“İnsan azadlığı” nə deməkdir? Mənim başa düşdüyüm insan azadlığını asanlıqla izah edə bilərəm: “İnsan azadlığı mənim üçün xoşuma gəlməyən adamı öldürməyimdir. Və ya narkotikadan istifadə etməyim, silah və insan alveri ilə məşğul olmağımdır. Mənim üçün insan azadlığı mitinqlərdə sərbəst olaraq iştirak etməyim və maşınların, mağazaların şüşələrini sındırmağımdır. İnsan azadlığı mənim üçün Televiziyaya çıxıb ağzıma gələni danışmağım, ürəyim istəyən hansısa bir şəxsi söyməyimdir”.
Mən də insanam. Bəs mən azadammı? Mən azad deyiləm. Çünki yuxarıda sadaladıqlarımın heç birini eləmərəm. Eləsəm də cəzasını çəkərəm. Dedim, “ cəzasını çəkərəm”. Deməli, insanın azad hərəkət etməyinə mane olan səbəblər var. İnsan azadlığını məhdudlaşdıran nədir? Yazılmış və yazılmamış müəyyən qaydalar. Bəs bu qaydaları kim müəyyən edib? Elə insan özü. Çox maralı bir məqama gəlib çıxdıq. Tarix boyu insan azadlıq arzulayıb. Amma arzuladığı azadlığı tərtib etdiyi müəyyən qada-qanunlarla məhdudlaşdırıb. Görəsən, niyə?
Əslində, insan azadlığının tam tərəfdarıyam. Məncə, insan istədiyi kimi hərəkət etməlidir. Ancaq bu hərəkətlərində sərhədləri özü müəyyən etməlidir. Insanın qəlbində Allah qorxusu olandan sonra insan nə qədər azad olur olsun, pis davranışlardan uzaq olacaq.
Dedik ki, insan azadlığını özü məhdudlaşdırır. Çünki insan özünü tanıyır. İnsan bilir ki, əslində, o da bir heyvandır. Digər heyvanlardan onu şüuru fərqləndirir. İnsanın şüurlu olmağı ilə razıyam. Amma heyvan olmağı ilə daha çox razıyam. Çünki yaşadığı təbiətə elə ən çox ziyan vuran, insan özüdür. Bəşəriyyətin məhvinə səbəb də elə insan özü olacaq.
Bəlkə də, bu insanın azadlığından xəbər verir. Deməli, insanın azadlığı heç də məhdudlaşdırılmayıb. İnsan nüvə silahı hazırlayıb okeanlarda onun sınağını keçirə bilirsə, aya uçursa, kosmosdakı qurğularla Yerə nəzarət edirsə, deməli, azaddır.
Bu yazdıqlarımı fikirləşəndə fikrimdən döğndüm: “insanın azad olmağını istəmirəm”. Qoy insanın davranışları və hrəkətlərində müəyyən sərhədlər müəyyən olunsun. Bu sərhədləri insan özü müəyyən edə bilər. Hər halda, insan azadlığının məhdudlaşdırılmasına gətirib çıxaracaq.
İnsan azad olmamalıdır! Axı dəvənin qanadı olsa, çox şey eliyər.