Axı niyə, ata?
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 18:03 20 fevral 2015 tarixində əlavə olunmuşdur

Salam, ata. Necəsən? Neyləyirsən? Haralardasan? Bilirəm cavabsız suallar ünvanlayıram sənə, amma nə edə bilərəm ki?! Hər dəfə əlimə qələm alıb sənə yazmaq istəyərkən ilk bunlar gəlir ağlıma. Səfehəm də, neyləyəsən. Bəlkə də başqa cür soruşmalıyam, nə bilim, bilmirəm, ata, bilmirəm. Səninlə heç vaxt real şəraitdə “ata-oğul” olmamışıq. Mən dünyaya göz açarkən, diş çıxardarkən, iməkləyərkən, ayaq tutub yeriyərkən, ilk dəfə danışmağa başlayarkən sən “yox idin”. Niyəsini soruşmuram, bilirəm çünki. Məndən çox əvvəl qara torpağın səni udduğunu, səni bizdən ayrı saldığını bilirəm. Atasız olduğuma görə gözlərim dolub daşırdı, qəlbim incinirdi, ruhum yaralanırdı, amma heç vaxt, ata, heç vaxt sənə qarşı nifrət bəsləməmişəm. Halbuki səni heç görməmişəm də. Bəli, ata, düzdür, səni heç vaxt görmədim. Anamdan hər zaman sənin fotoşəkilini istəyərkən olmadığını deyib dururdu. Hamısının yanaraq külə çevrildiyini deyərək ağlayırdı. Dayım hər axşam işdən qayıdıb məni danlayırdı ki, bir daha anamı incitməyim. Pis uşaq olmuşam, anasını incidən uşaq yaxşı ola bilməz. Amma özüm də anamdan küs idim ki, niyə sənin şəklini qoruyub saxlaya bilmədi. Uşaqlarla oynayarkən, məktəbə gedib gələrkən məndən səni soruşurdular, ata. Kim olduğunu, necə adam olduğunu məndən də çox bilmək istəyirdilər. Mən heç nə bilmədiyimdən utanırdım, sonra evə gəlib anama qışqırırdım. Anam isə məni sakitləşdirmək üçün nələr etmirdi. Ən çox sevdiyim yeməkləri hazırlayıb məni yedizdirirdi. Və axşam dayım gəlincə əvvəlcə anamla, sonra mənimlə təklikdə danışırdı. Anlamırdım düzü. Axı niyə səni məndən gizlədirlər? Niyə bizi ayırmaq istəyirdilər? Gözlərimi iri açaraq bu sualları dayıma ünvanlayırdım, dayımsa bir az qəzəblə “belə lazımdır çünki” deyib məni tək buraxırdı. Yanaqlarıma yuvarlanan göz yaşlarımı əlimin tərsi ilə silib başımı yastığa qoyurdum və nə vaxt yuxuya təslim olduğumu bilmirdim. Anamın əllərini hiss edərkən ixtiyarsız şəkildə oyanırdım, əynimi dəyişdirərək məni təzədən yatızdırırdı. Böyüdükcə uşaqların mənə qarşı davranışlarında bir fərqlilik sezməyə başlayırdım. Sanki mənə bir az başqa gözlə baxırdılar, ya da mənə elə gəlirdi o vaxtlar. Monoton, bozumtul həyatımda heç bir dəyişiklik müşahidə olunmurdu. Yenə mən məktəbə gedib gəlirdim, tənbəllik edərək dərslərimi oxumaq istəməyəndə anam səsini qaldırırdı, dayımsa axşam evə qayıdaraq yorğunluğunu atmağa çalışırdı. Ailənin tək qazanc mənbəyi dayımdan savayı heç kimsə deyildi. Arada-sırada mənimlə şahmat oynayardı. Əla oyunçu idi, ata. 15 yaşıma gələrkən həyat mənə sürprizini etdi nəhayət! Anamı itirdim. Xərçəngdən. Dünyam qaraldıqca qaraldı, məhvə doğru sürükləndi. Özümü itirmişdim, tapa bilmirdim. Yenə dayım sağ olsun. Əgər o, olmasaydı, heç bilmirəm, həyatım necə olardı. Yəqin ki, dilənçidən, bomjdan, narkomandan, cinayətkardan bir fərqim olmazdı. Anama görə, daha doğrusu, o lənətə gələsi xərçəng bəlasına inad, onu yenmək üçün,bir dəfəlik kökünü kəsmək üçün həkim olmağa qərar verdim. Karyeramda parıldayarkən dayım mənə anamın məktubu buraxaraq dünyaya gözlərini qapatdı. Bütün varlığımda duyurdum ki, o məktubda məni qorxudacaq həqiqət yazılıb. Günlərlə məktuba baxırdım, amma açıb oxumaq, içində nələrin yazıldığından agah olmaq istəmirdim. Qorxurdum, səni, anamı, dayımı itirdikdən sonra özümü itirəcəyimdən qorxurdum. Sevdiyim qıza uzaqdan-uzağa seyr edərək ona necə sevgimi etiraf edəcəyim təqdirdə rədd cavabı alacağımdan daha çox qorxurdum. Əlimdə alətlərlə xəstələrimin həyatlarını xilas edərkən ölümə uduzacağımdan daha çox qorxurdum. Mənə qarşı məhkəmə ittihamlarından özümü dəmir barmaqlıqlar arxasında tapacağımdan daha çox qorxurdum. Qorxurdum, ata, qorxurdum. Başa düşürsən? Qorxuduğum da başıma gəldi. Gecənin bir vədəsində məktubu açıb oxudum. Kaş oxumaz olaydım, kaş anam onu yazmazdı, kaş dayım mənə verməzdi. Sən anama təcavüz edibmişsən, ata! İndi anlayıram anamı, dayımı, mənə ünvanlanan sualları, zillənən baxışları. Axı niyə? Niyə? Mənim bütün bunları yaşamağımı niyə istədin?


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+13=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0338 saniye