Azərbaycan bayrağının misilsiz tarixi
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 17:33 04 dekabr 2015 tarixində əlavə olunmuşdur

Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.

1918-ci il mayın 28-də tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu Cümhuriyyət özündən əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sistemində bir dövlət qurulurdu.

M. Ə. Rəsulzadənin əsaslandırdığı Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.

Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

1918-ci ilin noyabrın 9-da isə Üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarışı:
Eşidildi: Nazirlər Şurası sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsi”.

Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edir.

Qeyd edək ki, bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının banisi türk dünyasının böyük mütəfəkkiri, Azərbaycanda doğulub Rusiya və Türkiyə universitetlərində təhsil almış Əli bəy Hüseynzadə olub. 1907-ci ildə iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, avropa mədəniyyətli”.

Həmin Üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda dəniz vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. Himnin əvəzinə isə o zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü. Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəl səhnəyə gələrkən səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edilir. (Qeyd edim ki, Ü. Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Bu musiqi həm də 1453-cü ildə Konstotinopolu (İstanbulu) fəth edərkən belə bir marşla hücum etmişdilər.

Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilmişdir. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdur. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.

Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.

Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdir. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdur. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə. Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarınamüraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!”

Milli bayrağımızda qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdur. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir (Bax: M. Əliyev. “Qobustan”jurnalı, 1989, N 3).

Qeyd edim ki, Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1956-cı ildə XX qurultayda “şəxsiyyətə pərəstiş” məsələsi qoyulduqdan sonra Qız qalası üzərində üç azərbaycanlı vətəndaşımız (birinin adı Cahid, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox orada dalğalandırılıb. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan oğurluq adı ilə 12-13 ilə qədər həbsə məhkum ediblər.

1988-ci ildən isə başlanan Azərbaycan Xalq Hərəkatı yenidən üçrəngli bayrağımızı meydanlarda dalğalandırdı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+29=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0392 saniye