Ay bu yükün yiyəsi
Ramiz Rövşən tərəfindən "Şeir" bolməsinə 12:45 30 may 2014 tarixində əlavə olunmuşdur

 

 

 

 

 

Gör bir nə tez xərclədim günləri manat kimi,
Əvəzində nə aldım –
heç xəbərim olmadı.
Çox yerdə başa keçdim hörmətli qonaq kimi,
Amma ayaq qoymağa
heç öz yerim olmadı.
Dünyada hərə bir cür qocalmağa başlayır;
Başdanmı qocalan çox, ayaqdanmı?
Kim bilir.
Hansı pisdi –
yerişi, yoxsa ağlı itirmək?
Axsaqdanmı soruşaq, axmaqdanmı?
Kim bilir.
Mən nəsə ayağımdan qocalmağa başladım,
Ağıllı başım çətin köməyimə yetişə.
Ayağımın ucundan başlayan şiş yeriyib
Yavaş-yavaş haçansa ürəyimə yetişər.
Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq,
Ayaqlarım zay olub lap sıradan çıxsa da.
Çox dostlarla günbəgün aram soyuyur, –
ancaq
Mən aradan çıxmaram, kim aradan çıxsa da.
Bir vaxt iri köpəklər hürərdilər üstümə,
İndi xırda küçüklər hürüşür addımbaşı.
Hürməkdə o köpəklər
yaman ustaydı, usta,
Bu küçüklər hələ ki,
bir az naşıdı, naşı.
İt hürər, karvan keçər...
Yox, mən karvan deyiləm,
Mən – karvanı talanmış
tənha, yorğun bir dəvə.
Dörd tərəfi bürüyən toz-dumanın içində
Baş götürüb gedirəm
ağlım kəsən tərəfə.
Yük altında göynəyir kürəyimin qabarı,
Yük altında təngiyir hər addımda nəfəsim.
Nə atmağa qıyıram,
nə gücüm var – aparım,
Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!..


... dəfə oxunub
Qiymət: 10/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
2+36=
Hesaba giriş
Müəllif

Ramiz Rövşən
Haqqında
Ramiz Rövşən 1946-cı il dekabr ayının 15-də Bakının Əmircan kəndində anadan olub. Suraxanı rayonundakı 208 saylı orta məktəbi bitirib. 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində, 1976-1978-ci illərdə isə Moskva ali ssenari kurslarında təhsil alıb. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 1971-ci ildə "Mozalan" satirik kinojurnalı studiyasında redaktor, 1974-1975-ci illərdə kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979-1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü, 1987-1992-ci illərdə kinostudiyanın baş redaktoru işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzində çalışır. Bir neçə şeir kitabının müəllifidir. Ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ, Almaniya, İngiltərə, Fransa, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Əlaqə
E-mail:

Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0259 saniye