Bir illik sevgim, 16 il sonra
Afət Hacıyeva tərəfindən "Esse" bolməsinə 09:46 18 dekabr 2014 tarixində əlavə olunmuşdur

Xatırlamaq hər zaman gözəldi, istənilən halda, bizi özümüzə qaytaran bir keçiddi, sanki. Hər keçən günü, bu günü belə, dünən kimi xatirəyə çeviririk. Hər ötən saat da keçmişə, arxivə qovuşur. Bizim üçün yaxşı ya pis, bütün xatirələri yığıb gizlətdiyimiz bir yerdi arxiv. Amma heç də yaxşı olmayan dostumuzdu, etibarsızdı. Hər vaxt bizi ələ verməyə hazırdı həm də sübutlarla, faktlarla…Uzun bir zamandan sonra, dərdləşsək, göz yaşlarıma qıymadan oturub tamaşa edər, bircə-bircə saxladığı hər xatirəni tökər, daha nələri saxladığını göz önünə sərər, sanki öz məharətini göstərər. Mən buna görə hər günü belə, arxivləşməyə qoymuram hər dəfə xatırlayıram. Artıq, demək olar ki, bu etibarsız dostuma qarşı tədbirliyəm. Amma, deyəsən, o qədər də bacarmıram onunla. Bu gün kitabları, dəftərləri yenidən vərəqləyərkən anladım. Mən neynəsəm də, onu yeni saxlaya bilmirəm, o zamanla daha möhkəm əhd-peyman bağlayıb və mənim hər günümü, saatımı da siyahıya almaqda qərarlıdı. Köhnə vərəqləri saralsa da, mənim yaddaşımda məsumluğunu saxlayan o illərin xatirəsini özündə gizləyən, dəftərləri vərəqlədim. Qəribə qoxu məni asqırtdı, dostum deyəsən bu dəfə az da olsa, mənə qayğılandı “ sağlam ol”! kəliməsi səsləndi və beləcə sağlam bir xatirəni xatırlamağa başladım…
            15 sentyabr 1998-ci il, sinifdə, çalışma, evdə, çalışma, ən böyük ortaq bölən, ən kiçik ortaq bölünən, tənliklərin həlli, tərif, əmsal, tərif və s. Bəli, bu başlıqların hamısı 6-cı sinif riyaziyyat fənnindən olan 3 ədəd dəftərimdə yazılanlardı. Birinci dəfə idi ki, burada qırmızı rəngli qələmdən istifadə etmişdim. O vaxt elə bilirdik ki, qırmızı rəng yalnız, müəllimin qələmi ola bilər, o da təkcə səhvlərimizin altdan xətt çəkmək üçün, ya da qiymət verən zaman işlənirdi. Amma bu qaydanı o zaman pozduq ki, riyaziyyat müəllimimiz icazə vermişdi. Bütün uşaqlar həm qırmızı, həm göy qələmdən istifadə edirdi. Diqqətimizi çəkmək üçün önəmli olan hissələri qırmızı qələmlə yazırdıq. Bəlkə də ilk sevdiyim kiçik üstünlüyü bu olmuşdu riyaziyyatın…Digər tərəfdən riyaziyyatı sevdirən, onu mükəmməl öyrədən, hər kəsin mötəbər bir şəxs kimi qəbul etdiyi, “ sanki, riyaziyyatın açarı ondadı” deyilən Bilal müəllim-Bilal Hacıyev olmuşdu. Mən digər uşaqlardan daha şanslı idim. Həm onun kimi bir müəllimin şagirdi idim, həm o mənim qohumum, eyni zamanda qonşumuz idi.

            80-dən artıq yaşı olmasına baxmayaraq, ən soyuq, şaxtalı günlərdə belə, çətinliklə də olsa mütləq məktəbə gedərdi. Heç vaxt bir dərsini belə təxirə salmazdı. Birinci dəfə idi ki, yeni dərs ili başlayanda o, bizi salamlamağa gəlmədi və qarşımızda yeni bir müəllimə gördük. Bilal müəllim xəstələndiyi üçün, müvəqqəti olaraq onu əvəz edəcəkdi. Bir həftə davam etdi bu əvəzləmə, bir həftə sonra hər birimiz anladıq ki, bu müvəqqəti hal deyil,yeni müəllimə bizim riyaziyyat müəlliməmiz təyin olunub. Bilal müəllimi bizim üçün heç bir riyaziyyat müəllimi əvəz edə bilməyəcəyini, onun yerinə heç kimi qoya bilməyəcəyimizi düşünüb, öz uşaq aləmimizdə etiraz olaraq, müəllimə sinifə daxil olub salam verdiyi anda biz hamımız sinif otağını tərk etdik. Amma bu heç nəyi dəyişmədi təbii ki.

16 ildi saxladığım bu dəftərləri vərəqləyərkən ilk və son dəfə üzümə dəyən sillə də artıq xoş xatirə kimi üzümü güldürdü. Bu sillə bir müəllim tərəfindən, digər bir müəllimə görə cəzlandırılmam olmuşdu…

            Rəqəmlərlə dolu olsa da, bu dəftərlər, hərflərə çevrildi, nağıl kimi şirin xatirələrimi cümlələr etdi və bir də onu xatırlatdı ki, sevmədiyim riyaziyyat fənnini sevməyə başlamışdım, amma bizim sevgimiz bir il çəkdi. Bu gün mən yenə də riyaziyyatı heç sevmirəm…

 Afət Hacıyeva


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Afət Hacıyeva
Haqqında
Jurnalist
Əlaqə
E-mail:
afet-hacili@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.029 saniye