Ayaqqabı oğrusu
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 17:08 20 aprel 2015 tarixində əlavə olunmuşdur

Qardaşı Rəsula söz vermişdi ki, ona kənarlarında işıqlar yanan idman ayaqqabısı alacaq. Lakin heç cürə ayaqqabının pulunu düzəldə bilmirdi. Hər gün axşam evə qayıdanda qardaşının sual dolu baxışlarını görəndə: "Sabaha, ya da birisi günü mütləq alacam" deyirdi. Gün ərzində təkər qaraltmaqla qazandığı 2-3 manatın yarısını yeməyə verir, yarısını isə evə gələndə küçə süpürgəçisi işləyən anası alırdı. Ayaqqabının isə ən ucuzu 20 manat idi. Cibində isə vur - tut cəmi 5 manatı vardı.
Bu gün nəyin bahasına olursa olsun ayaqqabını almalı idi. Axşama yaxın idman ayaqqabısı satılan mağazaya girdi. Satıcıya yaxınlaşıb əlini vitrindəki ayaqqabı tayına uzadıb soruşdu: "Əmi bunun işıqları yanır"?
Telefonla qurdalanan satıcı başını qaldırıb könülsüz şəkildə dilləndi:
- Yanır!
- Neçəyədir?
- 25 manata
- Ucuz verməzsiz?
- Bura sənin üçün bazar deyil! Son qiymətdir.
Özünü toparlayıb sözünə davam elədi: "Əmi biz arxa məhlədə yaşayırıq. Mənim qardaşım xəstədir, özü gələ bilmədi. Bu ayaqqabını onun üçün alacam. Amma deyirəm alaram sonra o, bəyənməz! İstəyirsiz mən sizə indi 5 manat verim, ayaqqabının bir tayını aparıb qardaşıma göstərim. Xoşuna gəlsə qayıdıb ikinci tayını da götürüb pulun qalanını verərəm? Bəyənməzsə qaytararam. Narahat olmayın tez qayıdacam".
Satıcı bir anlıq tərəddüd etsə də düşündü ki, onsuz da mayası 7 manat olan ayaqqabını dəfələrlə bahasına satır. Bir də ki, tək tay ayaqqabını oğurlayası deyil ki.
- Deməli arxa məhlədə qalırsız? Yaxşı, apar! Amma tez qayıt.
Ayaqqabını götürüb mağazadan çıxdı. Əvvəlcə asta addımlarla yürüsə də uzaqlaşdıqca sürətini artırırdı. Bir müddət sonra var qüvvəsi ilə qaçmağa başladı.
Evə çatanda çətinliklə nəfəs alırdı. İçəri girdi. Qardaşını səsləməyə taqəti qalmamışdı. Evin bir tərəfinə qısılıb nəfəsini dərmək istədi. Qarşısındakı çarpayıda oturan Rəsul təəccüblü halda ona baxırdı. Əlindəki ayaqqabını Rəsula göstərib gülümsünərək "Aldım!" dedi və ayaqqabı tayını qardaşına doğru uzatdı.
Rəsul sevincək halda çarpayının kənarına söykənmiş əsaları götürüb çətinliklə də olsa ayağa qalxdı. Gülümsəyərək ayaqqabını qardaşının əlindən alıb, o tərəf, bu tərəfinə baxdı. Bir anlıq üzündəki təbəssüm yox oldu və məyus halda dilləndi: "Axı bu sol tayıdır. Mən bunu necə geyinəcəm?!"


Əli Məhərrəmli
20.04.2015


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0374 saniye