Müxtəlif mövzuda və müxtəlif janrlarda yazan yazıçılarımız var. Onlardan bəziləri xarici oxuculara da tanışdırlar. Kamal Abdulla, Çingiz Abdullayev, Elçin, Anar və başqalarının əsərlərini bir çox dillərdə, bir çox ölkələrdə oxuyurlar. Ancaq Paolo Koelyo, Qabriel Qarsiya Markes, Orxan Pamuk kimi şöhrətli yazıçılarımız yoxdur. Buna mane olan səbəblər nələrdir? Azərbaycan yazıçısının dünya şöhrəti qazanması üçün nələrə ehtiyacı var? Sualımızı Yazar.in müəllifləri cavablandırdılar.
Xuraman. Əvvəla deyim ki, "day daya" ehtiyacı yoxdur. Azərbaycan yazıçısının dünya şöhrəti qazanması üçün ölməsi gərəkər. Çünki biz əsl istedadlılara və xalqı maarifləndirməyə çalışanlara ölümündən sonra qiymət veririk. Bu belə... Bir də gərəkdir ki, öz ölkəni pisləməyəsən. Sırf milli hərəkatı öz yazılarında təbliğ edəsən. Çünki indi avropapərəst cəmiyyət bizim ədəbiyyatı da korlayıb. Milli şüuru, müasir texnika ilə sintez edib xeyli mükəmməl yazılar yazmaq olar. Bu məncə dünya xalqlarının da diqqətini cəlb edər. Çünki qəribə gələr ki, ilk dəfə onları deyil də, türkü təbliğ edirlər.
Rüfət Yaqubov. Mənim fikrimcə, Azərbaycan yazıçısı dünya şöhrəti qazanması üçün ilk növbədə dünya ədəbiyyəti ilə yaxından tanış olmalıdır. Gündəmdə olan ən mühüm və əsas problemlərdən yazılan əsər kifayət edər ki, dünya bestselleri olsun. Təbii ki, kitablar Avropada və qərbdə çap olunmalıdır. Həmçinin, Amerikada. Yazıçı bilməlidir ki, dünya oxucusuna bir əsər kimi toxunan və maraq oyadan nədir? O zaman şöhrət qazanmaq olar. Yəni kütləni daha çox maraqlandıran əsərləri dərindən öyrənməlidir.
Xanım Əliyeva. Hər hansı bir yazıçımızın dünyada məşhurlaşması və oxunması üçün ilk növbədə maddi vəsait lazımdır. Yazıçı nə qədər istedadlı olsa da, onun təbliğatı aparılmalıdır. Xarici ölkələrdə yazıçının əsərləri yazıçının öz hesabına, ya da dövlət hesabına tərcümə və çap olunmalıdır. Lazım gəlsə, kitabları pulsuz paylanmalıdır. Həmçinin, internetdə təbliğat işləri görülməlidir.
Qələndər Mehdiyev. Bunun üçün, əvvəlcə özümüzdən başlamalıyıq. Birinci, ölkəmizdəki gənc və yaşlı təbəqəni kitaba yönləndirmək lazımdır. Bu isə çox çətin bir şeydir. Ən başda maaşlar artmalı və s. Bu mövzulara girmək istəmirəm. Ümid edirəm ki gələcək də, hər kəsin heç olmasa ayda artıq 4-5 kitab alıb oxumaq üçün büdcəsi yetərincə olacaq. İndi belə şərait yoxdur. Və artıq Azərbaycanda oxucu kütləsi yığdıqdan sonra, şöhrət qazandıqdan sonra Dünya haqqında düşünmək olar...
Səbinə Məmmədzadə. Məncə, müasir yazıçılarımızın şöhrət qazanmağı bir qədər çətin məsələdir, çünki qlobal əhəmiyyəti olan mövzularda yazmırlar. Təbii ki, Elçin və Anarı bura daxil etmirəm. Onlar dahi sənətkarlardır və yetərincə şöhrət də qazanıblar.
Uraqan. Hər halda bu sualı dünya söhrətli yazarlardan soruşmaq daha düzgün olar. Onlar necə dünya şöhrətli olublar?! Bu sualı ən yaxşı onlar cavablandıra bilər.
Mən bu barədə heç bir açıqlama vermək istəmirəm. Necə deyərlər, keçəl dərman bilsə öz başına sürtər.
Faiq Hacıbalayev. Fikrimcə, Azərbaycan yazıçısı dünya şöhrəti qazana bilmək üçün ümumbəşəri mövzulara toxunmalıdır. Məsələn, Nizami kimi... Həmçinin, əsərlərində hadisələrə obyektiv münasibət olmalıdır.