Azadlıq
Ülker Qehremanova tərəfindən "Esse" bolməsinə 06:27 02 yanvar 2014 tarixində əlavə olunmuşdur

O gündən sonra,bu gün,evdə atam,anam,mən və görmədiklərimiz və bəlkə də heç tanımadıqlarımız.  Mən öz dünyamda və öz dustaqlığımda.  Buranı niyə belə görürəm,bu xoşbəxtliyi niyə dustaqlıq sayıram? Məni oxuduqca anlayacaqsan.  Bəlkə də anlamayıb,kitabı bağlayıb,bir qırağa atacaqsan.  Günorta saat 2də oyandıqdan sonra təkcə səhər yeməyimi yedim.  Bundan sonra nadir hallarda yaşaya bildiyimiz ailəvi axşam yeməyində iştirak etmədim.      Bürcümün təsirindənmi,yoxsa uşaqlıqdan həyətə çıxmadığımdanmı,bilmirəm,evə qapanmağı artıq sevmirəm.  Öz otağıma qalxmaq üçün pilləkənlərə tərəf getdim.  Bu dəfə sanki bütün sözlərim boğazıma düyün vurmuşdu.  Bir-bir pilləkənləri çıxarkən göz yaşlarım azad olmağa başladı.  Elə bil hər damla digəri ilə yarışırdı azadlığa qovuşmaq üçün.  Amma üzümdə heç bir emosia yaranmırdı.  İkinci mərtəbəyə qalxdım.  Pilləkənin başındakı pəncərədən çölə baxmaq üçün ayaq saxladım.  Bir neçə saniyə çöldəki səssizliyə qulaq asdıqdan sonra divara qısılaraq o yana-bu yana baxdım.  Sanki bu böyük divardan məni qucaqlamasını istəyirdim.  Qəribədir,heç kimin bir-birini anlamadığı bu dövrdə bir divardan məni anlamasını gözləyirdim.  Otağımın qapısına gəldim.  Bura-mənim otağım. Etiraf otağı. Hər şey onların zövqüncə seçilmiş,hər qızın istəyə biləcəyi,çəhrayı,şirin bir gənc otağı idi bu.  Mən xoşbəxt olmalıyam əslində bu maddiyata görə,məni hər şeydən qoruyan ailəmə görə.  Otağımın çox vaxt bağlı olan pəncərəsinə yaxınlaşdım.  Bilirsən,otağımda tək sevdiyim şeydi pəncərəm.  Pərdəni tutdum,bu necə də çətin idi...  Çətin idi,çünki otağıma işığın düşməsini sevmirdim mən.  Pərdənin ardından gələn azacıq işıq mənə bəs edirdi.  Pərdəni açmağa başladım.  Uzaqdan görünən,o çox sevdiyim Teleqülləyə baxdım.  Gecələr onu seyr eləməyi,gecə olmasa belə ona baxmağı sevirdim.  Çünki mən sevirdim...  Təxmini bir dəqiqə bu vəziyyətdə qaldıqdan sonra daha çox gün işığına dayana bilmədi gözlərim.  Pərdəni heç buraxmadığım kimi bərk-bərk tutub bağlamaq istəyirdim ki,elektrik xəttinə qonmuş sərçəni gördüm.  Dilim o qədər çox söz sahiblənməyib.  Yoxsa bu sərçəni sehirli sözlərlə bəzəyərdim.  Mənalı cümlələrlə bu balaca sərçəni ağ göyərçin kimi qüsursuz bir gözəlliklə sənə təqdim edərdim.  O an “nə qəribədi” deyə düşündüm.  Nə qədər təhlükəli bir şeyin üzərində dayandığından xəbəri belə yoxdu.  Və ona heçnə olmur.  Oysa ki,bir insana nələr edə bilər bu iplər...  Pərdəni bağlamalıydm,çöldə qiyamət qopsa belə.  Pərdə bağlandıqca divardakı işığın yox oluşunu izlədim.  Bu yox oluş mənə yad deyildi.  Əllərim yapışmış kimi pərdədən əlimi ayıra bilmirdim.  Otağıma baxdım.  Üç ildir “öz dünyam” dediyim yeri belə yadlar yaratmışdı.  Mənim dünyam onların sarayında idi.  Amma yenə də mən şanslı idim.  Çünki onların sarayı,mənimsə dünyam vardı...  Saatın əcaib səsi pozurdu otağımın əbədi sakini olan səssizliyi.  Əlimi ayırdım pərdədən,canı candan ayırırmış kimi.  Güzgüyə yaxınlaşıb özümə baxdım.  Bu üç ildə deyəsən azca böyümüşdüm.  Gözlərimi görmürdüm artıq bu balaca güzgüdə.  Necə də çirkin bir üz idi bu.  Üz-gözümü silib yatağıma oturdum.  İçində bir çox səsin danışdığı başımı yastığa qoydum.  I-pod “Qaraqan-qar” mahnısını təkrar-təkrar oxuyurdu.  Gözümü dəhlizə dikdim.  O dəhliz ki,hər gecə məni özünə baxmağa məcbur edir,sakitliyi ilə məni vahiməyə salır.  Sonra...  zəng gəldi.  Mənə həyatımda barmaqla sayılacaq qədər olan şirin günləri yaşadan kəs.  Ən solğun günlərimdə əsl dostluğu mənə hiss etdirən kəs.  Səsi üçün darıxmışdım.  On üç dəqiqə danışıb sağollaşmaq elə də asan olmadı.  Amma yenə də “sağ ol” deməyi bacardım.  Trek isə yəqin ki,iyirminci dəfə oxuyurdu.  O oxuyur,mən qulaq asırdım.  Otağım boz rəngə bürünmüş,saatın səsi ilə yaşayırdı.  Hər şeyim vardı mənim,yəni,ailəmin.  Mənə hər şey verilmişdi.  Hər gecə şükür edib yatmaqdan başqa əlimdən heçnə gəlmirdi.  Mən xoşbəxt olmalıyam,ele deyilmi? Azad olmadan.  Çünki Tanrı məni qız olaraq yaratmış.  O mənə azadlığı vermiş,onlar azadlığı beşiyimdən almışlar.  Mənə tipik,sıradan həyat vermişlər.  Naşükür olsam da,bilirəm,mən xəyalımdakı həyatı yaşamasam da,başqalarının xəyallarını bəzəyən bir həyat yaşayıram…  Bilirəm,həyatım əllərimdə.  Azadlıq nə idi? Mənim üçün tək başına bir neçə addım atmaq belə azadlıq...                                                                                                                                                      13 İyul 2012 Həyatda ən gözəl şey başqasının“edə bilməzsən” dediyini etməkdi.                                               W.Begahot   


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+12=
Hesaba giriş
Müəllif

Ülker Qehremanova
Haqqında

Əlaqə
E-mail:
gahramanova.u@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0288 saniye