Təqribən üç gün öncə şəbəkələrdən birində belə bir sosial təcrübə ilə rastlaşdım: hardasa altmış yaşlarında bir qoca kişi yenicə evləndiyi xanımı ilə avropa ölkələrindən birində bal aylarını keçirirdi. Və bu təmtəraxlı prosedurun ilk tədbiri olaraq onların şəhərin ən maraqlı yerlərində çəkdirəcəkləri xatirə şəkilləri nəzərdə tutulmuşdu. Əslində sıradan təsiri bağışlayan bu tədbirin kənardan onları izləyən insanların aqressiv reaksiyaları ilə müşahidə olunması məni demək olar ki, təəccübləndirmirdi. Çünki qara və olduqca lüks təsiri bağışlayan smokinqli babanın yanında saflıq rəmzi olan ağ libası ilə dayanmış gəlinin cəmi on iki yaşı var idi. Bu cür nigahların bəzi ölkələrdə qanuni olduğu heç kimə sirr deyil. Ancaq mən iyirmi dörd illik bir müddətdə belə bir cütlüklə rastlaşmamışam ki, tam əminlik ilə sadəcə söz yığını olan bu xəbərlərin həqiqət olduğunu təsdiqləyim. Bütün hallarda hal- hazırda bu heç vacib də deyil. Hətta qələmə aldığım bu hekayəni yazmağa çalışarkən mövcud olan reallığları unutmaq məcburiyyətində belə qalmışdım. Deməli belə, yenə bizə bir çox ünsirləri bağışlayan təsəvvürümüzü işə salaraq hansısa X ölkəsində yaşayan kiçik bir qızcığazı təsvir etməyə çalışaq. Çoxuşaqlı ailənin dördüncü övladı olmaq və özündən böyük qardaş- bacılarının köhnə paltarlarını özününküləşdirməklə böyümək avantajını hər bir millimetrinə qədər yaşamaq kimi şansa malik olan birini. Bəzi mentalitetlərdə qadın olaraq dünyaya gəlmək tualet əşyası kimi yaradılmaqdan daha pisdir. Çünki əşyaların problemlər yaratmaq kimi xüsusiyyətləri olmur. Ancaq qadın, o davranışlara reaksiya verməq iqtidarında olan ağır bir yük kimidir. Hər kəs onu başından etmək istəyir ki, mənəvi əziyyətdən xilas olsun. Bir gün qadın xəyanəti ilə üzləşməyəcəyindən dəqiq əmin olacağın qədər ona güvənmək istəmədiyin üçün... Qadın olaraq dünyaya gəldinsə həyatın sənin üçün bir az fərqli məcrada mövcud olacağından əmin ola bilərsən. Təhsil alıb iqtisadi və düşüncə ağadlığına qovuşa biləcəyin barədə fikir yürütmək çətin ki, baş tutsun. Ən azından belə ölkələrdə qadınların işləməyindənsə onların işləməməsi daha etik hesab edilir. Və əksər hallarda bənzər cəmiyyətlərin qadın üzvləri iqtisadi və iradə azadlığının, ümumiyyətlə isə azadlığın nə olması haqqda heç nə anlaya bilmədikləri üçün son ünsirlər olmadan yaşamaq nisbətən rahat təsiri bağışlayır. Ailə dediyin kiçik cəmiyyət yoxsul olduğu zaman özünün ucaboy, sarışın, uzun saçları və böyük yaşıl gözləri olan gülərüzlü kiçik bir şıltaq qızcığaz ola bilməyəcəyin mütləqdir. Normalda sən ya, cılız bədən quruluşlu qarabuğdayı cülllütəbənəz, ya da cılız bədən quruluşlu qarabuğdayı cüllütəbənzər balaca bir qızcığaz olacaqsan. Hər necə olacağından asılı olmayaraq üç, beş yaş böyük görünməyə çalışacağın dəqiq məlumdur. Çünki az qalsın anadan olduğun gündən səni 18+ yaşlarında olan qadınların davranışlarına və idealarına elə öyrəşdirəcəkdilər ki, sən özünü dərk etməyə başlamazdan əvvəl evlilik həyatı barədə bütün xırdalıqladan xəbərdar olacaqsan. Həyat yoldaşını məmnun etməyin sirrlərindən tutmuş, dünyaya gətirəcəyin uşaqların bezlərini dəyişdirməyə kimi bütün informasiyalar sənin məlumat bazanda şübhəsiz mövcud olacaq. İnsanlıqdan iyrənərək səhralara çəkilən kahinin belə yaşam mənasını tam olaraq dərk etmədiyi bir şərtlər altında sənin sadəcə evlilik həyatı üçün mövcud olmağına inandırılmağının olduqca adi bir məsələ təsiri bağışlayacağından əmin ola bilərsən. Beləcə əgər bu xoşbəxtlik sənə qismət olarsa yeddi, ya da səkkiz yaşın olarkən orta məktəbə gedib ilkin səviyyədə yazıb- oxumağı öyrənə biləcəksən. Ən azından adını yaza bilmən və məişətdə ona qədər saymağı bacarmağın üçün. Yaşadığın cəmiyyətdə murdar insanların sayı çox olduğundan, ya da valideyinlərinin ətrafldakılara inamlarının olmadığı üçün səni dördüncü sinifdə məktəbdən ayıracaqlar və sən evdə öz qismətini gözləməyə başlayacaqsan. Ancaq təhsilinə son qoyulmağının əsas səbəbi səni düşünmələri olmayacaq. Sadəcə onlar sənin doqquzuncu sinif Anatomiya kitablarındakı insan orqanlarından bəhs edən başlıqlar arasında “ bəzilərini” görərək pozulacağından, daha doğrusu isə el- ələmə biabır olacaqlarından qorxduqları üçün belə qərar qəbul edəcəklər. Narahat olmalı heç bir əsasın olmayacaq, heç ruhun da inciməyəcək. Çünki sənin ərə getmək üçün dizayn edilən ideaların arasında təhsil almaq kimi vaxt itkiləri yer almayacaq. Və hətta ola bilər ki, sən elmə həyatlarını həsr edən insanları qınayacaqsan da.
Zamanın ötməsi ilə sən yeni- yeni bacarıqlara yiyələnəcək və ailənə, adət- ənənələrinə sadiq olduğun üçün böyüklərin tərəfindən kiçik mükafatlarla da təltif ediləcəksən. Birçəklərini daha bir neçə santı uzatmaq, qohum- qonşuda ərə gedənlərin xınayaxtı mərasimlərində əlinə qoyulan xınaya özün dizayn vermək kimi. Bir- iki yaş daha böyüdükdən sonra sən ailə quran qadınların simalarındakı təbəssümləri və onların qoca nənələrin müzakirə mövzularına çevrildiklərini qısqanaraq özün də bir gün nəhayət ki, gələcək cəngavərin üçün səbrsizlənəcəksən. Onu planetin ən yaraşıqlı kişisi kimi təsəvvür edəcəyin idealar arasında təkcə reallıqları nəzərdən qaçırmağın yer almayacaq. Və nəhayət ki, bir gün o gəlib çıxacaq. Uca boylu, yaraşıqlı, güclü, ağıllı... Yox, bağışla! Bu dünən baxdığım filmdən idi. Böyük bir ehtimalla sən onu toy gününə kimi görməyəcəksən. Lakin kiçik bacılarının sevinc dolu səbrsiz təbəssümlər ilə sənə deyəcəkləri cümlələrdən onun əllidən çox yaşının olduğu öyrənəcəyin ilk xəbərlərdən olacaq. Daha sonra isə onun çox varlı biri olduğunu və səni on neçənci arvadı kimi aldığını eşidib bu yaxınlarda ərə getmiş qohumunuz ilə oxşar talelərinizin olduğunu xatırlayacaqsan. Bütün hallarda dəyişə biləcəyin nə isə mövcud olmadığı üçün sən özünə təsəlli olaraq ya ilk bu cür ərə gedən qadın olmadığını, ya da heç olmazsa səfalət içərisində keçirtdiyin günlərindən xilas olacağını fikirləşəcəksən. Hətta evləndiyin şəxsin atana ödədiyi böyük miqdarda başlığı da ailən üçün son yardımın kimi qiymətləndirmək istəyəcəyindən də əminəm. Bu da son, sən artıq evlisən. Bundan sonra özünü bütünlüklə ailənə və gələcək uşaqlarına həsr etmək barədə cızdığın və özünə dünyanı xilas edənlərin strategiyasını xatırladan düşüncələrini beynində dəfələrlə təkrarlaya- təkrarlaya toyun sonunda yanına gələcək şəxsin necə biri olduğu həyacanını yaşamağa başlayacaqsan. Qohumlardan eşitdiyin cümlələri hələ ki, görməzdən gələrək içəri daxil olanın cavan və yaraşıqlı biri olacağı ümidi ilə qapının açılacağını gözləməyə başlayacaqsan. O gecikdikcə ümidlərin daha çox səni səbrsizləndirəcək, ta ki, qapıdan daxil olanın atandan qoca və hərəkətsizlikdən şişmiş biri olduğunu görəcəyin o ana qədər. Hə, bir az da surprizyana olacaq: sən ona bakirəliyini təqdim edəcəksən, bütün mənfi ilk təəssüratlara baxmayaraq yeni həyatında xoşbəxt olmaqdan ötrü, o isə bunu formal olaraq qəbul edəcək, sənin nə qədər məyus olduğunu heç vaxt anlaya bilməyəcəyi halı ilə. Beləliklə sənin bütün gecələrin ərinin tər vəzilərindən ifraz olunan ərimiş piyinə bulaşaraq səni heç zaman iyrənmədiyin kimi diksindirəcək. Və bir gün bu sənin üçün normal hala gəldiyində sən anlaya bilməyəcəksən ki, əslində hər şeyi belə rahatlıqla qəbul etməyin qəlbində ona qarşı yaranan sevgidən deyil, bir müddət öncə mövcud olan murdarlığın artıq sənin daxili aləminə də nüfuz etməsindən qaynaqlanır. Axı sən hələ də sevginin reallıqda nə demək olduğunu anlaya bilməyəcək yaşda olacaqsan.
Təsvir etdiyim balaca qızcığazın həyatının kluminasiya nöqtəsini keçdikdən sonra bir anlıq geri dönüb yazdığım hər cümləni yenidən oxumağa başladım. Düzü o qədər də reallığa uyğun alınmamışdı, çünki hər hansı məntiqi sonluq və ya ən azı məsum bir qadının intiharı yox idi. Ancaq deyəsən on iki yaşında evlənəcək birinin gələcəyindən bir damla təsvir edə bilmişdim. Yaratdığım qəhramanı nə üçün belə bir həyata məhkum etdiyimi özüm də tam izah edə bilmirəm, ancaq nədənsə mən onu normal bir ölkədə doğularaq öz həyatını özü seçmək iqtidarında olan on iki yaşlı bir qızcığaz kimi yaratmaq istəmədim. Lakin bütün hallarda bu balaca qız uşağı və onun yaşadıqları üçün məyus olmağa dəyməz, çünki o hələ də elə bilir ki, seçmədiyi bu həyat onun qismətidir.