Elit təbəqənin gecə klubunda möhtəşəmlik göz qamaşdırıcı idi.
Əsasən gənc kütlənin çoxluq təşkil etdiyi ortamda qaynayıb qarışan müxtəlif mövzularda söhbətlərin ardı-arası kəsilmirdi.
Sevgililər, ailələr, dostlar...
Bircə anlığa bütün gözlər girişə yönəldi.
Xarizmatik auraya sahib 7-dən 77-yə qədər hamının sevdiyi və eyni zamanda nifrət etdiyi Vasif Gəray. Yaşının 50-yə yaxınlaşması çoxlarında heyrət doğururdu.
Uşaqkən rəssamlığa xüsusi marağı peyda olmuşdu. Tez-tez çəkirdi. Və rəsmlərinə göz atarkən qeyri-adi mənzərə çıxırdı. Təbiətin qoynunda pələng və çılpaq qadın portretini misal çəkmək olar.
Amma atası oğlunu pianoçu kimi görmək istədiyindən hər axşam kiçik Vasifi məcbur edirdi ki, çalsın. Əmrə tabe olub çalsa da, bəzən aldığı mənfi nəticələr atasını qəzəbləndiib cin atına mindirirdi. Vasif tələsik masa altına girərək atasının evi darmadağın etməsinə səssizcə şahidlik etməkdən başqa əlindən heç nə gəlmirdi.
Anası onun manyak rəssamlığını lənətləmirdi, amma çəkdiklərini qəbul edə bilmirdi. Əsas məsələ bu idi ki, Vaisf bütün bunları beynində canlandırırdı. Sonra isə əlinə qələm və fırça alaraq ağappaq albom vərəqlərini doldururdu.
Qış gecələrinin birində gözünə yuxu getmədiyindən ifa etdiyi əsər atasının xoşuna gəldi. O dərəcədə bəyəndi ki, Vasifi səhərə qədər çaldırdı.
Bir də onun kiçik hekayələr yazması da vardı. hər axşam yatmamışdan qabaq yazar və kiçik bacılarına oxuyardı. Nağıl xarakterli idi hekayələri və ondan 5 yaş kiçik əkiz bacılarının xoş xoşuna gəlirdi.
Amma bütün bunlarla yanaşı 12 yaşlı Vasifin böyük və eyni zamanda kiçik sirri də vardı. Heç kimlə paylaşmadığı üçün heç kim də bilmirdi. İstər rəsm çəkərkən, istər piano çalarkən, istərsə də hekayə yazarkən baş verən prosesləri danışsaydı inanmazdılar onsuz da. Rəsmləri ilə pıçıltı səslə söhbətləşən, piano yanında ilahi gözəlliyə malik cavan qadınının barmaqları arasında tüstülənən siqaretə baxaıb gülümsəyən, hekayə yazmağında saç-saqqalı ağarmış gözəgörünməz adamın ona yardım etməsindən ruhlanan Vasifi "dəli" hesab edərdilər.
Ali təhsilli olmaq niyyətinin olmadığını açıq-aşkar şəkildə bildirmişdi. Və bu "dəli" qərarla heç cür razılaşmaq bilməyən ailəsi ilə yolları əbədi ayrıldı. Onsuz da uşaqlıqdan az da olsa məşhurluq qazanan "dəli dahi"nin ruhu azadlıq tələb edirdi.
3 dəfə qalmaqallı şəkildə evlənib boşanan Vasif Gərayın müxtəlif qadınlarla eşq məcarələri dillərdən düşmək nədir bilmirdi. O isə bütün bunları saymazyana münasibət bəsləyib də öz işinə davam edirdi.
Yenə rəsm çəkərək onlarla danışırdı. Qeyd edilməlidir ki, rəsmləri də onunla danışırdılar. Hər şeyə Vasif Gərayın gözü ilə baxıldıqda bunu görüb də heyrətlənməmək mümkün deyildi. Çılpaq bədənləri bu qədər canlı təsvir etməyin sirri bu imiş sən demə.
Hər gecə piano çalarkən həmin qadını sevirdi. Onun dolğun dodaqları, uzun boynu, maviyə çalan yaşılı gözlərinin həsrətini çəkirdi. Fransız və italyan dillərində sevgi mahnılarının ifaçısı özü idi. Və hər ifanın sonunda sirli qadının dodaqlarını öz dodaqlarında hiss edirdi.
Yazarkən yardımını əsirgəməyən qocanın bozaçalar gözlərinə baxarkən keçirdiyi məmnunluq hissini dilə gətirə bilmirdi. Özü də buna dərindən təəssüflənirdi. Sanki dili möhürlənirdi qocanın yanında. Qoca bunu anlayıb mehriban baxışlarla əlini onun çiyninə qoyurdu.
2 oğlunun, 1 qızının var oluşu onu bircə qram da olsun maraqlandırmırdı. Keçmiş arvadları onun uşaqlara laqeyd münasibətindən həm qorxurdular, həm də əsəbiləşdirdilər.
Və elit təbəqə üçün piano ifa etməyə başlayarkən hər kəs nəfəs almağı yaddan çıxartdı...