görə düşündüm bu müsahibədə olan bəzi fikirlərə aydınlıq gətirilsin…

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadəni salamlayıram. Cəfər müəllimin müsahibəsinin əvvəlindəki elmi izahlar və cavablar bir çox məsələlərdən bizi agah edir. Qalaktikanın genişlənməsi haqqında olan fərziyələrə çox gözəl izah verməsi və bu izah üçün qurduğu cümlələr, həqiqəti ifadə etməsi məni sevindirdi. Hətta deyərdim ki, müsahibənin ortasına qədər niyə görə başlığı belə qoyublar? Axı Cəfər müəllim dinin, Quranın əleyhinə nə dedi ki? – fikri beynimdə dolaşırdı. Qalaktikaların daim genişlənməkdə olmasından (səhv etmirəmsə Qurani-Kərim də buna işarə edir)  danışması, səsləndirilən fərziləri şərh etməsi gözəl idi. Müsahibənin əvvəlində səsləndirilən nizam və nizamsızlıq məsələsinə gəlincə isə nizamlılıq yalnız nəyinsə olduğu yerdə olmağı demək deyil. Nizamsızlıq adlandırdığımız nə isə də özünə məxsus nizamlılığa malik ola bilər. Eyni zamanda nizamlı bir sistem səbəb-nəticə qanunlarına da tabedirsə, səbəb-nəticə qanununa əsasən hansısa nizamsızlıq mümkün ola bilər. Və ya ola bilər ki, bizim üçün nizamsızlıq görünən bir şey əslində bir nizamlı qanunauyğunluğa tabedir. Siz ədədi və ya həndəsi silsiləyə nəzər salsaz nələri ifadə etməyə çalışdığımı anlaya bilərsiz. Zaman var idi ki, bir sıra elmi nailiyyətlərdən əvvəl, elmi nailiyyət predmeti qəribə qarşılanır, mövcudluğuna şübhə olunur, müəyyən nizama malik olmasına, qanunauyğunluğa tabe olmasına baxmayaraq ( biz bundan hələki bixəbər olduğumuz üçün) onu nizamsız və ya heçbir qanunauyğunluğa tabe olmamağını iddia edirdik və s.  Digər tərəfdən elm hərşeyin sirrini tam aşkara çıxarmış deyil. Nə indi, nə yüz illər əvvəl, nə də min illər əvvəl.   Heç yaxın illərdə də elmin hərşeyi izah edə biləcək gücə gəlməsinə inanmıram… Bunu Cəfər müəllim də bilir ki, müsahibəsində bunu açıq-aydın ifadə edir. İcazənizlə müsahibədən bəzi fikilərə baxaq:

“İnsan zəkası kainatı müəyyən sərhədə qədər dərk edə bilir. Məsələn, biz sonsuzluq deyirik. Bəs sonsuzluq nədir?! Qeyri-müəyyənlik… Biz dünyanı, materiyanı müəyyən yerə qədər anlaya bilirik. Elm belədir ki, daim inkişafdadır. Dünən bilmədiyimiz bəzi məsələləri bu gün izah edə bilirik. Ancaq bütün məsələləri izah etmək qeyri-mümkündür.“ “……. Elmin inkişafı ilə əlaqədar sabah başqa nəzəriyyələr, fərziyyələr də meydana gələ bilər.  ….. “ “ …… Houkinqin son fikirlərinə görə, qara dəlik alternativ kainata yoldur. Bu isə fərziyyədir. Alimlər yavaş-yavaş hər şeyi izah etməyə çalışırlar. Amma ilkin təkanı dəqiq deyə bilmirlər. Yəni, ilk başlanğıcın necə olmasını bilmirik. …… “

 

Cəfər müəllimin bu kimi fikirlərini rəhbər tutaraq və özünün ifadə etdiyi kimi  demək olar ki, elm hələ nələrinsə sirrini yavaş-yavaş açmağa çalışır, bunun üçün səy göstərir, təcrübələr keçirir. Amma bu o demək deyil ki, hələ elmin sübut etmək üçün gücü çatmadığı nəsə reallıq deyil, elmə ziddir. Bu absurt yanaşmadır. Bir şey elmi cəhətdən izah oluna bilməyibsə, bu o demək deyil ki, illər sonra ( hətta yüz illiklərdə ola bilər) bu elmi nailiyyət kimi, təsdiqlənmiş nəzəriyyə qismində bizə təqdim olunmayacaq…

 

İkinci ən əsas məsələ hansısa elmi nəzəriyyələr, fərziyyələr də yanlış ola bilər. Bir nəzəriyyənin və ya fərziyyənin irəli sürülməsi və arqumentlərlə əsaslandırılması o demək deyil ki, o nəzəriyyə 100% düzdür. Bir müddət sonra onun ziddi olan və daha güclü arqumentlərə və əsaslandırmalara malik nəzəriyyə gələr və onu alt-üst edər. Necə ki, Cəfər müəllim u hadisəyə öz müsahibəsində bilərəkdən və ya bilməyərəkdən toxunub:

 

Əvvəllər belə bir fikirlər var idi ki, kainat yarananda toz və qazla dolu olub. Və qazla tozun içərisində hərəkət edən kiçik hissəciklər yanındakıları yığa-yığa gedib, sonra göy cisimləri yaranıb. Bu, nəzəriyyə yox, fərziyyədir. Uzun müddət yaranmanı bu mexanizmlə izah edirdilər. Sonralar yeni nəzəriyyə ortaya çıxdı. Bildirildi ki, kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və böyük partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. Bu da sübut olunmamış bir nəzəriyyədir. Ancaq bəzi şeyləri izah etmək olur. Dünyanın quruluşu haqqında əvvəllər Ptolomey nəzəriyyəsi var idi. O səhv idi, amma çox şeyi izah edə bilirdi. Ona görə də, o təlim 15 əsr yaşadı. Sonra isə elmin inkişafı nəticəsində aydın oldu ki, Ptolomeyin təlimi bəzi şeyləri izah edə bilmir.

Bu təlimdə deyilirdi ki, filan zaman Günəş tutulması olacaq.   Amma əslində ümumi nəzəriyyə olaraq səhv idi. Buna baxmayaraq, burada daxili dəqiqlik o qədər böyük idi ki, səhv də olsa, çox hadisələri izah edirdi. İndi heliosentrizm nəzəriyyəsi var. Yəni Günəş sisteminin mərkəzində Günəş durur. Elmin inkişafı ilə əlaqədar sabah başqa nəzəriyyələr, fərziyyələr də meydana gələ bilər.  ….. “

Yəni ki, hər mövcud olan nəzəriyyə və fərziyyə doğrudur deyilə bilməz.

Müsahibədə verilən suallardan biri:

–  Elm ilk anı araşdırmağa çalışır. Din adamları isə ən yaxşı halda sadəyə qaçaraq, ilk təkanın ali bir şüur – Allah tərəfindən olduğunu deyir. Elə dinlər də ilk təkanın uca bir varlığın iradəsi ilə baş verdiyini vurğulayır. Siz də belə düşünürsünüz?

Suala fikir versəniz sanki, insanlar iki cəbhəyə ayrılır. Elm adamları və din adamları.

Din elmə qarşı deyil, əksinə öz müqəddəs təlimlərində elmin inkişafının tərəfdarı olmuşdur. Çünki, din adamları bilir ki, düzgün elmi nailiyyətlər sonda insanı məhz həqiqətlərə aparacaqdır. Amma bizlər çox vaxt, müəyyən vaxtlarda hər elmi nəzəriyyə adı ilə bizə təqdim olunan, adında elm olan hərşeyi qəbul elədik.  Adicə evimiz üçün qida alanda yaxşısnı seçirik, kənarı gözəl bəzədilmiş, amma içi zay olan məhsulu almırıq, uzağı aldanıb bir-iki dəfə alarıq. Kaş Zehni qidamıza – elmə də bu qədər həssaslıqla yanaşardıq.  Din ilk anı nəinki araşdırır, nəinki öz din alimlərinə müxtəlif sahələrdə ixtisaslaşıb, sirrlər açmağa şövq edir, eyni zamanda ilk an sirrlərinin, təbiətdə, elmdə olan bir sıra sirrlərin aşkarlanmasına gedilən yollarda verir. Bunu hər zaman missal çəkirəm. Əgər insanlar İmam Əli(ə)-nin hədisindəki, “Fəratdan (çaydan, sudan) evlərinizə nur (işıq) çəkərdim” hissəsinin üstündə dayanıb, düşünüb, bunun mümkünlüyü haqqında düşünsəydilər, yollarını tapmağa çalışsaydılar, onlar elmi nailiyyətlərdə çox üstünlüklər əldə edərdilər. Bu elmə aid olan bəlkə də minlərlər hədislərdən biri idi… Biz dini, Allahı elə şəkildə istəyirik ki, nə istədik o bizə dərhal versin, bütün sirrləri bizə aşkar eləsin, özü də onun istədiyi kimi olmadığımız və onun dediklərini etmədiyimiz halda…

İndi isə Cəfər müəllimin cavabına nəzər salaq:

“….. Dünyanı idarə edən qüvvə ümumdünya cazibə qüvvəsidir. Bununla çox şeyi izah etmək olar. Fərz edək ki, dinlərin dediyi kimi kainatı Allah yaradıb. O zaman sual olunur: bəs Allahı kim yaradıb? İlkin təkan məsələsinə görə haqlı olaraq bu sual yaranır. Bütün hər şey, o cümlədən kainat da təsadüfən yaranıb. Burada yaradıcı axtarmağa ehtiyac yoxdur. “

Əgər biz hörmətli Cəfər müəllimimizə desək ki, Allahı “X” yaradıb, deyəcək bəs “X”-ı kim yaradıb? Deyəcik “Y”, deyəcək bəs “Y”-i? bu da olur sonsuzluq və ya Cəfər müəllimin öz ifadəsi ilə desək,  “… biz sonsuzluq deyirik. Bəs sonsuzluq nədir?! Qeyri-müəyyənlik… Biz dünyanı, materiyanı müəyyən yerə qədər anlaya bilirik…”  – deyirdi Cəfər müəllim. İkinci bir tərəfdən Allahın özünün yaradılmağa ehtiyacı olsa, o özü Allah anlayışının ifadə etdiyi mənadan uzaq düşmüş olmurmu?

Cəfər müəllim bu sualın yaranması səbəbini “İlkin təkan məsələsinə görə haqlı olaraq b usual yaranır.” Deyirsə bəs ilkin təkan məsələsi özü Allahdırsa, onunda ilkin təkana ehtiyacı varmı? Daha asan ifadə etsək, ilkin təkanı tapandan sonar, bəs bu ilkin təkanı hansı ilkin təkan yaradıb sualını vermək nə qədər məntiqə uyğundur?

Hörmətli Cəfər müəllim,   “Bütün hər şey, o cümlədən kainat da təsadüfən yaranıb. Burada yaradıcı axtarmağa ehtiyac yoxdur.” – deyir.  “Yaradıcı” sözünü,  “ilkin təkan” sözü ilə əvəz etsək eyni məna gəlməzmi? Onda belə çıxır ki, siz hər şeyin təsadüfən yarandığını qəbul edirsiz və burda “ilkin təkanı” axtarmağa ehtiyac görmürsüz? Bəlkə bizim yaradıcı dediyimiz məfhuma siz “İlkin təkan” adını verib axtarışına çıxmısınız?

– Ümumiyyətlə, çox eşidirik ki, materializm özünü doğrultmadığına görə, tarixin arxivinə gömülüb. Siz isə hələ də materializmi müdafiə edirsiniz. 

– Materializm bu gün də yaşayır. Həmişə də yaşayacaq. Materializm olanı deyir. İdealizm deyir ki, mən bunu görürəmsə, deməli həmin cisim var. Materializm isə deyir ki, mən bunu görsəm də, görməsəm də, o var. Düz deyir. Yəni mən koramsa, o cisim yoxdur?!

Müsahibədən növbəti hissə.  Yenə də yanlış dəyərləndirmə. İdealizm və materializmin müqayisəsindən elə  başa düşülür ki, sanki idealism ancaq gözlə görünənlərə inanır. Təbii ki, bu iddia kökündən yanlışdır. Bəs idealism necə iddia edir ki, onun Allahı gözlə görünmür? O, gözü ilə görmədiyi Allaha necə inanır bəs?  Düşünürəm ki, Cəfər müəllim özü bilmədən də, bəzi şeyləri öz müsahibəsində aşkar edir J

Baxın materialistlərlə idealistlərin ən böyük fərqi ondadır ki, materialistlər bunu mənə elm göstərməyib hələ deyir, idealistlər isə elm bunu mənə hələ göstərə bilmirsə, bu o deməkdir ki, o həqiqətdə mövcud deyil və ya yoxdur? Necə ki,   “Yəni mən koramsa, o cisim yoxdur?!”

“Çox qəribədir. Biz Quranı oxuyuruq. Orada yazılır ki, İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə aparır. Amma Tövratda yazılır ki, İshaqı aparır. O da, bu da Allahın kitabı adlandırılır. İndi hansına inanaq?

 Digər tərəfdən Quranın axırıncı ilahi kitab olduğunu deyirlər. Həm də Məhəmməd peyğəmbərin axırıncı peyğəmbər olduğunu. Mən buna da inanmıram. Hesab edirəm ki, dünya inkişaf etdikcə, dövr dəyişdikcə, başqa bir dinə də ehtiyac yaranacaq. İslam dininə niyə ehtiyac yaranmışdı? Çünki ərəb cəmiyyətində çox böyük problemlər var idi. “

Müsahibənin bu hissəsini qısaca bu fikri yazmaq istərdim ki, Qurani-Kərim yalnız problemlər oldu deyə gəlmədi, eyni zamanda Allahın kitabına ( Tövrat, İncil) insanlar əl uzatdı deyə gəldi.  Hesab edirsiz ki, dünya inkişaf etdikcə başqa dinə ehtiyac yaranacaq. Bunu necə deyə bilirsiz? Axı siz materialistsiz və dinləri doğru hesab etmirsiz. Yenə dinə ehtiyac duymaq, yeni şəxsin gəlişinə ehtiyac duymaq idealist düşüncələrə xas bir xüsusiyyət deyilmi?  əgər Quranı oxumusuzsa orda Allahın Quranla və dinin sonuncu olmağı ilə bağlı işarələri də görmüsüz demək ki…

Quran da meydana gələn dövrdə müəyyən elmi fikirlər var idi. Qurandakı bəzi şeylər də özündən əvvəlki elmi biliklərdən əxz olunanlardır. Çox eşidirik ki, Quran Allah tərəfindən göndərilmiş müqəddəs bir kitabdır. Amma mən hesab edirəm ki, Quran Məhəmməd peyğəmbərin ağlının, zəkasının məhsuludur. Məhəmməd peyğəmbərin beyninə qeyri-adi fikirlər gəlirdi. O isə elə bilirdi ki, bu, ilahidən belə deyilir. Bir sözlə, həqiqətən də qeyri-adi, istedadlı adamlar var. Mənim özümdə də bir qabiliyyət var. 

Gələk müsahibənin bu hissəsinə. Əgər tarixi dəlillər, sənədlər Peyğəmbərin(s) oxuyub – yazmaq belə bilmədiyini sübut etməsəydi, deyərdik ki, əslində Peyğəmbərimiz(s) alim, elm adamı olub və bildiklərini bir kitaba yığıb və insanlara din adı ilə təqdim edib. Təbii ki, öz düşüncələri bu qədər həqiqətləri əks elətdirə bilməz. əgər dedikləri İlahi bir nurun əksi olmasa…   O ki, qaldı Quranda olan bəzi məlumatların ondan əvvəldə mövcudluğuna, haqq haqqdır onun haqq vasitə ilə təkrar çatdırılması, mövcud vasitənin haqqlığını, mötəbərliyini, Allah kitabı olduğunu qüvvədən salmır.
Quran Məhəmməd peyğəmbərin ağlının, zəkasının məhsuludur. Məhəmməd peyğəmbərin beyninə qeyri-adi fikirlər gəlirdi. O isə elə bilirdi ki, bu, ilahidən belə deyilir. Bir sözlə, həqiqətən də qeyri-adi, istedadlı adamlar var .  – Bu hissəyə gəldikdə  əgər elədirsə niyə görə istetdadlı şəxsin sözlərini dinləməməliyik? İddia hissəsinə gəldikdə isə elm insanı söylədiyi hər bir hissəsini elmi dəlillərlə sübut etməyi bacarmalıdır. Biz Cəfər müəllimdən iddiasını əsaslandırmasını istərdik…

Müsahibənin  sonlarına yaxın isə yuxularından danışır Cəfər müəllim və müsahib bu yuxuların mənbəsi haqqında sual ünvanlayır…

– Maraqlıdır. Bəs bu informasiya sizə hardan verilir? Kainatın özündən? 

– Hesab edirəm ki, kainatdan. Kainatda sonsuz sayda dalğalar var. Biz o dalğaların müəyyənlərini qəbul edə bilirik. O dalğalar müəyyən formada gəlib beynə çatanda beyində qıcıqlanmanı yaradır, insanda fikirlər oyanır.

Bir dostumuz var idi. Deyirdi ki, həqiqətə nə ad verirsən ver o öz mahiyyətini, kimliyini itirmir. Biz bəzən eyni həqiqətdən danışarıq, amma başqa adlarla, başqa xüsusiyyətləri ilə… Kainat. Olsun Kainat J Dalğanın insan beynində qıcıqlanma yaratması, qıcıqlanma nəticəsində impulslar və s. və s. Bəs nətəri oluree, neçə km-lər oyana olan biriləri haqqında bizə məlumatının ötürülməsi? Hələ çooox düşünülməli, araşdırılmalıdır bu məsələlər üstündə, Cəfər müəllim J

Cəfər müəllim sonda işlədilən bəzi fikirləri ilə məndə razıyam. Bizdə alimlərə dəyər vermək çox aşağıdır və düşünürəm ki, dinlə yanaşı elmdə tədris olunmalıdır və əlavə edirəm ki elmlə yanaşı dində tədris olunmalıdır… Din elmə mane deyil, Cəfər müəllim. Din elm adı ilə sırıdılmağa çalışılan elmi xurafatlara qarşıdır. Xurafatlar yalnız dində olmur, elmdə də olur.. Elmin xurafatı, yanlış fərziyyələr, tam əsaslandırılmayıb, amma əsaslandırılmış bir çox nəzəriyyələrə zidd olan nəzəriyyələrdir…

Ağaəhməd Göyüşov


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+16=
Hesaba giriş
Müəllif

Ağaəhməd Göyüşov
Haqqında
Araşdırmaçı yazar, təlimçi
Əlaqə
E-mail:
agaahmedgoyusov.93@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0252 saniye