Bir yurd gördüm
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 10:55 27 noyabr 2014 tarixində əlavə olunmuşdur

Bir yurd gördüm yaralı qartal sayaq.

Neçə ildir, zirvələrdən qovulmuş.

Hər tərəfin vəhşilər tutmuş, nahaq

Qanlı başı şor sularda boğulmuş.

 

Bir yurd gördüm danışdı tarixindən,

Bir zamanlar yer üzünə səs salmış.

Amma bugün bu tarix üzərindən,

“Biri vardı, biri yoxdu” – yazılmış.

 

Bir yurd gördüm sağı soldan ayrılıb,

Ürəyindən ikiyə parçalanmış.

Göz yaşları sərhədində iz salıb,

Möhrünə də “Araz çayı” yazılmış.

 

Bu hökmlə barışmayır axan çay,

Araz sözü “Ər-az” – deyə yozulmuş.

Bu təhqirdən baş götürüb qaçan çay,

Sonda Kürə arxalanmış, qoşulmuş.

 

Bir yurd gördüm əli xamır, qarnı ac.

Başı qızıl, qabar olub əlləri.

İllər ilə qalıbdır yada möhtac,

Qara gəlib əzəlindən günləri.

 

Bir yurd gördüm xəyanətə uğramış,

Şimalından, cənubundan, qərbindən.

Bu torpağın nemətilə boy atmış,

Namərd övlad hiyləsindən, məkrindən.

 

Bir yurd gördüm nakam ata-anatək,

İnciyibdir nankor övladlarından.

Qalmayıbdır zərrə ümid və istək,

Dərddən-qəmdən qəlbi yanır hər zaman.

 

Bir yurd gördüm doğmalara yad olmuş,

Yadlar üçün doğma kimi görünür.

Mərd övladı diyar-diyar qovulmuş,

Dilənçitək yad ellərdə gün sürür.

 

Bir yurd gördüm bəxti qara yazılmış,

Həsrət ilə ürəyini dağlayır.

Qarabağda xəyanətə uğramış,

Gecə-gündüz “ey vay” – deyib ağlayır.

 

Ey yurd, niyə haqqın bərpa olunmur?

Əmr edirmi, “görmə”, – deyə baş sənə?

Niyə sənin üsyan səsin duyulmur?

Dönük düşüb pas tutmuş yaddaş sənə?

 

Ey vətəndən üz döndərən zay, nadan,

Süd əvəzi nə vermiş anan sənə?

Yad ocağa odun olub, köz olan,

Haram imiş damarında qan sənə.

 

Bu yurd anamızın haqq səsindədir.

Vicdan ana haqqını danarmı heç?

Əmanətir, yeri göz üstündədir,

İnsan əmanəti tapdalarmı heç?


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0218 saniye