Bir ölkənin iki hekayəsi
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 22:39 08 iyul 2015 tarixində əlavə olunmuşdur

Təyyarə hava limanına eniş etməyə başlarkən,o,pəncərədən çıl-çıraqlı mənzərəni,başı buludlara yaxın göydələnləri,möhtəşəm yaşıllıqlara bələnmiş park və xiyabanları maraqla seyr edirdi.Mehman olacağı ölkə səmadan çox cəzbedici və şəhanə görünürdü.Təyyarənin yerə enişini səbirsizliklə gözləməyə başladı.Çox tələsirdi ilk dəfə gəldiyi ölkəyə qədəm basmaq üçün...

 Digər sərnişinlər kimi,o da,sıraya durub pasport yoxlamasından keçmək üçün öz növbəsini gözləməyə başladı.Nəhayət ki,sıra ona da çatdı.Pasport-yoxlanış kabinəsinin qarşısına yaxınlaşıb sənədini içəridə əyləşən məmura uzatdı.Pasportu əlinə alan xidmət əməkdaşının onu sərnişindən daha çox müştəri nəzərləri ilə süzməsi bir az canını sıxdı.On altı dəqiqəlik sorğu-sualdan sonra,o,buradakı növbələrin nədən bu qədər uzun sürdüyünü anladı.Yerli-yersiz suallardan yaxasını qurtarıb əşyaları yoxlama bölümünə doğru addımladı.Çiynindəki yol çantasından başqa heç bir yükü yox idi.Yoxlanış zamanı nəzarətçilərin tələb və təkidi üzrə çantasını boşaltmalı oldu.Artıq səmadan böyük həyacanla ilk gəldiyi ölkəni sevərək seyr edən adamdan əsər-əlamət qalmamışdı.Hava limanında qarşılaşdığı mənzərə yol yorğunluğunu belə,ona unutdurmuşdu.Ağır sürən yoxlamaların ardından çıxışa tərəf yol aldı.Ard-arda sıralanan taksilərdən birinə əyləşib qalacağı otelin ünvanını söylədi.Gəlişindən öncə,bu ölkədəki üç ulduzlu otellərdən birində yer bron etmiş,hətta,hava limanı ilə qalacağı otel arasındakı yol məsafəsinə kimi hər şeyi nəzərdən keçirmişdi.Bir saatlıq məsafəni iki saata qət edən taksi,sonunda onu qalacağı otelin qarşısına çatdırdı.Borcunun nə qədər olduğunu soruşarkən aldığı cavab ovqatını tamam təlx etdi.O,35 illik həyatında çox ölkələrdə olmuş,çox şəhərlər gəzmiş,çox taksilərə əyləşib,çox sifarişlər etmiş,ancaq,bu ölkədə ona söylənən xidmət haqqının məbləğini heç yerdə eşitməmişdi.Onu hava limanından otelə gətirən taksi sürücüsünün simasına nəzər saldı.Həyasız görkəmli,şivən xislətli bu adamdan insaf tələb etmək,bu varlıqdan mürvət gözləmək yersiz və mənasız idi.O,tələb edilən məbləği səssizcə ödəyib qalacağı otələ daxil oldu.Burada onu gözləyən başqa bir "sürpriz" vardı. Bron etdiyi yerə görə ödəməli olduğu məbləğ keçərli deyildi.Səbəb isə,yerli vaxtla saatın 24-00 dan bir dəqiqə keçməsi və yeni günə,yeni qiymət tarifləri ilə,daxili qaydalara uyğun avtomatik keçid idi.O,necə bir yerə,necə bir ölkəyə gəldiyini anlamaqda çətinlik çəkməyə başlamışdı.Uzun zamandan bəri,o,bu ölkəni uzaqdan araşdırmış və illər boyu bura gəlməyin xəyalını qurmuşdu.İndi,bu xəyallar onun üçün gerçək olmuş,fəqət,bu gerçəklik get-gedə,onun nəzərlərində bir kabusa dönməyə başlamışdı...

O,bu ölkədə cəmi iki gün qaldı.Gələrkən təyyarənin pəncərəsindən seyr edib feyziyab olduğu ölkənin paytaxtı artıq ona qorxulu yuxuları xatırladırdı.Burada “mamaloqu”olmayan çox nəsnələrə şahid oldu.Möhtəşəm binalar və bu binaların günc-bucağında əsir-yesir gəzib dolananlar,nəhəng körpülər və bu körpülərin altında təkər qaraltmaq üçün müştəri gözləyən körpələr,son model bankomatlar və bu bankomatların qarşısında kredit ödəmək üçün növbəyə duran məzlum simalı adamlar,bir küçədə yan-yana düzülən əczaxanalar və burada dərdlərinə dərman axtaranlar,parklarda oturub dərdi-dərdə qatan qocalar və işsizlikdən giley edən cavanlar,bahalı restoranlarda rəqqasələrin sinəsinə ənam qoyanlar və bir tikə çörək ümidi ilə əl açıb dilənənlər...

Canı heç belə sıxılmamışdı.Bir daha əmin oldu ki,xoşbəxtlik möhtəşəm binalarda,bir-birinə boy göstərən saraylarda,dəbdəbəli villalarda yox,insanların üzünə qonan təbəssümdə,qəlblərini fərah tutan sosial təminatdadır.Bir zamanlar arzuladığı ölkədə iki gün qərar tuta bildi.Bu,yorucu və ağır keçən iki gün ərzində,o,bir ölkənin iki hekayəsini yazdı. Əvvəli nikbin,sonu bədbin bir hekayə-Bir ölkənin iki hekayəsi...


... dəfə oxunub
Qiymət: 10/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
9+29=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0353 saniye