Bioqrafik Etüdlər
Atam məni 6 – yaşımda məktəbə yazdırmaq istəyirdi ki, hər səhər dərsə gedən böyük qardaşımın arxasınca baxıb cığallıq etməyim. O, zamanlar təhsil müəssisələrinə 6- yaşında uşaq qoymaq, elə də, asan iş deyildi. Əvvəlcə, etiraf edim ki, bir az əndişələndim. Sonra, atam mənə məktəbimizin “Butulkalı ev” kimi məşhur olan yerin yanında olduğunu söylədi. “Butulkalı ev”? O, necə ola bilər axı? Məgər butulkadan da ev tikmək olar? Bütün bu, maraqla bol olan suallar beynimdə dayanmadan dolanır, mənə rahatlıq vermirdi. Məktəbin açılacağı günü iplə çəkməyə başlamışdım. Açığı, məni məktəbdən daha çox, “Butulkalı ev” i görmək maraqlandırırdı. Uşaqlıq illərimdə zaman çox gec keçirdi. Bilmirəm bu, bütün uşaqlarınmı həyatında belə olub, yoxsa, indi günlərimizin bərəkətimi qeybə çəkilib?..
Nəhayət, sovet məktəblilərinin müqəddəs bilik günü, sentabrın 1-i gəlib yetişdi. Məndə atamın əlindən bərk – bərk yapışıb “Butulkalı ev” in qonşuluğundakı, təhsil alacağım məktəbə ilk addımlarımı atdım. Atam ilk dərs günündən sonra, məni “Butulkalı ev”ə aparacağına dair söz verdi. Sinifimizə ilk qədəm qoyduğumuzda, bizi ilk qarşılayan 70 – 75 yaşlarında, təqaüd çağını çoxdan haqlamış ağbirçək bir müəllimə oldu. Bu, bizim sinif rəhbərimiz Səyyarə Vəkilova idi. Şansımız gətirmişdi, ona görə ki, sinif rəhbərimiz, görkəmli şair Səməd Vurğunun doğma əmisi qızı idi. Uşaq olsaq da, bağçada Səməd Vurğunu və başqa ədiblərimizi az – çox bizə tanıtmışdılar. Direktor sinif rəhbərimizi təqdim etməzdən əvvəl, bizdən, Səməd Vurğunu tanıyıb – tanımadığımızı soruşdu və biz də, bir ağızdan – bəliiiii- dedik.
Sinif otağımızın divarlarında boya - boy Azərbaycan mütəfəkkirlərinin, ədiblərinin şəkilləri asılmışdı. Sinif rəhbərimiz Səyyarə Vəkilova Ana- dili və Ədəbiyyat fənni üzrə 45- il idi ki, şagirdləri maarifləndirirdi. Onun, ədəbi sahəyə göstərdiyi xidmətləri, işinə olan sevgisini zaman keçdikcə çox gözəl anladıq. Ədəbi mühitə bağlılığımda ilk müəlliməm Səyyarə Vəkilovanın zəhməti danılmazdır.
İlk dərs günündən sonra, atam verdiyi sözə əməl etdi. Məni uzun zamandan bəri maraqla intizarında olduğum məşhur “ Butulkalı ev”ə apardı. Sonralar tez – tez bu evi sinif yoldaşlarımla birgə ziyarət edirdim. “Butulkalı ev” Gəncənin simvollarından idi. Uşaqlıq illərim necə də uzun, necə də maraqlı, necə də mənalı idi...
Məktəbi bitirdiyimiz zaman, ilk sinif rəhbərimiz Səyyarə Vəkilova həyatla vidalaşmışdı. Lakin, onun bizlərə miras buraxdığı dəyərli fikirləri, mənalı nəsihətləri heç yaddaşımızdan silinməmişdi. “Həyatda qalıcı olanlar yaşadıqlarınız deyil, yazıb – yaradacaqlarınız olacaq” deyərdi, Səyyarə müəlliməmiz. Ah, zaman necə də amansız, necə də insafsızdır. O illərə qayıtmaq üçün, bəzi xətalarımızı düzəltmək naminə nələri verməzdik...
Məktəb illərindən ədəbi yaradıcılığa bağlanmışdım. Qiraətə tutqunluğumda anamın da töhvəsi olmuşdu. Hər ay sonu, anam aldığı məvacibin 15-20 manatını məxsusi yeni kitablar almaq üçün ayırardı. Zaman keçdikcə şəkilli kitablara uşaqlıq həvəsim arxa plana keçdi. Məktəbin son siniflərində artıq dünya ədəbiyyatına marağım artmağa başladı. Asudə vaxtlarda, Ceyms Oldric, Cek London, Sidney Şildon, Mark Tven, Pənahi Makulu, Xoşginabinin əsərlərini mütaliə edərdim. Məktəbi bitirdiyimiz il, Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Biz, keçid dönəminin məzunlarıydıq. Yeni dönəm, bizlərin bir sıra sahəyə baxışlarını dəyişmişdi. Artıq daha çox milli ruh, milli düşüncə aşılayan əsərlər axtarışındaydıq. Atam çalışdığı ali təhsil ocağından bir kitab gətirmişdi. Üz qabığında boya - boy Azərbaycanımızın müqəddəs üç rəngli bayrağı həkk edilmiş, Nəsib Nəsiblinin müəllifi olduğu Azərbaycan Demokratik Cümhuriyyəti kitabı məxsusi olaraq mənim üçün atam tərəfindən qiymətli bir ərməğan idi. Gənc bir məzunun müstəqil ölkəsi ilə ilk tanışlığı müstəqil bir kitabla başladı. Dostlarım bu kitabı oxumaq üçün növbəyə yazılmışdı. Kitabla tanışlıqdan sonra qarşılıqlı fikir mübadiləsi ediər, yeni fikirlərimizi bir – birimizlə paylaşardıq. O, zamanın çox məhşur olan “ Gənclik” jurnalına, demək olar ki, hamımız abunə yazılmışdıq. Heç yadımdan çıxmaz, Azərbaycanın şah əsəri, möhtəşəm besteller “ Əli və Nino ” nun kitab mağazalarına gəldiyi gün. Gəncədə barmaq sayı qədər olan kitab mağazalarına 1000 – 1500 nüsxə göndərilmışdi ki, o da üç gün ərzində satılıb qurtarmışdı. “ Əli və Nino ”nu əldə edən şanslılardan biri də, mən olmuşdum. Sonralar kitabı ala bilməyən dostlarıma da oxumaq üçün verdim. Axırıncı dəfə kitabı kimə verdiyim yadımdan çıxdı. Nə az, nə çox aradan tam səkkiz il keçəndən sonra, kitab hərisi olan dostlarımdan biri bu, inci əsərin evində olduğunu etiraf etdi. Bəli, bir zamanlar kitablarımız bizim, ən qiymətli mal varlığımız idi.
İnsanın bu dünyadakı ən böyük uğuru zamanı layiqli dəyərləndirməsidir. Yanında və yaxınında olanları sağlığında dəyərləndirmək çox gözəl bir şeydir. Çünki, kaş ki, əgər kimi təssüf edici kəlmələr həyat üçün keçərli deyil. Gələnlər geri dönmür, gedənlər yenidən gəlmir. Dəyərli əşyslarımızı, malımızı, mülkümüzü əlimizdə saxlaya bilsək də, zamanı saxlamaqda gücsüz və acizik. Xəyallara, xatirələrə dönən illəri isə, ah çəkərək, köks ötürərək xatırlamaqdan qeyri əlimizdən heç nə gəlməz.