BİR YAZARIN TALEYİ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 02:29 14 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Darısqal və soyuq  otaq onun balaca “cənnəti” idi. Köhnə yazı masası, qırıq ayaqları səkkiz yerdən mismarlanmış stul, nənəsindən ona miras qalmış qədim kilim, nimdaş  kitab rəfi, bir kənarda tüstülənən  balaca  odun sobası, soba üstündəki  hisli dəmir çaydan yazarın bu, dünyadakı cansız həmdəmləri olmuşdu. O, qələminə dəli aşiqlər kimi sarılmışdı. Qəlbində kök salmış dərdləri, zehnində fəvvarə  vuran  fikirləri o qədər  çox  idi ki, bu fikirlərin qarışmasından, dağılmasından əndişə edərək çox cəld yazırdı. Sobanın üstündə lüləyindən buxar fışqıran çaydanın fərqində deyildi. Otaqdakı rütubətin canına necə əziyyət  verdiyini belə, unutmuşdu. Yazar taleyinin qisməti ilə çoxdan  barışmışdı. Bu, zalım dünyanın  içindəki  olub - bitən nəsnələrdən  yazmağa saysız – hesabsız səbəbləri vardı, dərdli yazarın. Yazdığı cümlələrdə o qədər mətləblər vardı ki, vergüllər nöqtələri uzun – uzadı intizarda saxlayırdı. Yazar  çalışırdı ki, mövzuları ardıcıl sıralasın. Sıraya düzülən iztirab, kədər, haqsızlıq, zülm, xəyanət bəzən uzun növbələr yaradırdı, yazarın saralmış vərəqlərində. Zəngin ədəbsizlər yanında hörmətsiz olmuşdu - yazar. Təlxək və məddahların məsxərəsinə  tuş gəlmişdi – yazar. Şərəfsizlərin “nəsihət” lərindən çox usanmışdı – yazar. Namussuzların “əxlaq” dərsi qarşısında mat qalmışdı – yazar. Ziyası qəlp olan ziyalıcıqların “məsləhəti” yormuşdu - yazarı. Bəli, dünya ona görə münasib yer deyildi. Fəqət Allahın ona bəxş etdiyi ömür payını yaşamalı idi. Bu, ömür karvanının ləyaqətli  sarvanı  kimi yetişməliydi mənzilinin  başına. Onun ruhuna dar  gəlirdi bu, dünya. Hər gün, daha çox soyuyurdu həyatdan, uzaqlaşırdı bu, fani kainatdan. Təsəlli yeri soyuq otağı, köhnə masası, doğma  qələmi, bir də ki, saralmış vərəqləriydi. Sevgisini də, acısını  da, yalnız  bu, cansız əşyalarla paylaşırdı. Ətrafı şoranlaşmış torpağa dönmüşdü. Yuyulub təmizlənsə  belə, bərəkətdən  məhrum,   eroziyaya uğramış bir yerə dönmüşdü yan-yörəsi. Qabiliyyəti  vardı, fəqət evsiz qalmışdı – yazar. İstedadı vardı, lakin, yoxsulluq  içində  ömür keçirirdi - yazar. Təhsili  vardı, amma, işsiz qalmışdı - yazar. Çarəsizliyi acizliyindən deyil, həyasız, abırsız olmamasından qaynaqlanırdı. Yazar, haramların tüğyan etdiyi mühitdə halallıqdan nəsibini almaq istəyirdi. Canının ağrımasından deyil,  ruhunun haram  vəbasına mübtəla olmasından qorxurdu. Bu üzdən  uzaqlaşırdı, bu, zəlil mühitdən. Tənha yazarın həmdəmi elə, öz tənhalığıydı. Bəzən, tənhalıq acı versə də, eyni zamanda aydın düşünmək üçün münasib  bir fürsətdir. Tənhalıqlar içində, tənha yazar özünə  xəyali bir dünya qurmuşdu. Onun dünyasında səmimiyyət, ülvilik, qardaşlıq,  sirdaşlıq hər şeydən öndə gəlirdi. Xəyali olsa da, yazarın yaratdığı dünya kinli könüllərin  saflaşması üçün gözəl bir fürsətdir. Düşüncələrin  paklığı ruhun sağlamlığına, zehnin parlaqlığına dəlalət  edir...

Uzun bir qış gecəsidir.  Tənha yazar, nəm qoxusu verən darısqal otağında yenə, tənha masa  başındadır. Sobadakı odunlar  külə dönüb, soba  üstündəki çaydan buz  kimidir, otaqda dərin bir sükunət var... Yazar heç nəyin fərqində deyil. O, həmişəki kimi,   yenə də, öz xəyali  dünyasındadır. Barmaqlar qələmlə birlikdə hərəkətdə, gözlər saralmış  vərəqlərdə, beyin cümlələri səlis qaydada düzməkdədir...


... dəfə oxunub
Qiymət: 10/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
10+25=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0364 saniye