Bir təşəkkür borcu
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:29 27 noyabr 2014 tarixində əlavə olunmuşdur

Elçin müdiri Mehman bəyin tapşırıqlarını tamamlayıb gözdən keçirtdikdən sonra masa arxasından qalxdı. Qovluğu əlinə alıb kabinetdən çıxışını etdi. Ofeliya ilə qarşılaşanda özündən asılı olmayaraq gülümsədi. Çilli qızdan xoşu gəldiyini gizlətmirdi. Qızın qarşılıqlı təbəssümündən ruhlanıb onunla bir-iki kəlimə etmək istəyirdi ki,  "hörmətli" müdirinin yüksələn səsini eşitdi:
-Elçin, sənədlər?!
Ofeliyanın tələsik getməsini izləyib dərindən nəfəs alan Elçin müdirin kabinetinə doğrulanmağa başladı. Kandarda dayanmış Mehman bəyə isti gülümsəmə bəxş etmək istəyirdi ki, müdiri kobudcasına çevrildi. Əyləşib rahatladıqdan sonra -Sənədlər, cavan oğlan!-deyə az qala çığırdı.
Artıq bu duruma öyrəşdiyindən özünü soyuqqanlı aparmağı bacarırdı. Halbuki ilk günlərdə  özünü itirdiyindən onun yardımına iş yoldaşlarından biri qoşmuşdu.
-Buyurun, Mehman müəllim...
İş vaxtı bitmişdi, amma Elçin "cəzalı" idi. Hörmətli Mehman "müəllim" ona daha iki ağır tapşırıq vermişdi. Vaxt gedirdi. Nəhayət! Qovluqları qapadaraq masa kənarına qoydu. Boynunu ovxaladı. Beli də ağrıyırdı üstəlik. Yayxanıb gözlərini yumdu.
Mehman bəyin diktatorluğunu bilməyən yox idi. Elçin hər nə qədər bu adama nifrət etsə də, səsini çıxartmamağa qərarlı idi. Baho! Kimin cəsarəti çatardı Mehman müdirə bir-iki kəliməlik etirazını bildirsin?! Elə o dəqiqə işdən qovulma. Amma bununla kifayətlənmirdi ki! Əlaqələrini işə salıb o adama bütün qapı-pəncərələri bağlatdırırdı. Perspektivli gənclərin sonu ya fəhləliklə, ya satıcılıqla, ya da cinayətkarlıqla bitirdi. Bax belə...  
Taksiçiyə istiqamət verib gözlərini yollara dikdi. Qaranlıq bütün varlığı üçün çöküntüsünü davam etdirirdi. Art-Klub. Sürücüyə dayanmaq göstərişi verib hesabını ödədi. Giriş edərkə parlaq effektdən gözləri qamaşdı.
Və uzaqdan gördüyü tanış şəxsə görə özünü buraya ayaq basdığına min dəfə lənətlədi. Bu şəxs Mehman müdirin rəqibi idi. İki şirkətin rəqabəti iş adamları tərəfindən böyük maraq və həyəcanla izlənilirdi.
Fikrət Əlibəylinin əlində qədəh rahatlıqla ona doğru gəldiyini görcək geriyə dönüb işıq sürətilə getməyi hər nə qədər çox istəyirdisə, sanki gözəgörünməz mane ilə qarşılaşdığından mıxlanmış ayaqları qopmaq bilmirdi.
-Ooo! Kimlər təşrif buyurub!
Yaşı 50-ni keçməsinə rəğmən gənclik təravətini qoruyub saxlaya bilmiş Fikrət məşhur "Hollivud təbəssümü"nü işə saldı. O, bu gənci bir-iki dəfə uzaqdan-uzağa görmüşdü.
Elçin onu yavaş-yavaş bürüyən gərginlikdən qurtulmaq istəyirdi. Əllərini yumruqlayıb dodaqlarını zorla aralayaraq fısıltı ilə -İcazənizlə- deyib çevrilməyə macal tapmamış Fikrət cəld davranıb onun qolundan tutub saxladı.
-Bax bu olmadı, cavan oğlan!
-Fikrət bəy...
-Şşş. Heç bir etiraz-filan yoxdur. Buyurun.
Art-klubun bir tərəfində gənc rəssamların əl işləri nümayiş etdirilirdi. Elçin bir neçə rəsm nümunəsinə tamaşa edərkən Fikrət onu analiz edirdi. Qədəhi dodaqlarına yaxınlaşdırıb qurtum aldıqdan sonra gözlərini qıyaraq gülümsədi.
-Səni o canavarın yanında tutub saxlayan nədir?
Qəfil sualdan diksinən Elçin gözlərini uzun müddət rəsm əsərindən çəkmədi. Amma Fikrətin baxışlarını öz üzərində hiss edirdi.
Art-klubun digər tərəfində Bethovenin "Ay sonatası" öz möhtəşəmliyi ilə səslənirdi. İncəsənət aşiqləri bir-birləri ilə səmimi söhbətlərini davam etdirirdilər.
Elçinin eyvana getdiyini izləyən Fikrət başını yüngülcə yellədərək ofisiantın məcməyisindən 2 şampan qədəhi götürdü.
-Əslində, bilirəm,-deyib qədəhi Elçinə uzatdı.-Xəstə qardaşına görə. Səni o işlə təmin edib. İndisə ağır xəstədir deyə...
-Kifayətdir!-Elçin soyuq tonla bildirdi.-Bir daha...
-İçin, cavan oğlan,-Elçinin bozaçalar gözlərinə baxan Fikrət astaca dedi.
-Lənətə gələsiniz!-pıçıldadı gənc.
Fikrət bir əlini cibində gizlədərək Elçinin üz cizgilərinə tamaşa etməyə başladı.
-Mənə başa sal görüm: Necə dözürsən? Səninlə it kimi davranır. Kefi istəyəndə bir iş əvəzinə 5 iş tapşırır-filan...
Elçin hər nə qədər Fikrətin haqlı olduğunu bilsə də, dinləmək istəmirdi. Qədəhi yarımçıq yerə çırpıb onun yaxasından iki əlli yapışaraq divara sıxdı. Gözlərindən qəzəb saçırdı.
-Bura baxın, Fikrət bəy, mənə ağıl öyrətməyin! Onsuz da onun necə alçaq bir canavar olduğunu yaxşı bilirəm. Böyük məmnuniyyətlə əlimi qana batırardım. Onsuz da sevdiyim qıza göz dikib, sabah-birisi gün onu da digər qızlarına halına salacaq.
-Və sən, axmaq aşiq, buna icazə verəcəksən, hə?!
-Məndən nə istəyirsiniz?!
-Adam olmağı.
-Rahat buraxın məni,-deyib əllərini Fikrətin yaxasından çəkdi və iri addımlarla uzaqlaşmağa başladı.
-Buna görə mənə təşəkkür edəcəksən,-Fikrət ucadan səsləndi.
Sabahısı gün işə gəlib kabinetinə keçmək istəyirdi ki, iş yoldaşlarından biri müdirin ismarıcını çatdırdı. Mehman onu "təcili" görmək arzusunda idi. Sanki zəlzələnin baş verəcəyini hiss etdi Elçin.
Qapını döydü."Gəl" nidası yüksəldi. Dəstəyi burub qapını açdı. İçəri girdi. Müdiri masa arxasında idi. İş kreslosunda əyləşərək masaya dirsəklənmişdi. Onun qanlı gözləri ilə qarşılaşan zaman özünü toplayaraq aydın səslə bildirdi.
-Buyurun, Mehman müəllim.
Mehman ayağa qalxıb Elçinin qarşısına keçdi. Nifrət qarışıq ifadə ilə bir xeyli gənc simaya tamaşa etdikdən sonra yumruq vurdu.
-Deməli, canavar, hə?! Ah, səni xain!-deyib növbəti zərbəsini işə saldı.-Mənəm səni pulla təmin edən!
Üçüncü şilləni endirməyə macal tapmadı. Elçin onun biləyini tutub möhkəm-möhkəm sıxdı.Qətiyyətli simasını görən Mehmanın gözlərini hədəqəsindən çıxdı...
Fikrət villasında qəzet oxuyurdu ki, birdən qapının zəngi çalındı. Qulluqçu qadın qapını açan kimi içəriyə zorla biri soxuldu. Çığırtı ilə Fikrəti səsləyirdi. Bu-Elçindən başqası deyildi.Fikrət tələsik dəhlizə gələrək onunla üzbəüz dayandı. Qulluqçu qadına getmək əmrini verib Elçinə nəzər saldı. Əllərini belində cəmləşdirib onun danışmasını gözlədi. Elçin hər zaman parçalamağa hazır aslanı xatırladırdı. Əsəblərinə nəzarət etməyə çalışsa da, alınmırdı.
-İstədiyniz bu idi, hə?! Bravo sizə! Alındı.Təbrik edirəm sizi.
-Mənə bir təşəkkür borclusan.
Elçin bir söz demədən evi tərk etdi...




... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+13=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0297 saniye