Nərmin və Fuad. Qonşu idilər ailələri. Hər ikisi də ailənin tək uşağı sayılırdılar. Uşaqlıqları bir keçmişdi. Bir yerdə bağçada getmişdilər. Həyətə düşüb uşaqlara qarışaraq oynamışdılar. Bir parta arxasında əyləşmişdilər. Həmyaşıd idilər. Bir-birlərinin sirrlərini bilirdilər. Dərdləri, sevincləri bir idi. Bacı-qardaş kimi idilər. Ailələr bayram günlərində bir-birlərinin evlərinə qonaq gedirdilər.
Hər ikisi 15 yaşlarına qədəm qoyduqlarında ayrılıq məqamında göz yaşlarını sərbəst buraxdılar. Nərminin ailəsi şəhərin başqa səmtinə köçdü. Tez-tez internetdə yazışırdılar. Arada Nərmin gəlirdi uşaqlığının məhləsinə, arada Fuad ayaq basırdı yeni yaşayış massivinə.
Tələbə adını qazandılar. Eyni universitet, ayrı fakültə. Böyük əksəriyyət onları sevgili hesab etdi. İlk əvvəl onlara sadəcə dost olduqlarını sübut etməyə çalışsalar da, getdikcə inanmadıqlarını görüb daha veclərinə almadılar. Arada şəhər gəzintilərinə çıxıb əylənirdilər.
4-cü kursda Nərmin nişanlandı. Atasının dostunun oğlu Həsənlə. Həsən Fuadla Nərminin münasibətlərindən xəbərdar olsa da, xoşlanmırdı. Qısqanırdı. Fuad bunu anlayıb özü Nərmindən uzaqlaşdı.
5 il sonra...
Payız günlərinin birində Nərminlə Fuad qarşı-qarşı gəldilər. Nərminin yanındakı 3 yaşlı oğlan uşağının başına sığal çəkib gülümsədi. Adını soruşdu. "İlqar". Fuad Nərminin gözlərinə baxdı. Xoşbəxtlik yağırdı gözlərindən. Gözəlləşmişdi. Fuad da yaraşığına yaraşıq qatmışdı. Gənc və gözəl qız gəlib Fuadın qoluna girərək yanağına öpücük qondurdu. Nərmin xəfifcə təbəssüm etdi. Bir-birinə yaraşan cütlüyə nəzər salaraq oğlunun əlindən tutub uzaqlaşmağa başladı...