Əsl diktator hakimiyyət başında duran deyil.
Əsl diktator içimizdədir. Onu öldürmək lazımdır.
Kamal əlindəki silahı polkovnik atasına doğrultmuşdu. Silah atasının şəxsi tapançası idi. Kamal həyəcanlı olsa da, eyni zamanda soyuqqanlığını qoruyurdu. Oğluyla otaqda tək qalan ata heyrətdən donub qalmışdı, bilmirdi nə etsin. Deyəsən, oğlu dəli olmuşdu.
Ata öz zəhimli və kobud sifətiylə qaba səslə qışqırdı
-Neynirsən, başın xarab olub! Əlindəki oyuncaq deyil!
-Bilirəm... – bir-iki saniyəlik pauzadan sonra soyuq səslə əlavə etdi -Ata!
Oğlunun hələ də əlində tapançanı tutaraq ona tuşladığını görüb
-Yaxşı, qurtar –dedi. –Ağıllı oğlansan, bu nə oyundur çıxardırsan Mən sənin atanam! –qışqırdı. Evdə ikisindən başqa heç kim yox idi.
Kamal nəhayət bir də dilləndi
-Eh, ata, ata! Hərbiçi, polkovnik, dırnaqarası ideal ata olmusan, amma insan olmamısan.
-Bu nə sözlərdi danışırsan atanla!
-Sözümü kəsmə, beynini dağıdaram! – tapançanı daha bərk sıxıb hədələyici şəkildə tərpədir və deyir -O qədər nifrət edirəm sənə! Həmişə sən danışmısan, biz susmuşuq. İndi susmaq sırası səndədir! –qışqırır. – Həmişə sən haqlısan, biz səhvik hə! Düşüncəsiz, insafsız və kobud hərəkətlərinlə və mənasız hərbiçi qaydalarınla anamı və bizi qorxu altında saxlamısan. Daim səndən qorxmuşuq. Mən heç vaxt səni ata kimi sevə bilmədim bu cür rəftarına görə. Bir dəfə olsun məni anlamadın, dərdimi soruşmadın, fikrimə önəm vermədin. Məni də özünə oxşadıb hərbiçi eləmək istədin. Mən sənin kimi hərbiçi olmaq istəmirəm. Daim basqı, hörmətsizlik, dəyərsiz varlıq hesab edilmək. Sən özünü bu evdə xunta hesab eləyirsən –qışqırır yenə Kamal. – Heç fikirləşmədin ki, bir gün səni devirəcək bir üsyankar çıxacaq Sənin ədalətsizliyinə, qorxuna, reputasiyana son qoyacaq Guya atasan Bu atalıqdı
Fasilə.
Kamal gözü yaşlı:
-Bax,.. Bax... mənim gözümün içinə! Səni öldürmək cəsarətini indi özümdə tapmışam. Bilirsən, necə çətin idi mənə! Qorxu, ata qorxusu. Qorxulu yuxular, təhqir olunmuş sevgi, qorxu, qorxu və yenə də qorxu! Bu qoxu məni qara ilan kimi qəlbimi sarıb, mənliyimi, duyğularımı keyləşdirirdi. Qorxu, qorxu, lənətə gəlmiş qorxu!
Ata:Bəsdi, qurtar bu komediyanı, özündə deyilsən bu dəqiqə.
Kamal:Yox, bu komediya deyil. Əsl tragediyadı. Sənin tragediyan, ata,faciəli sonluğun. Hə,hə, ata. Əgər məndə qorxu yox, sevgi yaratsaydın bu vəziyyətə gəlib çatmazdıq.
Ata:
-Yaxşı, mən səhvəm, tapançanı ehtiyatla masaya qoy, sakitləş, sən özündə deyilsən indi.
-Mən lap özümdəyəm. Əvvəl özümdə deyildim. Sənin qorxunun içində azıb qalmışdım. Qorxu nədir bilirsən? Qorxu –düşüncənin yoxluğudur. Qorxan adam düşünmür, hərəkət eləyir. Şüursuz hərəkət.
-Başlama, yenə bəsdi.
-Vaxtına az qalıb, ataaa. Son sözlərini denən.
-Nə danışırsan, dəli olmusan! Nə son sözləri
Kamal həssas tətiyi bir az da sıxdı, hazırlaşdı, bunu polkovnik ata da gördü.
-Mən sənin atanam! Bunu başa düşürsən Qanından, canından olan. Anana yazığın gəlsin.
Kamal:
-Bu sözləri saxla, o biri dünyaya. Ucuz priyomlara əl atma. Sənə yaraşmaz deyərdim, amma sənə elə bu yaraşır. Son sözlər!
Ata:İstəməzdim hər şey bu cür olsun – asta və yoğun səslə dedi.
-Bilirəm, -Kamal səmimi dedi.
Kamal hazırlaşdı və atasının eşidəcəyi son sözləri dedi:
-Bağışla, ata, sən ölməlisən! Cəhənnəmdə görüşərik!
Atəş açıldı. İki dəfə. Dedektiv romanlarındakı killerler kimi atəş açdı. Və Kamal yazıq atasına baxıb otağı tərk etdi. Atası da onun arxasınca qapının örtülməsinə baxdı. Güllələr divara dəymişdi. Kamal üçün atası çoxdan ölmüşdü.
Kamal ailəsini xilas edə bilməsə də, özünü xilas etmişdi. Diktator devrildi! Yaşasın Azadlıq!
Telefonun alarmının melodik səsi eşidildi və Kamal yuxudan oyandı.
19 iyun 2014