Beynindəki qurşun
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:52 03 iyun 2015 tarixində əlavə olunmuşdur

-Hey, Oqtay, hazırlaşsansan yaxşıdır, çünki təzə müdirlə ən çox sən tanışmaq istəyirsən yəqin.

Gənc polis Oqtay əlindəki qələmi elə bərk sıxdı ki, qələmin qırılma səsinə hər kəs diksinmiş kimi oldu. Murad isə kinayə ilə dediklərinə görə zərrə qədər də peşman deyildi. Nə də olsa, rəqibdən çox düşmən kimi idilər. Oqtayın qəzəb yağan baxışları, əsəbdən varlığı titrədən görüntüsü ona həmişə həzz verirdi.

Yerindən tərpənmək nədir, heç nəfəs belə ala bilmirdi. Bütün gözlər Oqtaya zillənmişdi. O isə heykəldən heç nə ilə fərqlənmirdi. Sındırdığı qələm əlini azacıq qanatmışdı. Beynindəki “kinolent” işə düşərək gözlər önünə keçmişini sərgilədi.

Uşaq idi. 9 yaşı vardı. Anası doğum ərəfəsində həyatını itirmişdi. Atası isə anadangəlmə əqli çatışmamazlıqdan əziyyət çəkirdi. Həmişə danışarkən çənəsi bir az sola gedərək insanları qorxuya salardı. İnsanlara yaxınlaşmağı sevməzdi. Yaxınlaşdıqca göz bəbəkləri qorxudan böyüyürdü. Kiçik qəsəbədə hər kəs bu “eybəcər”dən və oğlundan uzaq gəzər, onları lənətləyər, gecə düşüncə onları qapısını döyərək qaçardılar. Hələ əgər Oqtay tək-tənhadırsa, 7-17 yaş aralığında oğlanlar tərəfindən döyülərdi. Məktəbdə müəllimlər tərəfindən aşağı qiymətləndirilirdi yaxşı oxumasına rəğmən.

O vaxtlar qəsəbədə naməlum qatilin ürküdücü cinayətləri peyda olmağa başlanmışdı. Qatilin əsas hədəfi gənc qızlar idi. Göy üzünü qaranlıq əsir alan zaman oxuduqları təhsil müəssisələrindən və iş yerlərindən evlərinə qayıdan qızların səhər yolun kənarında tapılan qanlı cəsədləri ilə qəsəbəyə qorxu çökmüşdü. Qurbanların sayı 9-a çatırdı. Ölkə miqyasında həyəcan təbili çalındı, bütün qüvvələr səfərbər olundu. Polis qüvvələr gecələr yuxularına haram qataraq qana susamış qatilə tələ qursalar da, ailələr qızlarını uzun müddət ev həbsində saxlasalar da, nəticələr mənfiliyə doğr gedirdi. Yalnız bilinməyən “şeytani” səbəblərdən dolayı qatilin səsi anidən kəsildi. Sonuncu, 10-cu qurbanla birgə qeybə çəkildi sanki. Çoxları bunu yeganə şahidə, qurbanın kiçik bacısına bağladılar. Qızğıcaz onun fotorobotu tam olaraq çəkdirə bilməmişdi. Onun gənc biri olduğunu, gülərkən dişlərinin bəyazlığı, başında kepka olmasını, əllərinin isə yumşaqlığını yaddaşında saxlamışdı bacardığı qədər. Həmin şahid qız ad-soyad dəyişikliyi ilə başqa ölkəyə yerləşdirilsə də, tez bir zaman çərçivəsində qanlı cəsədi ortaya çıxmışdı.

Cinayətlər “bitən” kimi şübhəlilərin axtarışına başlandı. Bir nömrəlisi isə Oqtayın ağıldankəm atası oldu. Bilə-bilə “Kim? O? Özünü gic yerinə qoyma görək” desələr də, “bir nömrə” ilə barmaqla göstərdilər, şillə-yumruğa qonaq etdilər, üzünə tüpürdülər. Təbii ki, onlar içlərindəki qorxunu, qəzəbi, nifrəti dindirməli idilər, açığa çıxartmalı idilər. Onlardan biri də polis idi. Dəfələrlə onu həbsxanaya saldırmış, ağzını qanla doldurmuş, qabırğalarını sındırmış, amma “mən günahsızam”dan başqa heç nə eşitməmişdi.

Oqtay atasını elə o polis öldürmüşdü. 10 yaşını qeyd edə bilmədi. Atasının ölümü haqqında “o polis” gecə qapını döyərək məlumat verərkən “Sən! Atamı sən öldürdün! O deyildi, bilirdin, hamı bilirdi, o deyildi” çığırtısını göz yaşları içində diz çökərək nifrətlə bildirmişdi. “Mən onu tapacam, o qatili və sən atamdan üzr istəyəcəksən. Buna and içirəm.” deyib qapını çırpmışdı.

Oqtayı himayəyə götürən qəsəbənin “hörmətli”lərindən biri idi. O, illər sonra qəsəbəyə dönüş edərkən uzaqdan uşağın cəm tərəfindən döyüldüyü görüb onu “xilas etmişdi”. Hekayəni tam öyrəndikdən sonra yaşayacağı evdə oğlan üçün də yer ayırdaraq onunla birgə yaşamağa başladı. Artıq bundan sonra heç kimsə Oqtaya toxunmayacaqdı. Düzdür, atasının günahsız ölümündən bir neçə müddət sonra artıq qəsəbə Oqtayla az qala üzrxahlıq edirmiş kimi davranmağa başladı. Amma onun incik qəlbi heç vaxt sağalmadı. Gözləri hər an 2 nəfəri axtarırdı. Atasının qatillərini. Polis artıq o qəsəbədən köçmüşdü. Onun sorağı artıq böyük şəhərdən gəlməyə başlamışdı. Digər qatil isə səssizliyini, izsizliyi, naməlumluğunu qorumaqda idi.

Körpüdə əlləri cibində dayanaraq səmanı seyr edirdi. Bu körpüdə nadir hallarda maşın görünürdü. Sakitliyi ilə seçilirdi. Üstəgəl, təbiət mənzərəsi, günəşin batışını izləmək üçün ideal məkan idi. Oqtay işdən çıxan kimi maşınını dərhal “Sakit körpü”yə sürürdü. Səmimi təbəssümə, gözəl arzulara, inamlı gələcəyə ehtiyacını burada ödəyirdi. Maşına söykənməklə gözlərini qapadır, atası ilə olan güclü xatirələrini hafizəsində canlandıraraq özünü bataqlığa bulaşdırmaqdan qoruyurdu.

Keçmişi xatırlamaqdan da betər “acı”sı vardı. Beynindəki qurşun. İki il əvvəl ölümlə çarpışmışdı. Beynindəki “ölüm”ü çıxartmaq ona ölüm qazandıracaqdı. Anidən baş verən ağrılardan bezmişdi.

“Bəlkə də naməlum qatil gəbərib, bəlkə də öz aramızdadır, bəlkə də...Amma səninlə, hörmətli müdirim, hesablaşmamız var. Narahat olma, əlimi sənin qanına bulaşmayacam, çeçələ barmağını girov götürməyəcəm, amma atama etdiklərinə görə göz-gözə gələrkən o peşmançılıq hissini görməyincə, ondan əfv diləməyincə sənə qarşı nifrətim sönməyəcək. Hərgah ki, qürurlu birisən, o qatilə görə evlənmədin, hətta eşitdiyimə görə gecələri keçirtdiyin qadınlardan biri hamilə qaldığından onu dərhal aborta göndərmisən, çox gözəl, amma olsun.”

Çevrilib getməyə hazırlaşırdı ki, qarşısında onu gördü. Keçən zaman heç nəyi dəyişdirməmişdi. Sadəcə saçları ağarmağa başlamışdı, vəssəlam. Eynən həmənki baxış, həmənki görkəm.

Oqtay əlini alnına qoyub salam verdi. Müdiri dərindən iç çəkib əllərini arxada birləşdirərək irəliyə addımını atıb üzünü səmaya tutdu. O, təyinatını israrla buraya tələbini irəli sürmüşdü. Amma geriyə qayıdışına səbəb Oqtayın özü idi. Naməlum qatil elə onun özü idi əslində. Mükəmməl cinayətlə Oqtayı dəliyə çevirmək istəyirdi. “Beynindəki qurşun”-onun planı belə idi. Gözlərini parıldadaraq sezilməyəcək dərəcədə kinayəli gülümsədi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0486 saniye