Bahar fəsli, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar!
Yoxsulu, ərbabı, şahı, gədanı
Tutmaz bir-birindən alalı dağlar!
(Dədə Ələsgərin ruhu qarşısında baş əyirəm)
Bahar fəsli,yaz ayları gəlməmiş,
Süsənlərin saralıbdı,a dağlar.
Varlı,kasıb dincin almır qoynunda,
Yollarını qar alıbdı,a dağlar.
***
Hanı bahar fəsli yaxşı bir çağın?
Kəsilib çeşməndən gözəl yığnağın.
Dadı yox pendirin,yağın.qaymağın,
Zənbur nədən bal alıbdı,a dağlar?
***
Qaçqın oldu,düşdü ellər aralı,
Ayrılıqdan ürəkləri yaralı.
Mənfur düşmən səndə çoxmu qalalı?
Gül-çiçəyin qaralıbdı,a dağlar.
***
Ələsgərim,yurdun viran--talandı,
Ocaqların üstə ocaq qalandı.
At oynadır ermənilər,yalandı?
Yuvalarım sar alıbdı,a dağlar.
***
Mövlud, getməz oldum doğma elimə,
Əli yetməz oldu mənim əlimə.
Necə dözüm bu nagahan "ölüm"ə,
Qəlbim ahu-zar alıbdı,a dağlar.
25.07.2014.Zərdabi.Mövlud Ağamməd.