Bir zaman sevirdim,sevən qəlbimdə
Bir ümman yatırdı sakit axarlı.
Ürəyim hər zaman yar həsrətində
Gözlərim gözündə sorğu-suallı.
Baharda durnalar qayıdan zaman
Sanırdım,qol açıb qanadlanıram.
Qorxu da bilmirdim qardan_yağışdan,
Bilirdim,sən adlı bir dünyadayam.
Arumuz gül açdı,qovuşduq sənlə,
Nağıl xəyalımız həqiqət oldu.
Əlvida söylədik kədərə,qəmə,
Bizi bağlayan da məhəbbət oldu.
Yenə də sevirdim,yaşa dolduqca
Sevgi dünyasında cavanlaşırdım.
Mən səndən bircə gün ayrı qaldıqca
Sənə əziz olub doğmalaşırdım.
...Bir gün çıxıb getdin gözlənilmədən
Sənsizliyin mənə yadigar qaldı.
Nədəndir,bilmirəm sənsizliyimdən
Ömür yollarımı boran-qar aldı.
İndi o günlərdən xatirən qalmış,
Bir də xəyanətin didir qəlbimi.
Demə,şair Mövlud yaddan çıxarmış,
Yenə də sevirəm əvvəlki kimi..
08.04.1982 / Sumqayıt
Mövlud Ağamməd