Adim Ümid... Nə isti çörək gördüm, nə də məni güldürən bir üz. Odlar Yurdunda, 2015 Olimpiya oyunlarının keçiriləcəyi, tox xalqının acından xəbəri olmadığı ölkədə yaşayıram… Bayramların mənə görə keçirilmədiyi bir ölkədə…
Bizimki bəllidir, qardaş, işləməliyəm. Boyamalıyam ayaqqabıları... Mən bir uşağam əlləri boya içində… Boyalar mənə baxır, mən isə hamıya boyalı gələn həyata, boyalı üzlərə və heç vaxt xəyal edə bilməyəcəyim boyalı xəyallara.Yəni bildiyiniz mənim həyatim başdan ayağa boyadan ibarətdir. Mən ayaqqabı boyayan bir uşağam...
Yaşıdlarım bahalı paltarlar geyinib, bahalı maşınlarda gəzərkən mənə düşən boyumdan böyük boya sandığı oldu. Nə əlifba öyrənə bildim, nə məktəbli forması geyinə bildim. Uşaqdım uşaq olmağına, amma nə doyunca usaqlarla oynaya bildim, nə doyunca rahatca qaçıb əylənə bildim. Adımı yazmağı belə zorla öyrəndim.
Qız qalası itirdiyim illərimin, uşaqlığımın şahididir. Və buralar qəlbimin ən ağrılı dayanacağıdır. Mən ayaqqabı boyayan 12 yaşlı bir uşağam…Yaşım 12-dir, amma yaşadıqlarım 72…Atam xəstədir və mənimlə birlikdə 2 qardaşım... Boyamalıyam qardaş, qazanmalıyam dərman, çörək pulunu. Üzümə baxıb yazığın gəlməsin qardaş, dərdim də böyükdü, yaşım da. Mən bu küçələrdə yaşayıram, aşağısı dənizkənarı bulvar, yuxarısı 28 may metrosu.
Boyamalıyam, qardaş… Mənim işim boyamaqdır…!