-Vüsalə, bax, mən...mən...mən sənə layiq biri deyiləm, yəni sən...sən məndən də yaxşılarına layiq birisən...Unut məni...hər şeyi...yaşadıqlarımızı...Dünənki kobud davranışıma görə üzr istəyirəm səndən...Mən xəstə qısqanclığımın müalicəsi yoxdur...Həm mən evlənəcək tip deyiləm...Mənim üçün əylənmək var ancaq...Sadəcə hər dəfə sənin gözlərinəbaxarkən vicdan əzabı çəkirəm...Uzun sözün qısası, oyun bitdi və...və...və hər şey, hər şey...sən, mən... və aramızda yaşananlarının sonu gəldi...Səni daha incitmək, ağlatmaq istəmirəm...Məni bağışlamasan, anlayış göstərərəm...Amma lütfən, məni bir daha xatırlama, sənə və sevginə layiq deyiləm...Əlvida!-deyib ayağa qalxdı.
Vüsalə nəfəsini dərmədən gözlərini kilidlədiyi nöqtədən ayırmırdı. Oğlan yaxınlaşıb əlini astaca onun çiyninə qoydu və gözlərini bərk-bərk yumaraq ağır şəkildə nəfəsini buraxdı. Və hüznlü addımlarla kafedən çıxdı.
Vüsalə qollarını masaya qoyub bir-birinə keçirtdi. Hər şeyi yaddaşından silmək istəyirdi. Nə qədər istəməsə də, yanaqlarını yandıran göz yaşlarına əngəl ola bilmədi. Və hönkürdü. Hər kəs ona baxırdı...
***
Nübar nənə oğul nəvəsini özü böyüdüb boya-başa çatdırmışdı. O, hər zaman Fazilə deyərdi ki, sənin mühəndis, ya da hüquqşünas olmağını qəti istəmirəm, o sənətin sahibi olan valideynlər səni də, məni də əbədi tərk edib getdilər. Sən ən yaxşısı futbol şərhçisi olsan, xoş olar mənə. Ya da alış-veriş mərkəzində kloun ola bilərsən, bu ki-əladır!
30 yaşında keçəlləşməyə başlayan Fazil tərli üzündə qrim axa-axa nənəsinə deyirdi:
-Nənə, sən mənim üçün bu həyatı istəyirdin, hə? Mənə “ali təhsil oxumaq vaci deyil” dediyini xatırlayırsan? Riyaziyyat oxumaq əvəzinə küçədə oynamağıma icazə verirdin. Lənət olsun! Axı nəyə görə? Mən bilmirdim nəyi seçim, hansı yaxşıdır, amma sən... Sən mənim həyatımı məhv elədin...
-Əzizim, bəs məndən nə gözləyirdin axı? “Fazil, axmaq olma, gələcəyini düşün, riyaziyyatı oxu, yoxsa zəng mərkəzində operator olacaqsan, yaxşı iş səni xoşbəxt edəcək”-sən bunu istəyirdin, eləmi? Sonra da yanıma gəlib bunları deyəcəkdin mənə: “Nəyimə lazımdır mənə bu zəhrimara qalmış imkanlar? Hər dəfə bədbəxtliyimi lənətləməkdən yorulmuşam artıq. Ailəmə vaxt ayıra bilmirəm. Alış-veriş mərkəzindəki klouna baxarkən onu özümdən min qat xoşbəxt görürəm”
Fazil dərin ah çəkib çirkli qolu ilə dodaq boyasını sildi...
***
Təzəcə ana olmuşdu Zəminə, amma içində bir boşluq, üzüntü duyğusu, ağlama böhranı vardı. Körpəsini yetərincə sevə bilmirdi. Ruh halında meydana gələn dəyişikliklər əslində gözlənilən sayılırdı və buna “Lohusa sindromu” deyilirdi. İki ilə yaxın evlilik həyatında ərinin maddi çatışmazlıqları ilə bağlı ciddi problemlər yaşayan Zəminə hamilə olarkən belə onun üstünə çımxırmaqdan çəkinmirdi. Doğmaqdan dəhşət dərəcədə qorxurdu, çox qorxurdu. Elə buna görə də təbii deyil, süni doğuşa üstünlük vermişdi başından bəri. Həm də buraya bədən formasının pozulma riski də daxil idi. Axı Zəminə gözəl bədəni ilə fəxr edirdi. Hamilə olduğunu öyrəndiyi zamanlarda abort etdirmək fikrinə də qapılmışdı dəfələrlə. Amma həyat yoldaşı Araz bunu eşitcək az qala dəliyə çevrilmiş, Zəminəyə əl qaldırmağa qıymadığından evi alt-üst etmişdi...
Və indi şirin yuxuya qərq olan üç həftəlik qızına bir az qorxu hissi ilə izləyirdi. Bu vaxt qədər körpəni qonşusu əmizdirirdi, amma bundan sonra özü əmizdirəcəkdi...
***
İki gün öncə internetə elan yerləşdirmişdi:“Salam, 41 yaşım var. Qan qrupum 1+. Kimə donor böyrək lazımdırsa, donor ola bilərəm. Bu nömrəyə zəng edin...” Nə zarafatdır, nə də lağ-lağı.
- Salam. Elana görə sizi narahat edirik. Böyrəyinizi satdığınızı yazmısınız.
- Bəli. Satıram. Alacaqsız?-sevinclə soruşur.
- Bizə qaraciyər lazımdı.
Susur...
- Qaraciyər risklidir. Qorxuram. Mən böyrəyimi satıram- deyib telefonu qapadır.
***
Siqaretini yandırdı, barmaqları ilə dodaqları arasında keçid rolunu oynamağa başlayarkən sanki həyat dururdu. Havada rəqs edən tüstünün arxasındakı simanı-çatılmış qaşları və qıyılmış gözləri görə bilmək imkanı olsaydı, siqaretin ziyanlarını sadalamağa çətin ki cəsarət tapılardı.
Siqaretin limit bitəndə skamyadan aralanaraq onu zibil qutusuna atdı. Əllərini palto ciblərində gizlədərək aramla irəliləməyə başladı. Bu gecə yuxuda xoşbəxt olduğunu görmüşdü. Birdən qulağına gələn mahnıdan yaddaşını vərəqləməyə cəhd etdi...
***
Nərgiz əlində fotoaparatla qarşılaşdığı anları lentə köçürdürdü. Tələbəlik həyatını belə keçirdirdi. Oxumağa həvəsi yox idi. Pul dəlisi olan anasının ucbatından atasının ürəyi partlayaraq o biri dünyalıq olduğundan onu dünyaya gətirən qadının ikinci dəfə ailə həyatı qurması ilə anasına nifrət edirdi. Nə doğma, nə də ögey bacı-qardaşı vardı. Təklik onu həyatdan soyudurdu. Özünü tapa bilməməsi bir yana, bədnam komplekslər və qorxular ilə necə mübarizə aparacağını bilmirdi. Şəxsi arzularının nə olduğu dərk etmirdi. Özünə inamı əldə edib harmoniyaya qovuşmaq arzusundan vaz keçmirdi amma...