Bəlkə də lap az qalıb!
Fariz Süleymanoğlu tərəfindən "Şeir" bolməsinə 18:03 16 iyul 2015 tarixində əlavə olunmuşdur

Fikir qalıb əzəldə,

Göz yollarda, diz əldə.

O ağbirçək gözəldə

Nə qəmzə, nə naz qalıb,

Bəlkə də lap az qalıb!

 

İllərə bax üzündə,

Nur qalmayıb gözündə,

Naz eyləyir dizin də.

Saç tökülüb, daz qalıb,

Bəlkə də lap az qalıb!

 

Gözəl illər uçdu ta,

“Kaş ki” demə, keçdi ta.

Payız ötüb, qışdı ta,

Elə bilmə, yaz qalıb,

Bəlkə də lap az qalıb!

 

Nə qədər ki, zaman var,

Həqdən qəlbə daman var,

Əzraildən aman var,

Yazmalısan! Yaz! Qalıb,

Bəlkə də lap az qalıb!

 

İllər uçdu küləynən,

Taledən az gileylən,

Qəm eyləmə, gəz, əylən.

Qoy desinlər baz qalıb,

Bəlkə də lap az qalıb!

 

Nəfəs hərdən təngiyir,

Həzinləşir, səngiyir,

Hələ əcəl ləngiyir,

Öz yerini qaz, qalıb,

Bəlkə də lap az qalıb!

 

Üzür həyat gəmisi,

Minir, düşür kimisi,

Pıçıldayır birisi:

“Bəxtəvər də saz qalıb!”

Bəlkə də lap az qalıb!

 

Yorulmusan, ay ürək,

Yorulmusan mənim tək.

Son havanı çal görək,

Sınıq tarla saz qalıb,

Bəlkə də lap az qalıb!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+13=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0348 saniye