Son dövrlərdə Azərbaycanda bədii əsərlərin kütləvi tərcüməsi sahəsində müəyyən işlər görülür. Artıq oxucularımız ana dilində dünya ədəbiyyatı ilə tanış ola bilirlər. Bəs, tərcümələr oxucuları qane edirmi? Yazar.in müəllifləri sualımızı cavablandırdılar.
Rüfət Yaqubov. Mən dəfələrlə yeni tərcümə olunan kitablarda peşəkarsızlıqla qarşılaşmışam, əsərlər olub ki onları tamami ilə bərbat vəziyyətdə tərcümə ediblər. İradlarım təcrübəsiz və kifayət qədər savadı olmayan tərcüməçilərədir. Kadr çatışmazlığı var. Təklif edərdim, nəşriyyatlar peşəkar və bu sahədə təhsili olan tərcüməçiləri işə götürsünlər. Güclü əsərlər olub ki onları heç oxumaq istəməmişəm. Bu dərəcədə pis tərcümələr olub. Hər bölgənin öz ləhçəsi var və kitabların tərcüməsində o ləhçələrlə qarşılaşanda artıq əsərin gözəlliyi itir. Bunun üçün Yazıçılar Birliyi tədbir görməli, nəşriyyatlara bərbat tərcümə haqda deməlidirlər. Ən əsası isə, oxucular etirazlarını bildirməlidirlər. Yoxsa, belə də davam edəcək.
Xanım Əliyeva. Hal-hazırda ölkəmizdə kifayət qədər nəşriyyatlar var və o nəşriyyatlar əsər tərcümələri ilə məşğuldur. Düzdür, çox bərbad tərcümələr də olur, çox yaxşı da. Amma, məncə, bu, ilk növbədə, irəliyə addımdır. Son 5 il ərzində bu qədər sayda edilən tərcümələr inkişafdan xəbər verir. Həmişə Rusiya və Türkiyəni misal gətirirlər. Bir şeyi unutmayaq ki, onlar illərdir tərcümə işiylə məşğuldular. Zamanla bizdə də bəzi tərcüməçilər süzgəcdən keçəcəklər. Və bir əsərin bir neçə tərcüməsi olması normaldır. Bu, bütün dünyada belədir.
Aykan Hüseynli. Yox, razı deyiləm. Tərcümə olunmuş kitablarda uyğunsuzluqlar var. Dilə uyğun olmayan sözlər və ifadələr kifayət qədərdir. Həmçinin, hərf səhvləri çoxdur. Kitablar, elə bil, korrektə edilmir. Bir də görürsən, eyni cümlə bir neçə dəfə ardıcıl yazılıb. Düşünürəm, bu qeyri-peşəkarlığın bir neçə səbəbi var. Çox güman, qonararların azlığı da buna təsirsiz ötüşmür.
Şəfiqə Şəfa. Mən özüm bədii tərcümələr edirəm. Amma digər həmkarların bir cəhətindən narazıyam ki, yazıçıya çox müdaxilə edirlər. Xoşlarına gəlməyən hissəni tərcümə etmirlər. Nəticədə əsər orijinallığını itirir.
Qələndər Mehdiyev. Mәncә, bu mövzuda keyfiyyәtә deyil, kәmiyyәtә üstünlük vermәk lazımdır. Onu qeyd edim ki, oxuduğum kitabların 99%-i türkcәdir. Mәncә, tәrcümә etmәyә davam etmәliyik. Vә bacardığımız qәdәr çox әsәr tәrcümә etmәliyik. Sonradan keyfiyyәtә baxmaq olar...
Xuraman. Hansı tərcümədən söhbət gedir? Tərcümə əvəzinə daha çox tərcüməçi görürəm. Digər ölkələrin tərcümələri ilə tanış olan biri dərhal başa düşür ki, bu, tərcümə deyil. Təəssüf ki, çox az tərcüməçmiz var ki, onlara mükəmməl deyə bilərik. Bunun səbəbi isə məktəblər və diplomlardır. Bu sahədə əsaslı dəyişiklik etmək istəsək, gərək “aşsüzən” rejiminə keçək. Ya da, tərcüməçilər qondarma iş rejimindən uzaqlaşıb özlərini təkmilləşdirsinlər. Bu işdə nəşriyyatlar da nəsə etməlidir, ən azından, öz adlarına görə…
Sevinc Bayramova. Razı deyiləm. Hətta Azərbaycan dilinə tərcümə edilmiş “Qurani Kərim” də oxuyanda sözlərin çoxunun türkcə olduğunu görürəm. Bu isə kitabı oxuyan yaşlı nəslin yazılanları yaxşı qavramamasına səbəb olur.
Təklifim edirəm, bədii kitabların tərcüməsi üçün dilimizi yaxşı bilən mütəxəssislər seçilsin.
Biz orta məktəbdə oxuyanda “Oxu” kitabında hansısa sözün mənası aşağıda aydın şəkildə izah olunurdu. İndiki kitablarda bu izahlar yoxdur. Türkcə kitablarda az işlənilən, mənası hamı tərəfindən anlaşılmayan sözlərin izahı səhifənin aşağısında bir neçə sözlə verilir.
Timur Alp. Narazı deyiləm. Bəzi əsərlər var ki, tərcüməsi yaxşı deyil. Bu, əsasən, kiçik nəşriyyatların tərcümə etdiyi dünya ədəbiyyatıdır. Qeyd edim ki, istisnalar qaydanı pozmur. Buna da şükür ki, tərcümə edirlər. Pis-yaxşı, öz dilimizdə dünya ədəbiyyatını oxuya bilirik.
Faiq Hacıbalayev. Hazırda əsərlər rus və ya türk dilindən tərcümə olunur. Bu, bütün dillərdə yazılmış əsərlərə aiddir. Beləlilə, əsərlər ikiqat tərcüməyə məruz qalır. Bu da bir sıra təhriflərə səbəb olur. Fikrimcə, əsərlər hansı dildə olmasından asılı olmayaraq, birbaşa Azərbaycan dilinə tərcümə olunmalıdır. Ümumilikdə, tərcümələri qənaətbəxş saymaq olmaz.
Samirə Hüseynova. Razı deyiləm. Sözlər bəzi hallarda səhv tərcümə olunmur. Bu da ilk növbədə dilimizin korlanmasına gətirib çıxarır.
Rəhimə Rəşid. İngilis dilindən və digər xarici dillərdən tərcümələr edilməlidir. Tərcümədə orijinallıq itir deyə, bəyənmirəm. İngilis dilini bilməyən adam üçün tərcümələr xoş gələ bilər. Son vaxtlar türk əsərlərindən də tərcümələr görmüşəm. Tərcümə edərkən orijinallıq itməsin deyə etməsələr, daha yaxşı olar.