Ayrılıq
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 16:41 09 avqust 2016 tarixində əlavə olunmuşdur

    Elşən  həmişəki  kimi  işdən  evə  gəldi  və  arvadının  təmtəraqlı  yemək  hazırladığını  gördü. İki  nəfərlik. Bu, nəyəsə  hazırlıqdır. Uşaqlar  kənddə,  nənə-babalarının  yanındaydılar. Ləziz  şam  yeməyinin  sonu  bu  xəbərlə  bitir: Samirə  xanım  öz  ərinə  ayrılmaq  istədiyini  dedi.

    -Elşən, mən  başqasını  sevirəm, -sakit  axşamçağı  o  pıçıldadı. – Ayrılmalıyıq.

    Elşən  ciddi  nəzərlə  arvadına  baxdı. O, onun  həyat  yoldaşı  və  ən  əsası  uşaqlarının  anası  idi. Bu  necə  ola  bilərdi? O  bu  sözləri  necə  deyə  bilərdi  ona? Buna  haqqı  varmı?  -qarşısındakı  qadına  diqqətlə  baxa-baxa  bunları  düşünürdü  və  susurdu.

    -Bilirəm, iki  uşaq  anasıyam, evli  qadınam, mənə  belə  danışmaq, belə  hərəkət  yaraşmaz. Nə  vaxtsa  sevib  evlənmişik  və  bu  yolu  birlikdə  getməliydik. Sən,  əgər  bi  yol   varsa, mənsiz  getməli  olacaqsan. Mən  sənin  yolunla  getmək  istəmirəm. İstəyirəm  bunu  başa  düşəsən.

    Elşən  nəhayət  sərt  dedi:

    -Bunun  nəyini  başa  düşüm?

    -Yaxşı, Elşən,  qurtaraq  sohbəti.

    -Söhbəti  qurtaraq? Sən  danışdın, mən  qulaq  asdım, -əsəbləşir – Kimdir  o?

    -Necə?

    -Kimdir  o? – bu  dəfə  daha  israrla  dedi. Səsini  də  bir  az  ucaltdı.

    Qadın  anladı  ərinin  nə  demək  istədiyini. Ayrılığının  bir  səbəbi  olmalıydı. Qadın  susdu  və  fikirləşib   dedi:

    -Bu  vacib  deyil.

    -Yaxşı, məni  əsəbləşdirmə. Bunu  bilməyə  ən  azı  haqqım  var.

    -Onu  tanımırsan.

    -O  əclafın  adını  deyəcəksən,  ya  yox?!

    -Bəsdi, Elşən,  məni  qorxudursan, -deyib  qadın  süfrədən  qalxmaq  istədi.

    -Otur, getmə, otur! –inadla  qışqırdı  və  sonra  özünü  ələ  alıb  sakitləşdi. – Zəhmət  olmasa...

    Qadın   itaətkarlıqla  əyləşdi.

    -Bunu  sakit  qarşılaya  bilmirəm. Mən  bilməliyəm  kimdi  mənim  arvadımı  yoldan  çıxardan!

    Qadın  cavabında  dedi  ki:

    -Belə  şey  yoxdur,  başa  düş. Mən  onu  sevirəm. Evli  qadın  da  olsam, ana  da  olsam  səni  yox,  onu  sevirəm. Mən  artıq  səni  sevmirəm. Bağışla.

    Kişi  qadınına  baxıb  heç  nə  demədi, susdu. Hardasa  anladı  ki, bir  qadın  səni   sevmirsə, getməsi  yaxşıdır. Başqasının  ssevgisiylə   yaşayan  soyuq  qadın  əzabdır  kişi  üçün. Bəzən  kişi  sevdiyi  qadının  təkcə  bədənini  deyil, ürəyini  də  istəyir. Buna  görə, yalnız  bircə  bunu  dedi  sakitcə  ona  baxıb  təəssüf  içində :

    -Sənin  bu  cür  azad  danışmağına  mənəm  şərait  yaradan. Günahkar  mənəm.

    -Burda  heç  kim  günahkar  deyil – nə  sən,  nə  də  mən. Sadəcə,  yollarımız  ayrılır. Bəlkə  də  heç  bir  yol  da  yoxuydu. – Samirə  xanım  süfrədən  qalxır  ki, yataq  otağına  keçmək  üçün  otaqdan çıxsın,  ərinin  yanından  keçəndə  Elşən  onun  qolundan  yapışır  və  deyir:

    -Bəs  uşaqlar?

    Samirə:

    -Onlar...  hələ  də  bizim  uşaqlarımızdır. Heç  nə  bunu  dəyişə  bilməz. Amma  onlar  bir-birini  sevməyən  ata-ananın  münasibəti  ilə  heç  vaxt  xoşbəxt  ola  bilməzlər.

    Elşən  arvadının  qolunu  buraxdı.

    Qadın  dedi: - Yaxşı  ata  olmusan, yaxşı  ər  olmusan. Amma  bu  hər  şey  demək  deyil. Nəsə  çatışmırdı. Bunun  adı  Sevgidir. Evliyik  deyə  yalandan  bir-birimizi  sevgi  oyunu  oynamayaq. Evləndik, sevgi  öldü. Mən  başqasını  sevə-sevə  sənlə  birlikdə  ola  bilmərəm. Özümü  və  səni  aldada  bilmərəm.

    O  soruşdu:

    -Nə  vaxt  gedirsən?                    

    -Sabah. Səhər  tezdən.

    -Bu  qədər  tez? – kədərləndi  bir  az. Amma  üzdə  hiss  elətdirmədi.

    -Hə, bu  qədər  tez.

    -Bəlkə  bir  gecə… gecəni  birlikdə  keçirək? –sərxoş  olmasa  da,  içkili  adam  kimi  soruşdu. Qadın  heç  nə  demədi. Susdu. Heç  etiraz  da  etmədi. Yataq  otağına  keçdilər.

    10  dəqiqədən  sonra  onlar  çılpaq  yataqdaydılar. Kişi  arxadan  sabahkı  günə  qədərki  qadınını  qucaqlamışdı. Otaqda  Şubertin  həzin  “Serenada”sı  səslənirdi. Hər  şey  çox  kədərli,  susqun  və  romantik  idi.

    Bu   sevgi  gecəsi  yox, ayrılıq  gecəsi  idi. Otağın  açıq  pəncərəsindən  düşən  Ayın  parlaq,  soyuq  işığı  melanxolik  ab-hava  yaratmışdı.

    Bu  onların  son  gecəsi  idi. Elşən  son  dəfə  nə  vaxtsa  sevdiyi  qadını  sevirmiş  kimi  qucaqlayıb  onun ətrini  duymaq,  öpmək,  onun  istiliyini  hiss  etmək  istəyirdi. Amma  qadın  soyuq  idi. Heç  nə  istəmirdi. Ərinin  “bu  son  gecəyə  haqqı  olduğunu”  düşünməklə  gecəni  sakit  keçirməyə  üstünlük  vermişsə  də  bacarmadı. Heç  bir  şəhvət,  ehtiras  olmadan  gecə   keçəcəkdi.

    -Yadındadır,  evləndiyimiz  gün? – Elşən  nostalgiya  yaratmaq  istədi.

    Qadın  cavabında:

    -Yadımdadır. İyirmi  üç  yaşım  var  idi, ağılsızdım.

    -Niyə  belə  danışırsan, bir-birimizi  sevirdik, - arxadan, eyni  yastığa  baş  qoyduğu  arvadının  qulağına  astaca  pıçıldadı  gülümsəyərək.

    -Hə, sevirDİK. Nə  vaxtsa. Keçmişdə.

    Sükut. “Serenada”  davam  edir.

    -Hər  şey  bu  cür  sonla  qurtarmamalıydı! –Elşən  dedi.

    -Hər  şey  necə  başlamışdısa,  elə  də  bitir –qadın  xatırlatdı. – Romantik  başlamışdı, romantik  də  qurtarır.

    Onlar  səhər  açılana  qədər  bir  də  danışmadılar. “Serenada”  həzin  melodiyalarla  davam  edirdi.

    Dan  yeri  ağarırdı,  hava  yavaş-yavaş  işıqlanırdı. Qadın  onu  qucaqlayıb  yuxuya  gedən ərinin qolunu  ehmalca  bədənində  götürüb  yerindən  durdu. Hamamda  duş  qəbul  etdi. İstitəhər  siyun  altında  qadın  bədənini  sabunladı  və  sanki  ondan  əl  çəkmək  bilməyən  öz  keçmişini  bu  suyun  altında  yuyub  unutmağa  çalışırdı.

    -Mən  də  gəlim? – Elşən  yatmamışdı  və  təzə-təzə  açılan  səhərin  sükutunda  səsi  adın  eşidildi.

    Qadın  dedi  ki, “Tək  qalmaq  istəyirəm”. Sakit  və  emosiyasızdı  sözləri  və  səs  tonu.

    Elşəm  anlayışla  qarşıladı. Özünün  uzannıqlı  şəklinə  və  boş  yatağına  baxıb  təəssüfləndi   ki, gecə  arvadıyla  son dəfə  sevişmədi. Və  sonradan  kədərlə  anladı  ki, səni  sevməyən qadının  bədəninə  sahib  olmağın  mənası  yoxdur - əsas  olan  ruhu  və  ürəyi  sənin  deyil  ki.

    Samirə  hamamdan  çıxdı. Geyinib  hazırlandı. Elşən  yataqda  oturdu.  Telefonun  radiosunda  John  Mayer  və  Ketty  Perry-nin  “Who  you  love” mahnısı  səslənirdi. Bu,  onların   sevgi  mahnısı  deyildi,  amma  ayrılıq  mahnıları  oldu. Bu  mahnının  lirik  sədaları  altında  onu  tərk  edən  qadının  hüznlü  səsi  eşidildi:

    -Mən  gedirəm. Uşaqlara  görə  gələcəm. Onları  mənim  əvəzimdən  öp  və  özün  bilirsən  onlara  nə  demək  lazımdır. Bircə  onu  bilsinlər  ki, mən  onları  çox  sevirəm  və  sevəcəm. Sağ  ol. Bu  mahnıya  görə. Hər  şeyə  və  heç  nəyə  görə  də  sağ  ol. – və  qapı  örtüldü. Qadın  keçmişinin  qapısını  örtdü. Çox  vaxt  keçmişdən  qurtulmaq  ağır  olur, çünki  öyrəşmisən.

    Elşən  susdu, elə  hey  susdu. “Getmə,  qal”  demədi. Mənası  yoxdur. Mahnının  sədaları  altında  gözlərini  yumdu  və  onun  əllərindən  uçub  gedən   quş  kimi   itirdiyi  qadının  yastığını  qucaqlayıb  üzünə  sıxdı. Saçının  ətri  yastıqda  qalmışdı. Bəli, sakitcə  və  dava-dalaşsız  ayrıldılar.

    Qadın   səhərin  ilk  günəş  şüalarının  altında  bomboş  küçələrlə  yeriyirdi. Tələsmədən. Bilmirdi  hara. Demək  olar  ki, yollarda  tək-tük  adamlardan  başqa  heç  kim  yox  idi. Bazar  günü  idi. Qadın  bir  pəri  kimi  döngələrdə  itib  qeyb  olmamışdan  əvvəl  ərinə  dediyi  yalanı  düşündü. Ona  xəyanət  etməmişdi, sevdiyi  bir  adam  da  yoxuydu, sadəcə,  ayrılmaq  istəmişdi.

    Bəs  niyə? Səbəb? Kim   bilir, bəlkə  də  hər  şeydən,  hər  kəsdən  uzaqlaşmaq,  qaçmaq  istəmişdi? Bəzən  adam  elə  bezir, hər  şeydən  elə  boğulur  ki, həmişəlik  tərk  edib getmək  istəyirsən. Qadın  üçün  bu  daha  çətindir. Amma  qadın  olmaqdan  da  əvvəl  o  da  bir  insandı. Bəlkə  də  o,  insan  kimi   azad,  heç  nədən  asılı  olmadan  yaşadığını  hiss  etmək  istəyirdi? Ya  da  ki, ailə  adlanan “müqəddəs  türmə”dən  azad  olmaq,  uzaqlaşmaq?

20-22  iyun  2014


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+28=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0294 saniye