Vay o gündən ki, verib neftimiz fantan Bakıda.
Millətin bağrı olub qan, gözü giryan Bakıda.
Qara neft qarə günə yozdu vətən taleyini,
Edərək birbirinə hər kəsi düşman Bakıda.
Quduz ittək hamı cumdu bura neftin iyinə,
Tökdülər pul-para üçün nə qədər qan Bakıda.
Önə çıxmaqdan ötər satdı çoxu birbirini,
Eylədi mənliyin, əxlaqını qurban Bakıda.
Bayı, bayanı, missi, missioneri, misteri də,
Gəzərək azadə, şadlandı firavan Bakıda.
Hamı bənzətdi özün xariciyə, -dəbdi - deyə,
Soyunub paltarını, oldu lütüryan Bakıda.
Açıldı tində, bucaqda neçə heyvanxanalar,
Oldu qismət adama bir neçə ceyran Bakıda.
Gecə-gündüz bəzəyir ətrafı şux, nazlı gözəl,
Xarici qadın olan, daxili oğlan Bakıda.
Sağa soldan, sola sağdan girişiblər, belə ki,
Qarışıb birbirinə hər tərəf, hər yan Bakıda.
Sən də, Elnur, buranın sakini idin bir ara,
Bu cəmiyyət səni də eylədi peşman Bakıda.