“Hər bir azərbaycanlı Azərbaycana ata ocağı kimi baxmalıdır”
Heydər Əliyev
Azərbaycan Respublikası hər zaman xarici siyasətə və xarici dövlətlərlə güclü əlaqələrin yaradılmasına önəm vermişdir. Müstəqilliyimizin bərpasının ilk illərində çətin bir dövrdən keçsək də Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu çətin dövr tez bir zamanda sona çatdı. Aparılan düzgün xarici və daxili siyasət Azərbaycanın dünyada tanınmasına gətirib çıxardı. Təsadüfi deyil ki, 1994-cü ildə dünyanın nəhəng neft istehsalçıları ilə “Əsrin müqaviləsi” imzalandı. Bu cür sürətli inkişafı davam etdirmək üçün Heydər Əliyev yeni tədbirlər görməyə başladı. Əlbəttə, bu mənada ən önəmli tədbir xarici dövlətlərdə yaşayan azərbaycanlılarla bağlı idi. Nəzərə alsaq ki, təxmini hesablamalara görə dünyada 40 milyondan çox azərbaycanlı yaşayır və bunun da böyük bir hissəsi Azərbaycandan kənardadır, deməli, bu haqda düzgün qərar vermək labüd idi.
Ümummili lider Heydər Əliyev bilirdi ki, Azərbaycanın xaricdə nüfuz qazanması üçün məhz xaricdə yaşayan həmyerlilərimizin köməyi lazımdır. Bunu nəzərə alaraq onlara təşkilatlanmaq və Azərbaycanın maraqlarına xidmət etmək üçün yardımlar etməyə başladı. Müxtəlif sənədlər qəbul olundu. Əlbəttə, bu mənada ən mühüm sənədlərdən biri 2001-ci ilin 23 mayında qəbul olunmuş “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə” sərəncam idi. Bu sərəncam xaricdə yaşayan həmvətənlərimizin dövlətimiz ilə əlaqələrinin möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyətləri və təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün tarixi sənəd hesab olunur. 2001-ci il noyabrın 9-10-nda Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı baş tutdu. Bu Dünya Azərbaycanlılarının birliyi və təşkilatlanması üçün atılan böyük bir addım idi.
Ümummili liderimiz Heydər Əliyev Dünya Azərbaycanlılarına hər müraciətində Vətənin önəmindən bəhs edir. Kilometrlərlə uzaqda yaşamaq olar, amma Vətəni unutmaq olmaz – ideyası ilə həmvətənlərimizə müraciət edən Heydər Əliyev Dünya Azərbaycanlılarının daşıdığı məsulliyyəti də onlara bildirməyi unutmur: “Hər bir azərbaycanlı Azərbaycana ata ocağı kimi baxmalıdır”.
“Ne mutlu türküm diğene” “Bir millət, iki dövlət”
Mustafa Kemal Atatürk Heydər Əliyev
Tarix boyu Türkiyə ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlıq əlaqələri olub. Bu həm iki ölkənin yerləşdiyi coğrafi mövqe, həm də etnik yaxınlıqdan irəli gəlib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında da Türkiyənin köməyini danmaq olmaz. Ancaq bu əlaqələr Sovet hakimiyyətinin Azərbaycanda bərqərar olmasından sonra kəsildi. Türkiyəylə Azərbaycanın tarixi dostluğunu bilən Sovet rejimi, əlbəttə, buna imkan verə bilməzdi. Lakin müstəqilliyimizi bərpa edəndən sonra Türkiyə ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirən Azərbaycan Respublikası qardaş xalqla yenidən yaxınlaşmağa başladı. Xüsusilə, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı mərhələni qiymətləndirmək lazımdır. Heydər Əliyev təkcə siyasi əlaqələrin yox, həm də iqtisadi, sosial və digər sahələrdə də əlaqələrin bərpa edilməsi istiqamətində tədbirlər görməyə başladı. Dili bir, qanı bir qardaşlarımızla tarixi dostluğumuzu bərpa etdik. Bu dostluğu və birliyi, əlbəttə, Ümummilli liderimizin sözləri qısa və dolğun şəkildə əks etdir: “Bir millət, iki dövlət”.
“Təhsil millətin gələcəyidir”
Heydər Əliyev
Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan bu gün dünya siyasi arenasında öz sözünü deməyi bacarır. Ümummilli lider bunu savadlı gənclərimizin hesabına edib. Dahi lider başa düşürdü ki, təhsilsiz millətin gələcəyi ola bilməz. Buna görə təhsilin inkişafı ilə bağlı müəyyən qərarlar qəbul olundu. Ancaq ən böyük diqqət azərbaycanlı gənclərin xaricə göndərilməsi idi. Dövlət proqramına əsasən savadlı gənclərimiz dünyanın ən inkişaf etmiş universitetlərinə oxumağa göndərildilər. Heydər Əliyev yaxşı bilirdi ki, onlar Vətənə qayıdandan sonra ölkəmiz üçün çox xeyirli işlər görəcəklər. Oxuduğu yerdə qalıb işlərini davam etdirənlər isə Vətənə daha böyük xeyir verə bilərdilər: Onlar Azərbaycanın xaricdə döyünən ürəyi, carçıları olacaqdılar. Onlar Azərbaycan diasporunun yaradıcıları və nümayəndələri kimi fəaliyyət göstərəckdilər.
Çox keçmədən bu siyasət özünü doğrultmağa başladı. Təhsilli gənclərimiz Azərbaycanın maraqlarını xaricdə müdafiə etməyə başladılar, milli mədəniyyətimizin təbliğatçılarına çevrildilər. Bunlar hamısı müstəqillik qazanandan sonra yaranan Azərbaycan diasporunun ilk addımları idi. Zaman keçdikcə bu sahədə daha inamlı addımlar atıldı. Artıq Dünya siyasi arenasında qüdrətlənən Azərbaycan öz sözünün rahatlıqla deyə bilən diaspora təşkilatları yaratdı. Hazırda Rusiyada Leyla Əliyevanın rəhbərliyi ilə fəaliyət göstərən AMOR təşkilatını bu sahədə xüsusi vurğulamaq lazımdır.
Rusiyada, təxminən, 3 milyon azərbaycanlı yaşayır. Həmyerlilərimizin sayca bu qədər çox olduğu dövlətdə təşkilatlanması, əlbəttə, gözəl nəticələr verir. Azərbaycanın təbliğatı və tanıdılması üçün əməli addımlar atılır. AMOR təşkilatının həyata keçirdiyi layihələr bu mənada təqdirəlayiqdir.
Leyla Əliyevanın baş redaktorluğu ilə “Bakı” jurnalı nəşr olunur. Jurnal rus və ingilis dillərində çıxır. Rusiya və Avropanın müxtəlif ölkələrində maraqla oxunur. Jurnalın əhatə etdiyi mövzuları nəzərə alsaq (milli dəyərlər, Azərbaycan mədəniyəti, turizm imkanları, bir sözlə, Azərbaycan haqqında hər şey), Azərbaycanın təbliğatında və tanıdılmasında əvəzsiz rol oynadığını qeyd etmək olar. Onu da bildirmək lazımdır ki, jurnal böyük marağa səbəb olub və hər nömrəsi zövqlə oxunur. Jurnal haqqında Leyla Əliyeva tərəfindən yazılan yazının sonunda belə bir cümlə var: “I hope we will all meet in Baku one day” (“Arzu edirəm, bir gün hamımız Bakıda görüşəcəyik”). Bu cümlə təkcə Azərbaycanın qonaqpərvərliyindən xəbər vermir, həm də özündə böyük məna yükü daşıyır: Dünya insanını Azərbaycana çağırır, bununla da turizmin inkişafına xidmət edir. Bu Azərbaycan diasporunun ən böyük uğurlarındandır. Buna görə də Azərbaycan diasporunun yeni mərhələsinin ən böyük zirvəsi kimi məhz Rusiyada fəaliyyət göstərən AMOR təşkilatını göstərmək olar.
“Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
Heydər Əliyev
Ümummilli liderin siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Dünya Azərbaycanlılarının birliyinin yaradılması istiqamətində ümummilli liderimizin işıqlı ideyaları Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Odurki, nəinki öz ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, eyni zamanda, dünya azərbaycanlılarının milli həmrəyliyi və birliyi getdikcə daha sürətlə, möhkəmlənir və dünyada nüfuzumuz artır, azərbaycançılıq ideologiyası dünyada mühüm yerlərdən birini tutur, ona maraq artır. Çünki Azərbaycançılıq ideologiyası inkişafa, tərəqqiyə, sülhə, haqqa, dinc birgəyaşayışa xidmət edir.
Heydər Əliyevin mirası olan müasir Azərbaycanı qorumaq və inkişaf etdirmək hər birimizin borcudur. Biz qədəm qoyduğumuzu sürətli inkişaf yolunda bir yerdə işləməliyik. Dünya azərbaycanlıları həmişə birlik olmalıdırlar. Vətəni unutmaq olmaz! Axı Ümummilli liderimizi Azərbaycanı bizə əmanət edib. O, azərbaycanlı olmağı ilə fəxr edirdi. Biz də fəxr etməliyik!