Ateistlər möminlərdən daha cəsarətlidirlər?!
Şəfiqə Şəfa tərəfindən "Ədəbi tənqid" bolməsinə 21:14 27 yanvar 2015 tarixində əlavə olunmuşdur

Ateist – dünyanın bütün dinlərində insanların, xüsusilə möminlərin qəbul etmədiyi şəxsdir. Tarix boyu təqiblərə məruz qalıb, daş-qalaq olunublar. Düzdür, onların ardıcılları da,  bütün bunlara baxmayaraq, heç də az olmayıb. Həmişə gizli-aşkar ateistləri, onların ideyalarını dəstəkləyən, yayan, yaşadan davamçıları tapılıb. Hər halda, dünyada 1 milyard ateistin olması belə deməyə əsas verir. O da maraqlıdır ki, təqiblərə, tənələrə baxmayaraq, dünyanın ən öndə olan alimləri, ədibləri, siyasətçilərinin əksəriyyəti də ateistlər olub. Hərə öz baxış açısına görə bunu izah edə bilər. Amma mənə, görə bəlkə də hər kəsdə olmayan cəsarətləri onları zirvəyə qalxmağa kömək edib. Hər halda gəmidə oturub gəmiçiylə dava eləmək hər kişinin işi deyil, sonunun boğulmaq, ya da ən azından açıq dənizdə təkbaşına qalmaq qorxusunun olduğunu bilə-bilə "yumruğunu işə salmaq” həqiqətən də, böyük cəsarət tələb edir.

Məsələn, bu gün məni yazmağa vadar edən bir məsələyə toxunum: Yunanıstanda keçirilmiş parlament seçkilərinin andiçmə mərasimi dünyanın diqqətini yenidən ateistlərə yönəldib. Qələbə qazanmış "Siriza" partiyasının lideri Aleksis Çipras Yunanıstan Baş naziri olaraq ənənəvi andiçmə qaydalarını pozub. Ateist Çipras Afinanın Prezident Sarayında təşkil edilən andiçmə mərasimində sadəcə siyasi and içib. Halbuki ölkəsinin 150 ildən sonra ən gənc Baş naziri şərəfinə nail olmuş Aleksis Çipras ənənəvi qanunlara əsasən İncilə əl basaraq and içməli idi.

Yeni Baş nazir güman ki, hətta əminəm ki, bu nöqtəyə gəlməsini sırf insani bacarıqla taclandırıb – öz bacarığı və ona inananların dəstəyi! Tanrının açdığı yolu da, olsa-olsa fortunanın hədiyyəsi adlandırıb. Amma fortuna pərdəsinin arxasındakı idarəçini görmək üçün bəsirət gözünü lehimləyib.

Sırf mənə qalsa, ateistləri həmişə "Allahdan incimişlər” hesab etmişəm. Heç kəs durduğu yerdə ateist olmur. Ateistlik sonradan yaranır – ya ərköyünlükdən, ya da kimsəsizlikdən. Yəni, ya atanın şımartdığı, istədiyini verdiyi övlad Allahdan da hər istəyini yerinə yetirməsini gözləyir (və ya tələb edir), əks təqdirdə Tanrıya "təpik atır”. Ya da atasız uşaq bütün mehrini ilahi Ataya saldığı üçün onun imtahanlarını və səbir yoxlanışını doğru anlamadığından sevilmədiyini hesab edib ondan üz döndərir. Əslində ateistlər Allaha inamın nə olduğunu möminlərdən daha yaxşı anlayırlar. Məşhur ateist Volter "Allah olmasaydı belə, insanlar onu özlərindən uydurardılar”, - deməsi buna ən yaxşı sübutdur. Çünki Ali Qüvvəni sevmək, ondan qorxmaq, ona itaət etmək duyğusu, əslində psixolojidir, məhz insanın özünün bu həyatda güvənli yaşamına hesablanmış bir şeydir. Qəlbində Allah sevgisi və xofu olan bəndə, məlum məsələdir ki, həm pis əməllərdən uzaq olur, həm də daim onu qoruyan, hər cür bəlalardan hifz edən, hər addımda ona dayaq olan Tanrıya inam insanın "həyat sığortası” na çevrilir. Başqa sözlə, Allaha inam – həyata inamdır, güvəndir.

Amma sonadək özümdən və mənim kimi düşünənlərdən danışmaq  niyyətində deyiləm. Əvvələ qayıdıram  - mövzu ateistlərdir. Daha doğrusu, onların bəzən möminlərdən daha cəsarətli və iddialı olmasıdır.  Mənə təsir edən ateist nazirin heç nəyə və heç kəsə əhəmiyyət vermədən, cəsarətinə toz qondurmadan öz bildiyini oxuması oldu. Baş nazirin sələfi Nitsşe demiş: "Azadlıq nədir? Düşündüklərinə görə heç kimin qarşısında utanmamaq”. O da utanmadan-çəkinmədən öz bildiyini elədi. Nə olursa-olsun, nə deyəcəklərsə desinlər o, öz inancına görə hərəkət etməliydi, etdi də. Göründüyü kimi, ateist olmaqla deyil, İNANC burda da öz sözünü deyir – bu inam Tanrıya deyil, insana olsa da! Bu, bir daha insanın inanc olmadan yaşamını sürdürməsinin mümkünsüzlüyünü təsdiqləyir.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+32=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0228 saniye