Yenə döyülürdü. Səbəbi isə digər uşaqlardan fərqli olması idi. Axşam isə atası döyəcək. Təkcə özünü deyil, qardaşını və anasını. Autizm sindromu ilə doğulduğundan ötrü. Ata autist oğlundan dolayı dərin “utanc” hissi keçirirdi. Ona görə də sürücülüyünü rahat şəkildə yerinə yetirməkdən ötrü qəsəbədən çox-çox uzaqlara gedirdi. Qazandığını isə içkilərə xərcləyərək “utanc”ını qısamüddətliyə də olsa unutmağa nail olduğundan sevinirdi. Amma evə ayağını basan kimi artıq vərdiş halına gətirdiyi hərəkətlərini təkrarladırdı. Evdən gələn səsi kiçik qəsəbə eşidirdi, amma sanki “belə olmalıymış” düşüncəsi sakinlərə hakim kəsildiyindən heç kəs olaya, ailə məsələsinə müdaxilə etmirdi. Ana hər döyülmədən sonra oğlanlarını bağrına basaraq onlardan dönə-dönə göz yaşları içində üzr istəyirdi.
-Hey!-qardaşının səsini eşitdi.-Buraxın qardaşımı...
Vüsal qaçıb gələrək qardaşını döyən azyaşlı oğlanları kənara itələdi. Autist qardaşını yerdən qaldırıb oğlanlara tərs-tərs baxaraq oradan uzaqlaşdırmağa başladı. Arxadan isə gülüş səsləri ilə ünvanlanan sözlər bir-birinə qarışmışdı.
-Vüsal, utanmalısan e belə qardaşa görə,-deyə birinin səsi daha aydın eşidildi.-Atan düz edir onu döyməklə, döyülməlidir də yazıq qardaşın.
Vüsal ayaq saxladı. Səbuhini arxada buraxaraq ildırım sürəti ilə onların üzərində şığıdı. O sözləri deyən oğlanın üzünə 2-3 yumruq ilişdirib digərlərinə səsləndi.
-Kəsin səsinizi!!!
Oğlanlar Vüsalın qəzəbli gözlərindən çəkinərək arxa-arxaya gedərək qaçmağa başladılar. Vüsal isə yumruqladığı oğlanın qarnına bir təpik də ilişdirib Səbuhinin yanına qayıtdı. Qardaşı gözlərini yerdən zorla ayırıb ona baxdı. Vüsal gülümsəyib onun əlini tutdu.
Daşlardan düzəldilmiş skamyada əyləşdirib çənəsini yuxarıya qaldırdı. Hər dəfə kim tərəfindən döyülməsindən asılı olmayaraq eyni baxış sərgiləyirdi. Vüsal qardaşındakı fərqliliyə rəğmən onu çox istəyirdi, bacardığı qədər qorumağa çalışırdı.
-Bir yerin ağrayırmı, Səbuhi?
6 yaşlı Səbuhi başını buladı. Vüsal 3 yaş kiçik qardaşının qanayan qaşına baxaraq yumruğunu sıxdı. Hər dəfə Səbuhinin döyülməsini əngəlləyə bilmədiyindən özünü günahkar sayırdı. Əslində özü də tam olaraq autizmin nə olduğunu anlaya bilmirdi. Əgər qəsəbə həkimi Oqtay əmi uşaqdakı fərqliliyi hiss edib üzərində araşdırma aparmasaydı, heç kimin də Səbuhinin autist olmasından xəbəri olmazdı. Kiçik qəsəbə autizmi “əqli gerilik” olaraq dərk edirdi. Oqtay həkim dəfələrlə ailə başçısına uşaqla diqqətli davranmaq kimi tövsiyyələr irəli sürsə də, atanın oğluna qarşı zorakılığı bütün şiddəti ilə davam edirdi.
-Səbuhi, söz verirəm, bir az böyüyən kimi atama imkan verməyəcəm ki, səni də, anamı da döysün.
-Bəs sən?
-Mən? Məni döysə də olar, amma sizi yox.
-Olmaz.
-Nə?
-Olmaz. Olmaz. Olmaz,-təkrarladı.
Vüsal heç nə deyə bilmədi. Uzaqdan silueti görünən Oqtay həkimi görcək əllərini ağzı ətrafında birləşdirərək onu səslədi.
-Həkim! Oqtay həkim!
Oqtay həkim yaxınlaşdıqca Səbuhinin görcək tələsik çantasından lazımi tibbi vəsaitləri çıxartdı.
-Belə olmaz. Daha belə davam edə bilməz.
-Axı nə edə bilərik?
“Əgər atanız gəbərsəydi...İlahi! Səbr! Belə getsə, qatilə çevriləcəyəm...”
-Vüsal, qardaşın xəstə deyil, hələ əqli qüsurlu heç deyil.
-Hə, bilirəm, amma onun rəsmlərini məndən və səndən başqa heç kim görmür, Oqtay əmi.
-Bu xarabanın polisi də bir zibil deyil ki! Sən yenə də qardaşını sev, yaxşımı?