Barıt qoxan körpələr
Əli Məhərrəmli tərəfindən "Hekayə" bolməsinə 13:54 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

İsti bir yay günü, ucsuz-bucaqsız Əfqanıstan çölləri, müharibədən sonra xaraba qalmış şəhərlər, ümidsiz və qorxudan yoxsul insan üzləri... Bütün bunları arxada qoyub evinə qayıdırdı.

Nasaz və pis qoxu verən avtobus qəsəbənin mərkəzindəki meydanda dayandı. İnsan gözə dəymirdi. Vur-tut bir-ik mağaza və yeməkxana vardı. Sürücü salonda əyləşənlərə doğru çevrilib ucadan nəsə dedi. Fars və ya puştuca danışdığı ayırd olunmurdu. Sərnişinlər avtobusdan düşüb hərəsi bir tərəfə çəkildi.
Sürücünün yanında əyləşən eynəkli yaşlı adam qəribə bir ləhcə ilə: “Ağa burdan sorası İran. 20 dəyğə burda dayanacey” deyib özü də maşından düşdü.

Eslami Qala Əfqanıstan – İran sərhəddində sonuncu əfqan qəsəbəsi idi. O , avtobusdan düşmək istəməsə də qarşıda min kilometrdən çox yol gedəcəyini düşünüb gəzişməyə qərar verdi. Həm də cibində qalan əfqaniləri tümənə çevirmək lazım idi.

Bayırda sanki cəhənnəm odu yanırdı. Sərnişinlərin hərəsi bir tərəfdə kölgələnmişdi. Fikirləşdi ki, bu istidə gəzə bilməyəcək. Bu üzdən meydana ən yaxın yeməkxananın qarşısındakı daldalanacağa çəkilib durdu. Pulu dəyişmək üçün hara yaxınlaşmalı olduğunu bilmədiyi üçün, gözləri bayaqkı sürücünü axtarırdı.
Meydanın kənarında bir əfqan ailəsi dayanmışdı. 5-6 uşaq, hündür, qara saqqallı və qıyıq gözləri olan orta yaşlarında bir kişi, tünd göy rəngdə çarşafa bürünmüş bir qadın vardı. Uşaqların ən böyüyünün 10 yaşı ancaq olardı. Kiçiyi isə qadının qucağında sarı əskiyə bükülmüş, bəlkə də heç bir yaşı tamam olmamış körpə idi. Ana qucağındakı körpəni gündən qorumaq üçün üzünü çarşafın qolunda gizlətmişdi.
Avtobusun sürücüsü uzaqdan görünən kimi, ailə başçısı ona yaxınlaşıb nə isə dedi. Sürücü cavabında üzünü turşudub başını bulayaraq qıs və könülsüz cavab verib avtobusa tərəf addımladyırdı. Kişi isə bunun arxasınca gəlir və sanki yalvarırcasına nəsə istəyirdi. Uşaqlar atalarının dalınca qaçsalar da, qadın yerindən tərpənmədi.

Kişi danışdıqca sürücü sanki daha da əsəbiləşir və səs tonunu qaldırırdı. Nə danışdıqlarını anlaşılmırdı.
Bir azdan bütün sərnişinlər gəlib öz yerlərində oturdular. Sürücü mühərriki işə salıb əzik bir şivə ilə: “Ağa qalxmeysən? Tərpənirik.” dedi.

- Niyə onları götürmədin? Pulları yoxdur deyə?
- Ağa puldan yana deyiləm. Götürəmmərəm. İxtiyarım yoxdu. Qalx gedəy. Həm də ki, onlardan hər nə desən ziyannıx gələr.
- İcazə ver minsinlər. Körpə uşaqları var.
- İmam-Peyğəmbər haqqı götürəmmərəm! Əgər minməsən sənsiz gedəsiyəm ha.
-Bax gör nə deyirəm sənə. Körpədən günahdır. Pullarını mən verirəm. Xahiş edirəm icazə ver minsinlər!
- Sürücü daha yüksək səslə : “Mən qapını bağlayıram. Mineysən?” deyib əsəbi tərzdə başını yellədi.
“Yaxşı bir dəqiqə gözlə” deyib sürətli addımlarla ailəyə yaxınlaşdı. Üzləri və geyimləri çirk içində olan uşaqların təəcüb və sual dolu baxışları azmış kimi, ailə başçısının gözlərində qəzəb və ümidsizlik sezilirdi. Çaşqın halda nə edəcəyini bilmədi. Birdən gözü 4-5 yaşlarında olan oğlan uşağının əlindəki sınıq avtomat sandıqçasına sataşdı.
- “Oyuncağını mənə verərəsən?” deyib əli ilə qırıq sandıqçanı göstərdi. Uşaq bir şey anlamasa da əlindəkini ona doğru uzatdı. Arxa cibindən pul qabını çıxarıb bütün əfqan pullarını sandıqçanın içinə dürtmələdi və aşağı əyilib onu uşağa uzatdı. Uşağın çirkli əllərini öz ovucunun içində sıxıb gülümsündü, əllərindən öpdü. Bir əfqan kişisinə ailəsinin yanında sədəqə verməyin nə qədər ağrılı olduğunu bildiyi üçün, atanın gözlərinə baxmadı. Geri çevrilib avtobusa qayıtdı.

Növbəti gün yuxudan oyananada artıq maşın Tehranda “Meydani Azadi”də dayanmışdı. Avtobusdan düşüb dayanacaqda duran taksiyə yaxınlaşdı. Taksi sürücüsün sualını gözləmədən “İmam Khomeini İnternational Airport” deyib maşına oturdu. Sürücü təsdiqedici halda başını yelləyib mühərriki işə saldı...
Bakıya çatanda artıq gecə yarısını keçmişdi. Üst - başını belə dəyişmədən 1 yaşlı oğlu yatan otağa keçdi. Sanki onun süd yanığı qoxusuna susamışdı. Yanında uzandı. Oyatmamaq üçün ehmalca əllərini ovucunun içinə alıb körpənin boynundan öpdü. Bir anlıq diksindi. Hər zaman süd qoxusu aldığı oğlundan bu dəfə sanki barıt qoxusu gəlirdi. Astaca oğlunun qulağına pıçıldadı.
“Bağışla məni. Səni çölün ortasında tək, köməksiz qoyub gəldiyim üçün, qurbanın olum bağışla məni...”.

Sahib olduqlarını qoruyan və itirmək qorxusu ilə yaşayan bütün atalara ithaf olunur.

Əli Məhərrəmli
Bakı 08.10.2015


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+10=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0245 saniye