Ömür xəzəl olur, tökülür, insan
Qısılır son, axır yarpağa bir gün.
Cavanlıq quş təki uçanda əldən,
Ah çəkərək düşür sorağa bir gün.
Həyat amansızdır, qardaş, bil bunu,
Namusla, vicdanla get öz yolunu,
Qaranlığa girmə, acıdır sonu,
Bil, həsrət qalarsan çırağa bir gün.
İçdiyin yeri bil, hər yerdə vurma,
Kiçik bir söz üstə dostluğu qırma,
Çox imkanlılarla oturub durma,
Lağ edib atarlar qırağa bir gün.
Tanrıdan bir zərrə daşıyır ürək,
O ruhdur, yenə də Ona dönəcək.
Libasdır bu bədən, biz çıxaran tək,
Dönəcək torpağa, torpağa bir gün.
Fariz Süleymanoğlu (1990)